Mobil versiya
Qarabağın bərpasında beynəlxalq təcrübədən istifadə edilir.
Tarix: 09-10-2022 | Saat: 13:20
Bölmə:Seçki 2024 | çapa göndər

Qarabağın bərpasında beynəlxalq təcrübədən istifadə edilir.

Məlum olduğu kimi, Respublikamızda ilk dəfə Milli Şəhərsalma Forumu keçirildi. Forum mühüm əhəmiyyətə malik tədbir kimi diqqət çəkdi. Belə bir layihənin işğaldan azad edilən Ağdamda reallaşdırılması, əsas diqqətin münaqişə sonrası bərpanın aparılmasına yönəldilməsi, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalan düşməndən təmizlənən torpaqlarda yaşayış sahələrinin yenidən qurulması baxımından önəmli idi.

Milli Şəhərsalma Forumunun respublikamız üçün indiki vaxtda keçirilməsi təsadüfi deyil. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, yenidən qurulması dövlətimiz tərəfindən qarşıya prioritet vəzifə kimi qoyulub. Bu məsələdə əsas məqsəd ilk gündən keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmaları, ləyaqətli məskunlaşmaları üçün yerlə bir edilən yaşayış sahələrini müasir şəhərsalma prinsipləri əsasında qurmaq olub. Çünki indi hər kəsə məlumdur ki, erməni vandalları tərəfindən işğal altında olan ərazilərimizdə mədəni abidələr, evlər, infrastruktur tamamilə dağıdılıb.

Yeri gəlmişkən, bu miqyasda beynəlxalq bir tədbirin ölkəmizdə keçirilməsi və onun əsas mövzusunun düşməndən təmizlənmiş ərazilərdə dayanıqlı inkişafın təmin edilməsinə həsr olunması təsadüfi deyildi. Çünki uzun illər idi ki, Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsi mənfur düşmənin tapdağı altında idi və həmin ərazilər işğaldan azad edildikdən sonra orada böyük bərpa-quruculuq işlərinə start verildi. Digər tərəfdən, şəhərsalma mövzusunda ölkəmizdə keçirilən bu ilk forumda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, eyni zamanda, 40-dan çox xarici ölkə nümayəndələrinin iştirak etmələri bu tədbirin əhəmiyyətindən xəbər verirdi. Qeyd edək ki, Forumda uzun bir dövrdə işğalçının törətdiyi vandalizm aktları bütün iştirakçıların diqqətinə çatdırıldı. Həmçinin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətində aparılan düşünülmüş ardıcıl və planlı şəkildə görülən işlər barədə ətraflı məlumat verildi. Hazırlanmış planlaşdırma sənədlərinin ardıcıllığı izah edildi. Hansı layihələrin icra olunduğu və qarşıya hansı vəzifələrin qoyulduğu diqqətə çatdırıldı.

Onuda qeyd edək ki, düşməndən təmizlənən ərazilərimizdə görülmüş işlər və reallaşdırılacaq bərpa tədbirləri barədə məlumatlar qonaqlarda yüksək təəssürat yaratdı. Dövlət başçısının birbaşa iştirakı və rəhbərliyi ilə mərkəzi idarəetmə sistemləri, həmçinin qarşılıqlı koordinasiya şəraitində ardıcıl şəkildə gerçəkləşdirilən layihələr xüsusi dəyərləndirildi. Yeri gəlmişkən, bu gün İngiltərə, İsveçrə, Avstriya, Türkiyə və İtaliya şirkətləri işğaldan azad edilən ərazilərimizin yenidənqurma və bərpa işlərinə fəal qoşulub. Həmçinin belə bir nüfuzlu forumda iştirak edən tanınmış qurumların şəhərsalma üzrə mütəxəssislərinin və digər bu istiqamətdə fəaliyyət göstərən ekspertlərin Qarabağda aparılan tikinti-quruculuq işlərinə maraq göstərmələri də diqqət çəkib.

Forumun gedişində xarici mütəxəssislərin dünyanın müxtəlif ölkələrində təcavüzə məruz qalan ərazilərlə bağlı iş təcrübəsindən bəhrələnmək, onların “ağıllı şəhər”, “ağıllı kənd” yanaşmalarına, “yaşıl enerji” zonasının yaradılmasına xüsusi önəm vermələri oldu. Xatırlatmaq yerinə düşər ki, forumda beynəlxalq təşkilatlar tərəfindən bu istiqamətlərdə ölkəmizə hər cür yardım və dəstək göstəriləcəyi bildirildi.

Forumun həm Ağdamda, həm də ADA Universitetində keçirilməsi və bu işə ölkəmizin bütün tanınmış memarlarının, ekoloqlarının, mədəniyyət işçilərinin cəlb edilməsi, qarşılıqlı fikir mübadilələrinin bölüşülməsi imkan verəcək ki, tədbirdə irəli sürülən təklifləri bir daha dəyərləndirək və gələcək işlərimizdə bundan səmərəli istifadə edək.

Nigar Səfxanova,
YAP Göygöl rayon təşkilatı üzrə Üçbulaq kənd ərazi partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024