Mobil versiya
Akif Məmmədov: “Ali Baş Komandan Azərbaycanı qələbələrə aparan müasir ordumuzun qurucusudur”
Tarix: 03-11-2022 | Saat: 09:30
Bölmə:Özəl | çapa göndər

Akif Məmmədov: “Ali Baş Komandan Azərbaycanı qələbələrə aparan müasir ordumuzun qurucusudur”

“Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə təkcə öz ərazilərini işğaldan azad etmədi. Ölkəmizin bu möhtəşəm Qələbəsi həm də bütün Cənubi Qafqazı təhdid edən erməni faşizmini məhv etdi. Bununla da Azərbaycan Ordusu son 30 il ərzində əsas vəzifə kimi qarşısında duran 2 tarixi missiyanı uğurla yerinə yetirmiş oldu.”

Bunları AİA.Az verdiyi açıqlamasında Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov deyib.

Akif Məmmədov bildirib ki, ermənilərin Azərbaycana qarşı işğalçı siyasətinin tarixi 200 ildən artıq dövrü əhatə edir: “Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Ermənilər bu ərazilərdə məskunlaşdıqları ilk dövrdən, XIX əsrin əvvəllərindən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Rəsmi İrəvanın ifrat millətçilik siyasətinin təzahürləri Rusiya inqilablarının yaratdığı şəraitdə özünü daha qabarıq formada göstərməyə başladı. 1905-1907-ci və 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir”, - deyə Akif Məmmədov qeyd edib.

Həmçinin müsahibimiz bildirib ki, erməni işğalına son qoymaq üçün hərbi əməliyyatların başlanmasına dair qəbul edilmiş qərar tarixi zərurət idi: “Münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində aparılan danışıqlar heç bir nəticə vermirdi. Bu müddət ərzində erməni qəsbkarları xalqımıza qarşı olmazın qanlı cinayətlər törətdilər. Dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Beynəlxalq təşkilatların bütün səyləri münaqişənin dondurulmasına, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan verməməyə yönəlmişdi. Eyni zamanda da erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Cəzasızlıq mühiti, havadarlarının dəstəyi artıq ermənilərin özlərini də hansısa güc sahibi olduqlarına inandırmışdı. Son bir neçə ildə isə ermənilər mütəmadi olaraq bütün sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. Dövlət başçımız gözəl bilirdi ki, Azərbaycan gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq. Və bu gün gəldi. 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu.”

Akif Məmmədov Ermənistanın törətdiyi hərbi cinayətlərdən danışaraq deyib ki, artıq bütün dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə gördülər və bundan sonra heç kim onları bu həqiqətlərin əksinə inandıra bilməz: “Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev etdiyi çıxışlarında son dərəcə dəqiq vurğulayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatdırılmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Beynəlxalq ictimaiyyətin susması və bu cür insidentlər ilə bağlı rəsmi bəyanat və ya qətnamələrin qəbul olunmaması “ikili standartlar” siyasətinin təzahürüdür. Hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan bütün bu cinayətlərə görə beynəlxalq müstəvidə hüquqi məsuliyyət daşımalıdır”, - deyə Akif Məmmədov fikirlərini tamamlayıb.

Elman Hüseyinov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə