Mobil versiya
Anar Məmmədov: Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçib
Tarix: 15-11-2022 | Saat: 13:18
Bölmə:Siyasət | çapa göndər

Anar Məmmədov: Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçib

Yarandığı vaxtdan etibarən xalqın, ölkənin milli maraqlarını hər şeydən uca tutan və yalnız bu amallar uğrunda siyasi mübarizəyə qoşulan Yeni Azərbaycan Partiyası şanlı tariximizin parlaq səhifələrindən biri olub qüdrətli Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat vurğulayıb ki, YAP-ın müxalifət partiyası kimi yaranması və qısa müddət ərzində iqtidara gəlməsinin əsasında bir sıra mühüm məqamlar dayanmaqdadır. Həmin dövrdə baş verən ictimai-siyasi proseslərinin təhlilini aparsaq, öncə belə bir nəticəyə gələ bilərik ki, YAP ulu öndər Heydər Əliyevin siyasi-ideoloji konsepsiyası əsasında - xalqın tələb və sifarişləri kontekstində yaranmış partiyadır və ötən 30 ildə həmin ideoloji kursun inkişaf və təkmilləşdirilməsi prosesinin xalq tərəfindən dəstək alması da bu reallığı özündə kifayət qədər ehtiva etməkdədir.

“Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Məhz Ulu Öndərin qayıdışından sonra müstəqilliyimiz təhlükədən xilas oldu, ölkədə sabitlik bərpa edildi və Azərbaycanda bütün sahələrdə inkişafa doğru addımlar atıldı. Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxt səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi. Ölkədə mövcud olan bu şərait Azərbaycanın hər yerində ulu öndər Heydər Əliyevi sevənlərin təşkilatlanmasına şərait yaratdı. 1992-ci ilin ağır günlərində, xüsusən də həmin ilin payızına doğru hadisələrin gərginləşdiyi bir məqamda Heydər Əliyevə edilən çoxsaylı müraciətlərdən sonra Azərbaycanda yeni bir siyasi təşkilatın yaradılması işinə başlandı. Qısa müddətdə görülən işlər öz nəticəsini verdi və 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi.

Ölkənin o zamankı rəhbərliyi tərəfindən Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoyduğu iddia edilsə də, bu konfrans Bakıda yox, məhz Naxçıvanda keçirildi, çünki onun Bakıda keçirilməsinin mümkün olmaması üçün o zamankı AXC-Müsavat cütlüyü bütün “addımları” atmışdı. Bütün bunlara baxmayaraq, ölkənin hər yerindən nümayəndələrin iştirakı ilə baş tutan konfransda çox ciddi qərarlar qəbul olundu, partiyanın Nizamnaməsi, Proqramı, rəhbər strukturu, seçkili orqanları formalaşdı, qarşıda dayanan vəzifələri müəyyənləşdirildi və Heydər Əliyev partiyanın sədri seçildi. Azərbaycan xalqına edilən müraciət nəticəsində bu təşkilatın yerlərdə rayon-şəhər özəkləri yaranmağa başladı. Qısa müddətdə YAP Azərbaycandakı ictimai-siyasi təşkilatlar içərisində aparıcı bir gücə çevrildi. Ölkənin xaosa sürükləndiyi, iqtisadi tənəzzülə uğradığı, separatçılıq meyllərinin güclənməkdə olduğu bir vaxtda bu işi təşkil etmək o qədər də asan deyildi. Yalnız Heydər Əliyev şəxsiyyəti və Heydər Əliyev siyasəti bunun öhdəsindən gələ bilərdi ki, müxalifət partiyası kimi təsis olunan YAP yarandığı vaxtdan bir neçə ay keçdikdən sonra hakim partiyaya çevrildi. Beləliklə, xalqın təkidli çağırışı və həmin dövrdə ölkəni idarə edə bilməyən rəhbərliyin müraciəti ilə Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdı. Azərbaycan xalqının ürəyində bir ümid, xaosa, anarxiyaya, qeyri-sabitliyə, Azərbaycanın məhvə sürüklənməsinə son qoyulacağına böyük inam yarandı və Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu, dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı”, - deyə A.Məmmədov qeyd edib.

Deputat bildirib ki, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır: “Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarının parlaq daşıyıcısı missiyasını şərəflə yerinə yetirir. Partiyanın hər bir üzvü bu ideyaların təbliğatçısıdır”.

Yeni Azərbaycan Partiyasının ötən 30 il ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdıran A.Məmmədov vurğulayıb ki, öz gücünü xalqın dəstəyindən alan YAP ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. YAP-ın həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb. Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunub. Eyni zamanda, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb.

“Bu gün ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır. Ulu öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyası bu gün də müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir və bu, partiyaya ümumxalq inam və etimadının daim artması ilə müşahidə olunur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir”.

Bu gün Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər görülür, yeni iş yerləri yaradılır, yollar, körpülər, məktəblər, tibb ocaqları tikilib istifadəyə verilir. Bir çox beynəlxalq təşkilatların böyük tədbirləri Azərbaycanda keçirilir, çünki ölkəmizə etibar edirlər. Həmçinin xaricdən gələn qonaqlar ölkəmizdəki mühitə, inkişafa heyran qalırlar. Ona görə də, biz öz dövlətimizlə fəxr edirik və fəxr etməyimiz üçün ciddi əsaslarımız var”, - A.Məmmədov bildirib.

Yeni Azərbaycan Partiyasının VII Qurultayında da verilmiş qərarların qarşıya mühüm vəzifələr qoyduğunu qeyd edən deputat gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasını mühüm amillərdən biri kimi dəyərləndirib. “Dövlətimizin başçısı şanlı qələbəmizdə daim bu amilin rolunu xüsusi qeyd edir. Gənclərdə torpaq, Vətən sevgisi onları yumruq kimi birləşdirdi, 30 ilin işğalına son qoymağa, üçrəngli bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandırmağa səslədi və qəhrəmancasına buna nail oldular. Bu günün prioritet məsələlərindən biri şəhid ailələrinə, qazilərimizə diqqət və qayğının göstərilməsidir. Dövlətimiz onları hər cür diqqət və qayğı ilə əhatə edir”,-deyə Milli Məclisin deputatı vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024