Mobil versiya
Eltun Süleymanov: “Yeni Azərbaycan Partiyasının məfkurəsinin əsasını təşkil edən prinsiplər ölkənin siyasi gələcəyinin ideya bazasını formalaşdırır”
Tarix: 15-11-2022 | Saat: 10:40
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Eltun Süleymanov: “Yeni Azərbaycan Partiyasının məfkurəsinin əsasını təşkil edən prinsiplər ölkənin siyasi gələcəyinin ideya bazasını formalaşdırır”

“Ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik qazanmış Azərbaycan faktiki olaraq məhv olmaq təhlükəsilə üz-üzə idi. Həmin vaxt ölkədə gedən proseslər idarəolunmaz xarakter almış, ardıcıl hərbi məğlubiyyələr dərin daxili böhrana yol açmışdı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu. Respublikada ümidsizlik, cəmiyyətdə total apatiya, depressiya hökm sürürdü və ən pisi də bu idi ki, heç bir siyasi qüvvəyə inam yox idi. Torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı qovulmuşdu, Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü. Hətta uzaq perspektivdə belə bu vəziyyətin düzələcəyinə heç bir ümid yox idi. Məhz belə bir ağır məqamda xalqını düşünən, millətinə təəssübkeşlik edən vətənpərvər insanlar ulu öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndər Heydər Əliyev həmin müraciətə belə cavab vermişdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Məhz bundan sonra Azərbaycanın tarixində yeni bir mərhələyə yol açıldı. Ölkə Prezidenti cənab İlham Əliyevin YAP VII qurultayındakı giriş nitqində qeyd etdiyi kimi, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar ulu öndər Heydər Əliyevə müraciət etməklə əslində Azərbaycanı məhv olmaqdan qurtarmış oldular. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmiz tədricən böhran vəziyyətindən çıxaraq inkişaf yoluna qədəm qoydu. Beləliklə də Yeni Azərbaycan Partiyasının özəyini təşkil edən həmin insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşməklə o zaman Azərbaycanın xilas olmasına və inkişaf yoluna qədəm qoymasına möhkəm zəmin yaratmış oldular. 1992-ci ildə ulu öndər Heydər Əliyevin ətrafında formalaşan birlikdən yaranan Yeni Azərbaycan Partiyası əslində bu gün ölkəmizdə müşahidə olunan milli birliyimizin bariz təcəssümüdür.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, 1992-ci ildə Naxçıvanda keçirilmiş təsis konfransında yaradılmış Yeni Azərbaycan Partiyası öz üzərinə böyük tarixi missiya götürmüş oldu: “Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.”

Daha sonra E.Süleymanov partiyanın VII qurultayının ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu vurğulayaraq bunları deyib: “Təkcə Azərbaycanın deyil, həmçinin Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olmuşdur. Bu qurultayda qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Bu gün YAP öz təşəbbüsləri sayəsində ölkəmizdə partiyalararası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. Həmçinin partiyamızın VII qurultayında qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi”, - deyə Eltun Süleymanov öz fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024