Mobil versiya
Füzulinin uğrunda gedən döyüşlərdə Azərbaycanın əldə etdiyi ilk qələbə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Tarix: 19-10-2022 | Saat: 15:16
Bölmə:Siyasət | çapa göndər

Füzulinin uğrunda gedən döyüşlərdə Azərbaycanın əldə etdiyi ilk qələbə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

2020-ci il 17 oktyabr tarixində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək uğrunda ədalətlə apardığı Vətən müharibəsinin gedişində ən önəmli qələbələrdən biri əldə olundu. Həmin gün Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad etdi. Füzulinin işğaldan azad edilməsi müharibənin ümumilikdə gedişinə və müqəddəratına həlledici təsir göstərəcək strateji əhəmiyyətli məsələ idi. Bu da ilk növbədə rayonun coğrafi mövqeyi və ərazisinin böyüklüyü ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Ermənistanın işğalçı silahlı qüvvələri məhz bu istiqamətdə çox güclü müdafiə istehkamları yaratmış və onları 30 il ərzində möhkəmləndirmişdilər. Düşmənin müqaviməti bu istiqamətdə xüsusilə güclü idi. Çünki Ermənistan tərəfi də bilirdi ki, Füzulini aldıqdan sonra artıq Şuşa istiqamətinə getmək üçün Azərbaycan Ordusunun qarşısında daha geniş imkanlar açılacaq. Buna görə də onlar şiddətli müqavimət göstərirdilər. Lakin düşmənin bütün səyləri hədər idi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən torpaqlarını azad etməkdə tam qərarlı olan qəhrəman əsgər-zabitlərimiz bu istehkamları da öz canları, qanları bahasına keçdilər. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edildi.

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Qeyd etmək lazımdır ki, Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycanın əldə etdiyi ilk qələbə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 5 yanvar 1994-cü il tarixində Ümummilli Liderin əmri ilə hücum əməliyyatına başlayan Azərbaycan Respublikası Silahlı Qüvvələri Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdilər. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı.

Azərbaycan öz ərazilərini düşməndən azad etdiyi ilk günlərdən bu torpaqlarda bərpa-quruculuq işlərinə start verib. Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi etdiyi səfərlər görülən işlərin daim diqqət mərkəzində saxlandığını təsdiq edir və eyni zamanda da bu işlərin icrasına ən güclü stimulverici amil kimi təsir göstərir. Əbəs yerə deyil ki, dövlət başçısının hər belə səfəri açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olur. O cümlədən Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci ilin oktyabrın 17-də Füzuli rayonuna etdikləri səfər də xüsusi önəm kəsb etmiş oldu. Səfər çərçivəsində dövlət başçısı və birinci xanım ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoymuşdular. Əlbəttə ki, Azərbaycanın iqtisadi qüdrətini və yaradıcı ruhunu nümayiş etdirən ən bariz nümunələrdən biri də cəmi 8 ay ərzində inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanıdır. Dövlət başçımızın Füzuli ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxışında dediyi kimi, bəlkə də dünya praktikasında, dünya tarixində belə qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Deyildiyi kimi, bütün bunlar Azərbaycanın yaradıcı və sülhsevər ruha sahib olduğunun nümayişidir. Lakin bununla yanaşı hər kəs bilməlidir ki, Azərbaycan sülhü sevdiyi kimi, onu qorumağın da qaydasını bilir və lazım gələrsə, bu sülhə təhdid törədən bütün qüvvələri dəf etməyə hər an hazırdır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025