Mobil versiya
Novruzəli Aslanov: “Cəbrayıl Zəfəri Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən qələbələrdən idi”
Tarix: 03-10-2022 | Saat: 14:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Cəbrayıl Zəfəri Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən qələbələrdən idi”

“Cəbrayılın 27 il davam edən işğal dövründə erməni qəsbkarları Azərbaycanın digər işğal altında olan ərazilərində olduğu kimi bu rayonda da xalqımıza, dini, tarixi, mədəni irsimizə qarşı dünya tarixində misli görünməmiş vəhşiliklər törədiblər. 1993-cü ilin 23 avqustunda işğal olunmuş Cəbrayıl rayonunda həmin vaxt mövcud olmuş 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Erməni işğalı nəticəsində rayona ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Artıq bütün dünya, o cümlədən ermənilərin havadarları da görürlər ki, Ermənistanın hərbi-siyasi rejiminin ölkəmizə, xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti soyqırımları, şəhərlərimizdə törədilən terror aktları, tarixi-mədəni abidələrimizə, təbiətimizə və təbii sərvətlərimizə qarşı yol verilən vandallıq və talançılıqdan ibarət olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdə etdiyi çıxışında dediyi kimi, artıq bütün dünya etiraf etməlidir ki, Azərbaycan təkcə özünü müdafiə etməyib, eyni zamanda erməni faşizminin belini qırıb və bütün Cənubi Qafqazı bu təhlükəli bəladan qurtarıb.”

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov səsləndirib.


Daha sonra Novruzəli Aslanov Cəbrayılın işğaldan azad edilməsinin Vətən müharibəsinin gedişində hadisələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən əməliyyat olduğunu vurğulayaraq bunları deyib: “Məlum olduğu kimi, hələ 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənimiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçmişdi. Buna görə də Cəbrayılın azad olunması istiqamətində aparılan döyüşlərin ilk zəfəri kimi məhz Aprel döyüşlərində əldə olunmuş qələbni göstərmək olar. Artıq İkinci Qarabağ müharibəsi zamanı isə Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. 2020-ci il sentyabr ayının 27-də, Vətən müharibəsinin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur etdi. Həmin gün Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildilər. Oktyabrın 4-də isə Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşdü. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər. Vətən müharibəsinin gedişində Şanlı Ordumuz çox şərəfli qələbələrə imza atdı. Lakin onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edildi. Eyni zamanda da böyük uğurla həyata keçirilmiş Cəbrayıl əməliyyatından sonra yaranmış əlverişli şərait imkan verdi ki, tez bir zamanda Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi ordumuz tərəfindən işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.”

Sonda Novruzəli Aslanov bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işləri öz miqyasına və sürətinə görə bütün dünyanı heyrətə gətirib: “Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş bütün digər rayon və bölgələrimizə olduğu kimi, Cəbrayıla etdiyi hər səfərində də müxtəlif obyektlərin təməli qoyulur, açılışı edilir. Bu obyektlərin inşası bir çox sosial-iqtisadi məsələlərin həllində önəmli rol oynayır. O cümlədən 2021-ci il oktyabrın 4-də dövlətimizin başçısı Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında iştirak etmişdi. “Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edir. Yeni hərbi hissə isə bizim sərhədlərimizin möhkəm, lazımi səviyyədə qorunması üçün əlavə imkanlar yaradıb. Həmçinin cənab Prezidentin səfəri çərçivəsində iqtisadi fəallıq üçün önəmli addımlar atıldı. “Araz Vadisi İqtisadi Zonası”nın təməli qoyuldu. Bu, 200 hektarı əhatə edən böyük bir layihədir və bütün bölgənin inkişafına böyük töhfələr verəcək. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin öz çıxışında vurğuladığı kimi, 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024