Mobil versiya
Müstəqillik tariximizin dönüş nöqtəsi
Tarix: 03-10-2022 | Saat: 09:27
Bölmə:Siyasət | çapa göndər

Müstəqillik tariximizin dönüş nöqtəsi

Azərbaycanın tarixində, xalqımızın taleyində elə mühüm günlər var ki, onların önəmi, əhəmiyyəti illər keçdikcə daha dərindən dərk olunur, ən əsası o tarixlərdə gələcəyimizi müəyyənləşdirən yolun başlanğıcı qoyulur. Belə əhəmiyyətli, bugünkü reallıqlarımızın əsasında dayanan günlərdən biri, məhz 1993-cü ilin 3 oktyabr tarixidir. Həmin gün xalqımız özünün gələcək taleyini müəyyənləşdirən, inkişafa, tərəqqiyə gedən yolun əsası kimi dəyərləndirilən bir seçimi etdi. Müasir müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə əlamətdar gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildi.

Ulu Öndər xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin gün Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu.

Müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması istiqamətində ciddi fəaliyyət həyata keçirilridi. Belə bir məqamda, yəni ölkə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. Vəziyyət o qədər gərgin və idarəolunmaz idi ki, hətta o zaman ölkəyə rəhbərlik edən AXC-Musavat cütlüyü belə Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Məhz belə bir çətin dövrdə Heydər Əliyevin Bakıya qayıdışı həyata keçdi və indi siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq hər kəs etiraf edir ki, əgər bu həlledici mərhələdə ulu öndərin qayıdışı baş verməsəydi və 1993-cü ilin 3 oktyabrında hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman inkişaf edən, yeniləşən və güclənən Azərbaycan dövlətindən danışa bilməzdik.

Məhz ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyuldu və ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu. Zaman göstərdi ki, xalq öz seçimində yanılmadı. Azərbaycanın Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi:

H.Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” kimi mühüm tarixi əhəmiyyəti olan sənəd imzalandı, həmçinin ordumuz formalaşdı, ictimai-siyasi sabitlik yaradıldı. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmlənməyə başladı, insanların sosial vəziyyətinin yaxşılaşmasına doğru addımlar atıldı və bu öz nəticələrini verməyə başladı.

1993-cü il 3 oktyabr seçkilərinin bəhrəsini bu gün ölkəmizin ictimai-siyasi həyatında və sosial-iqtisadi inkişafında daha aydın görürük. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi iqtisadi inkişaf baxımından dünyanın aparıcı dövlətlərinin sırasına yüksəldib. Əsrlər boyu azadlıq uğrunda mübarizə aparmış Azərbaycan xalqı məhz ulu öndər Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində müasir beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib.

Əminə Ağazadə
Milli məclisin deputatı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024