Mobil versiya
İlham Əliyevin Praqada sərgilədiyi prinsipial mövqe, Paşinyan-Makron planının iflası
Tarix: 08-10-2022 | Saat: 09:31
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlham Əliyevin Praqada sərgilədiyi prinsipial mövqe, Paşinyan-Makron planının iflası

Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında intensiv görüşlər davam edir. Belə görüşlərdən biri Prezident İlham Əliyevin Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən "Avropa siyasi birliyi" Zirvəsində iştirakı çərçivəsində keçirilib. Dördtərəfli görüş Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə təşkil olunub.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Praqaya səfəri və Avropa Siyasi Birliyi samitində iştirakı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Çex Respublikasının baş naziri Petr Fialanın dəvəti ilə baş tutub.

AİA.Az Trend-ə istinadən bildirir ki, ümumilikdə postmüharibə dövründə Bakı ilə İrəvan arasında münasibətlərin normalaşdırılması üçün keçirilmiş görüşlərin baş tutması və dialoqun təşkilində aparıcı rol Avropa İttifaqına və şəxsən Şarl Mişelə aiddir. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 4 dəfə görüşüb. Bundan başqa, Şarl Mişel müxtəlif vaxtlarda Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığı aparıb və sülh gündəliyini müzakirə edib.

Uğurlu Brüssel formatı və İrəvanın sülhə gedən yola atmaq istədiyi sədd

Prezident İlham Əliyev ötən gün Şarl Mişellə keçirdiyi ikitərəfli görüş zamanı deyib ki, Azərbaycan Brüssel formatını dəstəkləyir. Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilmiş ikitərəfli və üçtərəfli görüşlərdən sonra verilən müsbət mesajlar, həmçinin müzakirələrin sülh gündəliyini formalaşdıran və Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında aparılması Brüssel formatını Bakı üçün uğurlu edən səbəblər sırasındadır. Çünki görüşlərdən sonra səsləndirilən bəyanatlarda tamamilə Azərbaycanın maraqları öz əksini tapır. Məsələn, Şarl Mişelin təşəbbüsü ilə təşkil edilən görüşlərdən sonra Birliyin yaydığı bəyanatlarda "Dağlıq Qarabağ münaqişəsi" və "status" ifadələri işlədilmir, Minsk qrupunun ümumiyyətlə adı çəkilmir, Qarabağdakı ermənilər isə Azərbaycan ərazisində yaşayan "etnik qrup" kimi göstərilir. Həmçinin Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasında, xüsusilə Zəngəzur dəhlizinin inşasında maraqlı olan tərəfdir. Sadalanan məqamlardan da aydın olur ki, Brüssel formatında keçirilmiş görüşlər Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində atılan uğurlu addımlardandır.

Bu səbəbdən, Azərbaycan üçtərəfli görüşlərin formatının dəyişdirilməsində, hər hansı qüvvənin formata daxil edilməsində maraqlı deyil. Amma son proseslər göstərir ki, bəzi maraqlı güclər üçtərəfli formatdan razı deyil, danışıqlar prosesində kənarda qaldığı üçün narahatdırlar. Ona görə də hər hansı bir yolla sülh danışıqları prosesinə daxil olmağa çalışırlar.

Məsələn, baş nazir Nikol Paşinyanın Fransa səfəri zamanı Prezident Emmanuel Markonla görüşdə Qarabağda yaşayan ermənilərin "tərəf" kimi masaya otuzdurula biləcəyi ilə bağlı verdiyi bəyanat sülh prosesini təhlükəyə atan məqamlardandır. Təbii ki, Paşinyan bu məqamları özbaşına vurğulamır, ona "Qarabağdakı "erməni kartı"ndan maraqlı güclərin xeyirinə istifadə edilməlidir" təlimatı verilib. O isə təlimatı icra edir. Bəyanatın Fransada səsləndirilməsi isə rəsmi Parisin sülh prosesinə həqiqətən də töhvə vermək niyyətinin olduğunu şübhə altına alır və onun Azərbaycan-Ermənistan danışıqlarında təşəbbüsü ələ alma planlarını iflasa uğradır. Maraqlıdır ki, Paşinyana "erməni kartı"ndan istifadə etməklə bağlı göstəriş verən qüvvələr sülh prosesində hansı ədalətli mövqeyi nümayiş etdirə bilər? Təbii ki, heç bir. Aydındır ki, Qarabağdakı "erməni kartı" tezisi ilə sülh prosesinə daxil olmaq istəyən qlobal oyunçular masada Ermənistanın maraqlarını müdafiə etməyə üstünlük verəcəklər. Təbii ki, Cənubi Qafqazda uzunmüddətli sülh istəyən qüvvə tərəf tutmaz.

