Mobil versiya
Taqət Qurbanov: “Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə erməni qəsbkarlarını əzəli torpaqlarımızdan bir dəfəlik qovdu”
Tarix: 15-11-2022 | Saat: 09:00
Bölmə:Özəl | çapa göndər

Taqət Qurbanov: “Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə erməni qəsbkarlarını əzəli torpaqlarımızdan bir dəfəlik qovdu”

“Bu gün Heydər Əliyev siyasi kursu, Ulu öndərin əsasını qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla davam etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Məhz dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan 2 il bundan öncə özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini geri qaytardı və bununla da ölkənin ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açdı və məhz Azərbaycan bu reallıqların müəllifidir.”

Bunları aia.az-a verdiyi açıqlamasında Xəzər Dəniz Neft Donanmasının rəisi Taqət Qurbanov deyib.

Müsahibimiz Taqət Qurbanov qeyd edib ki, erməni işğalına son qoymaq üçün hərbi əməliyyatların başlanması 2020-ci ilin sentyabrından hələ çox əvvəl artıq tarixi zərurət kimi ortaya çıxmışdı: “Münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində aparılan danışıqlar heç bir nəticə vermirdi. Bu müddət ərzində erməni qəsbkarları xalqımıza qarşı olmazın qanlı cinayətlər törətdilər. Dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Beynəlxalq təşkilatların bütün səyləri münaqişənin dondurulmasına, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan verməməyə yönəlmişdi. Eyni zamanda da erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Cəzasızlıq mühiti, havadarlarının dəstəyi artıq ermənilərin özlərini də hansısa güc sahibi olduqlarına inandırmışdı. Son bir neçə ildə isə ermənilər mütəmadi olaraq bütün sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. Dövlət başçımız gözəl bilirdi ki, Azərbaycan gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq. Və bu gün gəldi, 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu.”

Həmçinin Taqət Qurbanov Vətən müharibəsinin gedişində Şuşanın azad olunmasının həlledici məqamlardan biri olduğunu vurğulayaraq bunları deyib: “Sözsüz ki, 44 günlük Vətən müharibəsinin gedişində Şanlı Azərbaycan Ordusu çox sayda önəmli qələbələr əldə edib. Lakin bu qələbələrin sırasında məhz Şuşa şəhərinin azad olunması xüsusi yer tutur. 2020-ci il noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlar sırasında yer aldı. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.”

Sonda Taqət Qurbanov Ermənistanın törətdiyi hərbi cinayətlərdən danışaraq bildirib ki, artıq bütün dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə gördülər və bundan sonra heç kim onları bu həqiqətlərin əksinə inandıra bilməz: “Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev etdiyi çıxışlarında son dərəcə dəqiq vurğulayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatdırılmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Rəsmi İrəvan bütün bu cinayətlərə görə beynəlxalq müstəvidə hüquqi məsuliyyət daşımalıdır.”

Elbrus Bağırov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024