Mobil versiya
Dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi
Tarix: 25-10-2022 | Saat: 11:30
Bölmə:Siyasət | çapa göndər

Dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi

Azərbaycan və Türkiyə Prezidentləri Şərqi Zəngəzurun hava qapısını dünyaya birgə açmaqla bu birliyin sarsılmazlığını, əbədiliyini bir daha nümayiş etdirdilər. “Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Türkiyə kimi qüdrətli ölkə qardaşımızdır. Bu, bizim üçün böyük xoşbəxtlikdir.

İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi: “Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır.” Cənab İlham Əliyev daim çıxışlarında Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyənin son illər böyük uğurlu yol keçdiyini, dünya çapında güc mərkəzinə çevrildiyini böyük qürur hissi ilə önə çəkərək bildirir ki, Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur.

Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir: “Hər kəs bununla hesablaşmalıdır və hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür.” Dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi İkinci Qarabağ müüharibəsindən sonra daha da yüksək pilləyə qalxıb. Ötən il Qarabağın tacı Şuşa Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəsmiləşməsinə şahidlik etdi. İmzalanan Şuşa Bəyannaməsi gələcək fəaliyyət üçün bir yol xəritəsinə çevrildi. Bu fikri böyük inamla qeyd edirik ki, iki dost ölkə arasında gündən-günə möhkəmlənən münasibətlər, birgə həyata keçirilən layihələr, həmrəyliyimiz, qardaşlığımız bu gün bütün qonşu ölkələr üçün bir örnəkdir. Dövlət başçısı İlham Əliyev onu da qeyd edir ki, əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı. 44 günlük İkinci Qarabağ müharibəsində dünya bu birliyin şahidinə çevrildi. 2020-ci ilin 27 sentyabrından başlanan Vətən müharibəsinin davam etdiyi müddətdə daim Azərbaycanın yanında olduğunu bəyanatları, dəstəyi ilə bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk gündən “Azərbaycan tək deyil” çağırışını etdi. Ölkəmiz Türkiyənin mənəvi və siyasi dəstəyini müharibə başlandığı andan sonadək hiss etdi.

Cəbhədən gələn Qələbə müjdələri iki qardaş ölkədə eyni səviyyədə qeyd edildi. Küçə və meydanlarımızı Azərbaycan və Türkiyənin bayraqları bəzədi. Dövlət başçısı İlham Əliyev Cəbrayılda mətbuata bəyanatında da bu məqama xüsusi diqqət yönəltdi. “Yəqin siz də görürsünüz ki, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır” söyləyən cənab İlham Əliyev bildirdi ki, bu, ürəkdən gələn duyğulardır, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və zəmanəmizin tələbidir. Bu birlik də dünyanın diqqətindən kənarda qalmadı. 2020-ci ilin dekabr ayının 10-da paytaxtımızda keçirilən Zəfər paradını da Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə izlədi. Bu, dostluğun əbədi simvolu idi. Artıq tarixi Zəfərimizin yaratdığı yeni reallıqları yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri də bu birliyin aydın mənzərəsini təqdim edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradındakı nitqində səsləndirdiyi bu fikirləri xatırlatmaq istərdik: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır.

Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.” Bu fikirlərin davamı olaraq Türkiyə Prezidenti oktyabrın 20-də Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirdi ki, bu gün Zəngilanda açılışını etdiyimiz Beynəlxalq Hava Limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm bir layihədə türk şirkətlərinin də yer alması bizim üçün də ayrıca bir iftixar mənbəyidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, böyük tarixi əhəmiyyətə malik Müttəfiqlik Bəyannaməsi dostluğun, qardaşlığın sarsılmazlığının nümayişidir. Bu sənəd əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı özündə bütün məqamları ehtiva edir. Sənəddə göstərilən bütün müddəalar gələcək iş birliyimizin təminatçısıdır.

Nihad Pənahov
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024