Mobil versiya
Sevinc Fətəliyeva: Fransa Senatında Azərbaycana qarşı qəbul olunmuş qətnamə tamamilə qərəzli və qeyri-obyektivdir
Tarix: 17-11-2022 | Saat: 14:45
Bölmə:Siyasət | çapa göndər

Sevinc Fətəliyeva: Fransa Senatında Azərbaycana qarşı qəbul olunmuş qətnamə tamamilə qərəzli və qeyri-obyektivdir

Fransa Senatında Azərbaycana qarşı qəbul olunmuş qətnamə tamamilə qərəzli və qeyri-obyektivdir. Bu sənədin qəbul olunması Fransa rəhbərliyinin, o cümlədən parlament üzvlərinin maraqlarından irəli gəlir.

Bu fikirləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Fransada erməni diasporu çox fəaldır və onlar siyasiləşib. Buna görə də, Fransa parlamentariləri bu ölkədə yaşayan ermənilərin səsini qazanmaq üçün belə bir qətnamə qəbul ediblər. Yəni bu, daxili auditoriyaya hesablanmış bir qərardır. Deputatın fikrincə, Fransa siyasi elitasında şəxsi maraqlarını güdən insanlar unudurlar ki, Fransanın milli və qlobal maraqları da var. Məhz bu maraqlara xidmət etmək lazımdır. Lakin Senatda qəbul olunmuş qətnamə Azərbaycan-Fransa münasibətlərinə xələl gətirir. Fransa rəhbərliyinin son vaxtlar artan ritorikası da dövlət maraqlarına zərbə vurur.

“Özünü “demokratiyanın beşiyi” kimi təqdim edən, ATƏT-in Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir. Biz bilirik ki, həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizmi törədib. Amma Fransa bir dəfə də olsun Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar Ermənistana dəstək verdi. Demək olar ki, bu dövrdə Fransa gerçək simasını nümayiş etdirdi. İndiki şəraitdə də Fransanın bu mövqeyi, Senatın qəbul etdiyi qətnamə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə Fransa normallaşma prosesində vasitəçi ola bilməz” – deyə Sevinc Fətəliyeva qeyd edib.

Deputat onu da qeyd edib ki, Fransa prezidenti Emanuel Makron özünü sülh tərəfdarı kimi göstərməyə çalışır. Məsələn, Ukrayna və Rusiya arasında vasitəçilik etməyə çalışır. Amma Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması prosesinə əngəl yaradan mövqe ortaya qoyur. Yəqin ki, onun şəxsi ambisiyaları çox olduğuna görə, belə bir populist addımlara, oyunlara əl atır.

Sevinc Fətəliyeva həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verməsinə də münasibət bildirib. O deyib ki, Mehriban Əliyevanın bu qərarı çox düzgün və mükəmməl diplomatik addımdır.

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun Baş direktoruna məktubunda təşkilatın ideyalarına və dəyərlərinə sadiq olduğunu bildirir. Onun xoşməramlı səfir fəaliyyətinə xitam verməsi təşkilata qarşı addım deyil. Məlumdur ki, UNESCO-nun Katibliyinə Fransa nümayəndəsi rəhbərlik edir. Fransanın nümayəndəsi bu vəzifəyə seçildikdən sonra Fransa Xarici İşlər Nazirliyində öz komandasını UNESCO-ya cəlb edib. UNESCO-da 193 üzv ölkə təmsil olunur. Azərbaycanın bu ölkələrlə sıx əməkdaşlığı var. Amma Fransa bu təşkilatı öz təsiri altına salmağa çalışır. UNESCO Azərbaycanın təşəbbüslərini hər zaman dəstəkləyib. Təşkilatda ölkəmizi dəstəkləyənlər çoxdur. Qoşulmama Hərəkatının sədri kimi də Azərbaycan UNESCO-da kifayət qədər nüfuz qazanıb. Amma bu gün təşkilatın Fransanın təsiri altında olması qəbuledilməzdir. Azərbaycan işğaldan azad olunmuş ərazilərimizə UNESCO-nun missiya göndərməsi üçün dəfələrlə müraciət edib. Amma təşkilatın Fransa nümayəndələrindən ibarət olan katibliyi tərəfindən bu missiyanın göndərilməsinin qarşısı alınır. İndiyə qədər UNESCO-da Mehriban Əliyeva qədər fəal və bu sahədə çox uğurlu fəaliyyət göstərən xoşməramlı səfir olmayıb. Burada itirən UNESCO-dur. Eyni zamanda, təşkilatın baş katibi vəzifəsi də uzun ömürlü deyil və prosedura uyğun olaraq bir müddətdən sonra yeni şəxslə əvəzlənəcək. Bu yaxınlarda təşkilatın 58 üzv dövlətdən ibarət ali orqanı olan İcraiyyə Şurasına Azərbaycanın da seçilməsi, Şurada “Bakı prosesi” ilə bağlı sənədin qəbul edilməsi ölkəmizin nüfuzundan xəbər verir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024