Praqa görüşündə Azərbaycana qurulan "tələ" və Prezident İlham Əliyevin prinsipial mövqeyi

Azərbaycan da bəzi siyasi təşkilatların, dövlətlərin və ermənipərəst dairələrin sülh prosesinə gedən yolda Qarabağın erməni əhalisindən maksimum dərəcədə yararlanmağa, Cənubi Qafqazda öz maraqlarını təmin etdirməyə çalışdığını yaxşı anlayır. Prezident İlham Əliyevin Praqa səfərindən bir gün əvvəl Ağdamda keçirilən Milli Şəhərsalma Formunda çıxışı zamanı Qarabağda yaşayan erməni əhalinin gələcək taleyi ilə bağlı səsləndirdiyi fikirlər Bakının bölgədəki "erməni kartı"ndan istifadə etmək istəyən, Brüssel sülh gündəliyində müzakirələrin istiqamətini dəyişməkdə maraqlı olan beynəlxalq oyunçulara verdiyi tutarlı cavab idi.

Sitat: "Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik".

Çox ehtimal ki, Prezidentin Ağdamda Qarabağ ermənilərin gələcək taleyi ilə bağlı dediyi sözlər Praqada Azərbaycan, Avropa İttifaqı Şurası, Ermənistan və Fransa liderləri arasında keçirilən görüşə təsirsiz ötüşməyib. Əminliklə deyə bilərik ki, Prezident Ağdamdakı çıxışı ilə Praqa sammitinə Brüssel sülh gündəliyini dəyişmək məqsədi ilə gələn, öz maraqları üçün masada İrəvanın əlini gücləndirməyə çalışan qüvvələrin planını pozdu.

Praqa görüşünün Bakının maraqlarına uyğun olaraq keçdiyini Prezident İlham Əliyevin dördtərəfli toplantıdan sonra Azərbaycan televiziyalarına verdiyi müsahibə zamanı sülh prosesi barədə səsləndirdiyi fikirlərdən də anlamaq olar. Ölkə başçısı müsahibə zamanı yenə də bölgədəki ermənilərin gələcək taleyi ilə bağlı məsələyə toxunub və bildirib ki, Azərbaycan Qarabağdakı ermənilərin gələcək həyatını heç bir ölkə ilə müzakirə etməyəcək.

Sitat: "Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir".

Prezident qeyd edib ki, Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaq".
Ətraflı

Ölkə başçısının Ağdamda və Praqada Qarabağ erməniləri ilə bağlı səsləndirdiyi fikirlər arasında böyük fərq yoxdur. Yəni ki, Bakı Praqada keçirilən dördtərəfli görüşdə də "Qarabağ erməniləri məsələsi daxili işimizdir və heç bir dövlətlə müzakirə etmirik" mövqeyindən geri çəkilməyib. Aydın olur ki, müəyyən qüvvələrin Qarabağ erməniləri barədə məsələni Brüssel formatına daxil etməklə bağlı planı baş tutmayıb.

Digər tərəfdən, Azərbaycan sülh prosesinə icrası mümkün olmayan idealarla daxil olmaq istəyən qüvvələrə göstərir ki, ən real sülh gündəliyi Şarl Mişelin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşlərdə müzakirə olunur. Prosesə Ermənistanın maraqlarını müdafiə etmək üçün daxil olan hər hansı qüvvə Azərbaycanın mövqeyinə təsir edə bilməz.

Ölkə başçısının müsahibə zamanı səsləndirdiyi fikirlər bir daha göstərir ki, Brüssel formatına, Şarl Mişelin təşəbbüsü ilə keçirilmiş görüşlərdə müzakirə olunan sülh gündəliyinə alternativ yoxdur. Çünki Brüssel sülh gündəliyində Qarabağda yaşayan erməni əhalinin danışıqlar prosesinə daxil edilməsindən, separatçıların "tərəf" kimi göstərilməsindən söhbət gedə bilməz.

Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilmiş görüşlərin sülhə doğru gedən yolda böyük önəmə sahib olduğunu Prezident İlham Əliyevin dördtərəfli toplantıdan sonra "Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm" cümləsi də təsdiq edir.

Sitat: "...Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq ".

