Mobil versiya
Eltun Süleymanov: “Ermənistan öz beynəlxalq öhdəliklərini pozmaqda davam edir”
Tarix: 05-10-2022 | Saat: 17:04
Bölmə:Manşet / Siyasət | çapa göndər

Eltun Süleymanov: “Ermənistan öz beynəlxalq öhdəliklərini pozmaqda davam edir”

“Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi ermənilər tərəfindən törədilmiş çoxsaylı hərbi cinayətlərin daha bir sübutudur. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində erməni separatçı rejiminin qanunsuz hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən əsir düşmüş 25 şəxsin qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi ümumbəşəri mənəvi və hüquqi prinsiplərin kobud şəkildə pozulmasıdır. 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn Cinayət əməlləridir. Bu əməlləri ilə Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozmuşdur.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz bildirib ki, əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi erməni faşizminin əsl simasını bütün dünyaya bir daha nümayiş etdirən bir faktdır: “Beynəlxalq hüquqda Üçüncü Cenevrə Konvensiyası kimi tanınan “Hərbi əsirlərlə rəftara dair” Konvensiya hərbi əsirlərin hüquqlarını, onlarla davranış qaydalarını, əsirlikdən azad olunma qaydasını müəyyən edərək, belə şəxslərin hərtərəfli müdafiəsini təmin edir. Hərbi əsirlərə münasibətdə əsas beynəlxalq normalardan biri onlarla hər zaman humanist rəftar edilməsidir. Bu normanın tam əksinə olaraq erməni tərəfi hərbi əsirlərlə qəddar, qeyri-insani rəftar etmişdir, onlara işgəncələr verərək, qətlə yetirmişdir. Bununla da Ermənistan hökuməti öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərmiş və eyni zamanda da Azərbaycana qarşı apardığı işğalçı siyasətinin faşist xislətini bir daha bütün dünyaya göstərmişdir. Bu günə qədər Ermənistan 3890 itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında məlumat verməyərək, öz beynəlxalq öhdəliklərini pozmaqda davam edir.”

Həmçinin Eltun Süleymanov Ermənistanın bu gün də hərbi cinayətlər törətməkdə davam etdiyini vurğulayaraq bunları deyib: “Qeyd olunmalıdır ki, basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Azərbaycan ərazilərində basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Beynəlxalq ictimaiyyətin susması və bu cür insidentlər ilə bağlı rəsmi bəyanat və ya qətnamələrin qəbul olunmaması “ikili standartlar” siyasətinin təzahürüdür. Hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır”, - deyə E.Süleymanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024