Mobil versiya
İlhamə Abdullayeva: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu ədalətlə apardığı müharibədə düşməni məğlub etdi”
Tarix: 06-11-2022 | Saat: 14:28
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlhamə Abdullayeva: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu ədalətlə apardığı müharibədə düşməni məğlub etdi”

“Bu gün Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin ikinci ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu XXI əsrdə genişmiqyaslı hərbi əməliyyatlar apararaq öz ölkəsinin ərazi bütövlüyünü bərpa etmiş ilk ordu oldu. 30 ilə yaxın müddət davam edən erməni işğalı dövründə bu münaqişəni dinc yolla həll etmək səlahiyyətinə malik olan beynəlxalq təşkilatlar işğala son qoymaq üçün heç nə etmədilər və yaxud da etmək istəmədilər. Ölkəmizə və xalqımıza qarşı ikili standartlar tətbiq edildi. Beynəlxalq riyakarlıq Azərbaycana öz problemlərini özünün həll etməli olacağını aşkar şəkildə göstərdi. Lakin Azərbaycan xalqının müdrik rəhbəri, Ölkə Prezidenti cənab İlham Əliyev hadisələrin məhz bu məcrada inkişaf edəcəyini hələ əsrin əvvələrindən çox yaxşı bilirdi. Məhz buna görə də 2003-2020-ci illər ərzində Azərbaycanın Vətən müharibəsinə hazır olması üçün möhtərəm dövlət başçımız tərəfindən bütün zəruri tədbirlər görüldü, məqsədyönlü addımlar atıldı. Bu illər ərzində Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan ölkəyə çevrildi. Məhz bu göstəricilər Vətən müharibəsinin müqəddəratını həll edən əsas amillər kimi çıxış etdi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva deyib.

Müsahibimiz qeyd edib ki, Azərbaycan Prezidentinin 17 il ərzində həyata keçirdiyi zəruri tədbirlər nəticəsində müharibənin sonluğu artıq ilk gündən məlum idi: “2020-ci il sentyabr ayının 27-də Ermənistanın silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq və Vətən torpaqlarını işğaldan azad etmək məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən Azərbaycan Ordusunun başladığı hərbi əməliyyatlar tez bir zamanda geniş miqyas alaraq Vətən müharibəsinə çevrildi. Əslində bu müharibənin nə ilə nəticələnəcəyi ilk gündən məlum idi. Dövlət başçımızın müdrik uzaqgörənliklə son 17 il ərzində həyata keçirdiyi əhatəli və effektiv hazırlıq işlərinin nəticəsi olaraq Azərbaycan istər hərbi potensialına, istər iqtisadi gücünə, istərsə də ölkədə hökm sürən ictimai-siyasi şəraitin əlverişliliyinə görə Ermənistanı qat-qat üstələyirdi. Erməni işğalçıları bu dəfə də dünyada olan havadarlarının dəstəyinə, Azərbaycana ediləcək təzyiqlərə və hətta əgər mümkün olarsa üçüncü tərəf kimi hansısa digər ölkələri münaqişəyə cəlb edə biləcəklərinə ümid edirdilər. Lakin bu dəfə onlar çox ciddi şəkildə yanılmışdılar. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci ilin 8 noyabrında Şanlı Ordumuzun qəhrəman əsgər və zabitləri alınmaz qala hesab edilən Şuşanı indiyədək hərb tarixində misli görünməmiş əməliyyat keçirməklə düşməndən azad etdilər. Şuşanın azad olunmasından dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklə ildırım sürətilə azad olundu. Bundan cəmi bir gün sonra Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli bəyanatla Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu.”

Həmçinin İ.Abdullayeva bu məqamı da vurğulayıb ki, Azərbaycan yalnız torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunması yönümündə bütün imkanlar tükəndikdən sonra bu addımı atmaq məcburiyyətində qalıb: “Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb. Ölkəmiz son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu da dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir haldır. Lakin nə Ermənistan, nə də onun havadarları bu şansı düzgün dəyərləndirə bilmədilər. Buna görə də Azərbaycan özü bu münaqişəni başa çatdırdı, öz ərazilərini işğaldan azad etdi və bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdirməyə müvəffəq oldu.”

Sonda müsahibimiz bu gün azad edilmiş torpaqlarımızda gedən möhtəşəm quruculuq işlərindən bəhs edərək bunları deyib: “Bu gün işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi və yenidən qurulması istiqamətində aparılan işlər birbaşa dövlət başçımızın nəzarətindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, aparılan işlərin gedişi ilə yaxından tanış olurlar. Hazırda Şuşa şəhərində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə layihələr həyata keçirilir. O cümlədən, Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri ilkin layihəyə uyğun olaraq bərpa olunur. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ümumiyyətlə möhtərəm Prezidentimizin ölkənin bütün rayon və bölgələrinə mütəmadi olaraq etdiyi səfərlərin hər biri həmin bölgənin inkişafı baxımından böyük əhəmiyyət kəsb edən hadisəyə çevrilir. Belə səfərlərin gedişində sonradan bölgənin sosial-mədəni həyatında, iqtisadi yüksəlişində xüsusi rol oynayan çox sayda obyekt və müəssisələrin açılışı və ya təməlinin qoyulması artıq çoxdan bir ənənə halını almışdır və bu gün bu möhtəşəm ənənə artıq azad edilmiş ərazilərdə böyük ruh yüksəkliyi ilə davam etdirilir”, - deyə İlhamə Abdullayeva fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024