Həmçinin Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda qəbul olunmuş bəyanatda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəndin olması, ölkə başçısı İlham Əliyevin siyasi iradəsinin və Aİ lideri Şarl Mişelin təşəbbüsü ilə keçirilmiş Brüssel görüşlərinin məntiqi nəticəsidir.

Bəyanatda deyilir: "Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq".

Bununla da Ermənistan BMT nizamnaməsi əsasında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edir, bölgədə Bakının hakim qüvvə olduğunu təsdiqləmiş olur.

Digər diqqətçəkən çəkən məqam isə Aİ və Fransanın təşəbbüsü ilə yaradılan birgə sərhəd monitorinq missiyasının Azərbaycan ərazisində deyil, Ermənistan sərhədləri daxilində fəaliyyət göstərməsi barədə razılığın əldə olunmasıdır. Azərbaycan öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Bu sərhəd missiyasının Ermənistan ərazisində fəaliyyət göstərməsi ilə bağlı məqam da Praqa görüşünün Azərbaycanın maraqlarına uyğun keçdiyini deməyimizə daha bir əsasdır. Çünki Ermənistan Fransanın ermənipərəst mövqeyinin Praqa görüşünə təsir edəcəyini düşünsə də, Pezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı nəticəsində 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alınıb, İrəvan və Parisin Bakıya təzyiq planı iflasa uğradılıb. Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorunub.

Bir daha aydın olur ki, Azərbaycan öz suverenliyinə dəyər verən, Ermənistan isə beynəlxalq güclərin təzyiqləri qarşısında geri çəkilən, yarım müstəqil dövlətdir.

Cənubi Qafqaza yaxınlaşan sülh və Ermənistanın sülhə gedən yolda son çırpınışları

Bundan başqa, baş nazir Nikol Paşinyan sərhəd missiyasının Ermənistan ərazisində fəaliyyət göstərməsinə razılıq verməklə Rusiyaya qarşı ciddi və yeni hiyləgər addım atmış oldu. Çünki Moskva bölgədə hər hansı xarici missiyanın fəaliyyət göstərməsinə qarşı olduğunu dəfələrlə bəyan edib. Görünən odur ki, Paşinyanın Fransaya güvənib Praqada hər hansı diplomatik uğur əldə etmək cəhdi İrəvanı yeni dilemalarla üz-üzə qoyacaq.

Bu səbəbdən, rəsmi İrəvan anlamalıdır ki, hansısa qlobal oyunçunu sülh prosesinə daxil etmək cəhdləri onun üçün heç bir fayda verməyəcək, əksinə həvadarları isə üz-üzə qoyacaq. Brüssel formatı həm Azərbaycan, həm də Ermənistan üçün ən ideal müzakirə platformasıdır və bu görüşlərdə hər iki tərəf üçün uğurlu nəticələr əldə etmək mümkündür. Ermənistanın hərbi-siyasi rəhbərliyi də Bakının "köhnə qitəyə" təsir imkanlarından, Brüssel formatındakı nüfuzundan yaxşı xəbərdardır və sülh danışıqları prosesinə hansı qüvvənin daxil olmasından asılı olmayaraq, hadisələrin Azərbaycanın maraqlarına uyğun olaraq inkişaf edəcəyini bilir.

Görünən odur ki, Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı nəticəsində istənilən ikitərəfli, üçtərəfli və dördtərəfli görüş Azərbaycan üçün uğurlu keçir və rəmsi Bakının mövqeyində heç bir dəyişiklik yaratmır. Bakı həm Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olunmasında, həm də qalib tərəf kimi yekun müqavilənin Azərbaycanın şərtləri çərçivəsində imzalanmasına nail olacaq. Ermənistan rəhbərliyi buna Prezident İlham Əliyevlə müxtəlif formatlarda keçirilən hər görüşdən sonra biraz daha əmin olur.

Ölkə başçısı müsahibəsi zamanı Bakı və İrəvanın yavaş-yavaş sülhə doğru yaxınlaşdığı ilə bağlı mesaj verib və bildirib ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Görünən odur ki, Ermənistan sülhə gedən yolda son çırpınışlarını etməklə yekunlaşmaq üzrə olan prosesdə hər hansı üstünlüyə nail olmaq istəyir. Amma zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinin və erməni xalqının əleyhinə işləyir. Bu səbəbdən, İrəvan sülh müqaviləsinin tez bir zamanda imzalanması üçün öz öhtəliklərini yerinə yetirməlidir və bölgədə vəziyyəti gərginləşməkdən yayınmalıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024