Mobil versiya
Liderimiz cənab İlham Əliyev Praqada növbəti diplomatik qələbə əldə etdi!
Tarix: 12-10-2022 | Saat: 12:44
Bölmə:Seçki 2024 | çapa göndər

Liderimiz cənab İlham Əliyev Praqada növbəti diplomatik qələbə əldə etdi!

Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 6-da Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştiraka dəvət edilməsi, bu toplantıda Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü və bu görüşdə əldə edilən nəticələr bunu deməyə əsas verir ki, dünyda baş verən və sürətlə dəyişməkdə olan geosiyasi vəziyyət Azərbaycanın nəinki regionumuzda, mübaliğəsiz demək olar ki, dünyada mövqeyini getdikcə gücləndirməkdədir. Qeyd edilən görüşdə əldə edilən razılaşmalar Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasına gətirib çıxara bilər. Ermənistanın Azərbaycanla sərhəddində Aİ-nin mülki missiyasın yerləşdirilməsi haqqında əldə edilən razılaşmalar belə deməyə əsas verir. Ümidvarıq ki, Azərbaycan Prezidentinin düşünülmüş, qəti mövqeyi (Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib) ölkəmizin mənafelərinə uyğun nəticələrin əldə edilməsinə gətirib çıxaracaqdır. Nəzərdə tutulan layihələrin icrası, qlobal iqtisadi münasibətlərə yeni töhfələrin verilməsi üçün isə sülhün imzalanması əsas şərtdir. Bir müddətdir ki, davam edən sülh prosesinə isə günü-gündən yaxınlaşmaqdayıq. Bunu, Praqada Azərbaycan televiziyalarına müsahibəsində Prezident İlham Əliyev də vurğulayıb. Dövlət başçısı ümid etdiyini bildirib ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq: “Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq”.

Praqada cənab Prezident İlham Əliyev və Ermənsitanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş milli maraqlarımıza uyğun nəticələrlə başa çatdı. Azərbaycan növbəti dəfə 44 günlük vətən müharibəsində döyüş meydanında əldə edilən qələbəni diplomatik müstəvidə də davam etdirdi. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etdi və bu birgə bəyanatda öz əksini tapdı. Sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırıldı. Praqa sammitində yekun bəyanatın qəbul edilməsi orada əks olunan fikirlər birmənalı şəkildə Azərbaycan diplomatiyasının uğurudur. Bu uğur onda ifadə olunur ki, qəbul edilmiş bəyanatda Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Dünya gücləri artıq Azərbaycanın əldə etdiyi tarixi Qələbənin yaratdığı reallıqları qəbul edir və faliyyətlərini bu istiqamətdə qurmaq istəklərini nümayiş etdirirlər. Ümumilikdə, bu görüşü Azərbaycan diplomatiyasının növbəti bir qələbəsi olaraq dəyərləndirmək mümkündür. Dövlətimizin haqlı mövqeyi bir daha təsdiqləndi, Azərbaycan öz şərtlərini bir daha diqtə edə bildi. Normallaşma istiqamətində proseslər Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində, milli maraqlarımız tam şəkildə təmin olunmaqla inkişaf etməkdədir.

Regionda təhlükəsizliyin, dinc yaşayış mühitinin formalaşması Ermənistanın siyasi dairələrinin verəcəyi qərardan asılıdır. Hər halda Azərbaycan öz haqlı tələblərini sonadək müdafiə edəcək, Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edəcək. Qərblə Rusiya arasında sıxışıb qalan Ermənistan üçün yeganə seçim sülh prosesini sürətləndirməkdir. Avropa siyasi ictimaiyyətinin bir araya gəldiyi bir platformada 4 tərəfli formatda keçirilən belə bir görüşdə Azərbaycanın 30 il ərzində çalışdığı və diplomatik və hərbi qələbəmizlə başa çatan reallıq yenidən təcəssüm edildi. Bu isə onu göstərir ki, Ali Baş Komandanımız diplomatik müstəvidə uğurlar əldə etməyə davam edir. Cənab Prezident İlham Əliyevin mahir diplomat kimi beş saatdan çox çəkən danışıqlar prosesində bütün təzyiqləri dəf edərək Azərbaycanın prinsipial mövqeyini qətiyyətli şəkildə müdafiə edərək əldə etdiyi bu nəticə diplomatiya tarixinə qızıl hərflərlə yazılmağa haqq qazanmışdır.

Sevinc Əhədova,
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024