Mobil versiya
Azərbaycan xalqının nicatı, Azərbaycan dövlətçiliyinin xilası yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında idi
Tarix: 03-10-2022 | Saat: 19:26
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan xalqının nicatı, Azərbaycan dövlətçiliyinin xilası yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında idi

1993-cü ilin oktyabr ayının 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Bu tarixdən etibarən Azərbaycanın suverenliyinə və hətta müstəqil dövlət kimi mövcudiyyətinə olan təhdidlər bir daha geri dönməyəcək keçmişdə qaldı.
Məlum olduğu kimi, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən o dövrkü iqtidarın özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri Heydər Əliyevi dəvət etdi.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli Lİder Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesinə başlanmış və qısa müddətdən sonra bu proses əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz Ulu Öndər Heydər Əliyevin adı və onun fəaliyyəti ilə bağlıdır. Birmənalıdır ki, 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Azərbaycanın Avratlantik təhlükəsizlik institutlarının işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməklə səmərəli əməkdaşlığın genişləndirilməsi ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Ulu Öndərin həyata keçirdiyi xarici siyasət kursu beynəlxalq münasibətlər sistemində Azərbaycanın müstəqil xarici siyasət yürüdən dövlət kimi tanınması, ölkəmizin beynəlxalq nüfuzunun artması baxımından müstəsna əhəmiyyət kəsb edib. Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra qısa müddət ərzində ümummilli lider Heydər Əliyev xarici siyasət sahəsində böyük dönüş yaratdı və ciddi uğurların əldə olunmasını təmin etdi. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və mövqelərinin güclənməsinə dəqiq hesablanmışdı.
Bu gün Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, yüksəlişə və dinamik inkişafa nail olub, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına
tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə