Mobil versiya
Qalib dövlət, məğrur xalq kimi başımız uca, alnımız açıqdır
Tarix: 29-09-2022 | Saat: 10:22
Bölmə:Siyasət | çapa göndər

Qalib dövlət, məğrur xalq kimi başımız uca, alnımız açıqdır


Məlum olduğu kimi, 2 il əvvəl Ermənistanın növbəti hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycanın yüksəlişinin, ordumuzun yüksək döyüş qabiliyyətinin təcəssümü olan bu qələbə nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi, respublikamızın ərazi bütövlüyü bərpa olundu. Bu hadisə yalnız müasir müstəqilliyimizin deyil, bütün dövlətçilik salnaməmizin ən böyük hadisələrindən biri olaraq tariximizi şərəfləndirdi, gələcəyimizə işıq saldı, Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı oldu.

Təəsüf ki, müharibə itkisiz olmur. Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsinin başlandığı tarix respublikamızda Anım günü kimi təsis olunub. Bu tarixin əbədiləşdirilməsi zərurəti ona əsaslanır ki, torpaqlarımızı qanı, canı bahasına işğaldan azad edərək tarixi ədalətin bərpasını təmin edən, xalqımızın başını ucaldan qəhrəman hərbçilərimizin qanı yerdə qalmamış, şəhidlərimizin qisası döyüş meydanında alınmışdır. Bu günlərdə xalqımız Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Yeri gəlmişkən, sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər zamanı rayonun Qaraxanbəyli kəndində Anım gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Dövlət başçısı buradan bir daha bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmadı və döyüş meydanında qisasımızı aldıq: "Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin! Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik".

Xatırlatmaq yerinə düşər ki, 2020-ci il sentyabrın 27-də zəfər yürüşünə başlayan Azərbaycan Ordusu ilk olaraq Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı və Böyük Mərcanlı və Nüzgar kəndlərini işğaldan azad etmişdi. Vətən müharibəsində ilk şəhidlərimizi də məhz bu ərazidə vermişik. İşğal dövründə Ermənistan bu ərazilərdə bir neçə mərhələdən ibarət möhkəmləndirilmiş müdafiə mövqeyi, mühəndis-maneələr sistemi yaratmışdı. Lakin bunların heç biri ordumuzun qalibiyyət yürüşünün qarşısını ala bilməzdi və müharibənin ilk günündə artıq düşmənin bütün müdafiə sistemi yarılmış, mövqeləri ələ keçirilmişdi. Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq, ehtiramla anacaq. Həm sentyabr ayının 27-nin Anım Günü kimi təsis olunması, həm də Bakı şəhərinin ən gözəl yerlərindən birində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulması şəhidlərimizin xatirəsinə olan yüksək ehtiramın təcəssümüdür.

Xüsusilə qeyd etməliyik ki, Vətən müharibəsi günlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hər gün irəli getdilər. Bir-birinin ardınca şəhər və kəndlərimiz işğaldan azad edildi. Cəbhənin elə bir istiqaməti olmadı ki, ordumuzun bölmələri hücumda ləngisinlər. Prezident İlham Əliyev xalqa hər bir müraciətində şəhər və kəndlərimizin azad edilməsi müjdəsini çatdırdı. Bu müharibə ilk gündən milli həmrəyliyimizin və milli qürurumuzun təntənəsinə çevrildi. Dinindən, dilindən asılı olmayaraq respublikamızda yaşayan bütün xalqların nümayəndələri torpaqlarımızın azadlığı uğrunda silaha sarıldılar, müqəddəs amal uğrunda Prezident İlham Əliyevin ətrafında sıx səfərbər oldular. Savaşın hər ötən günü xalqımız üçün qürur mənbəyinə çevrildi. Hər addımında Azərbaycan əsgəri tarix yazdı, xalqımızın böyüklüyünü, qəhrəmanlığını dünyaya bəyan etdi. Vətən savaşı günlərində hər bir şəhər və rayonumuzun işğaldan azad edilməsi xəbəri ümumxalq bayramına çevrildi. Əhali bu əlamətdar günləri küçə və meydanlarda milli qürurla, şəhidlərimizi anmaqla qarşıladı. Müzəffər ordumuz düşmənə ən sarsıdıcı, həlledici zərbəni isə Qafqazın incisi, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini işğaldan azad etməklə vurdu. Şuşanın azad edilməsi Azərbaycanın hərb tarixinin ən möhtəşəm hadisəsinə çevrildi. Məhz Şuşanın azad edilməsindən sonra Ermənistan kapitulyasının təsdiqi olan üçtərəfli Bəyannaməyə imza atdı, digər üç rayonumuzun da azad edilməsi ilə bağlı öhdəlik götürdü.

Qeyd edək ki, artıq Dağlıq Qarabağ münaqişəsi bitib. Azərbaycan "dəmir yumruğ"u ilə bu problemə son qoyub. Ərazi bütövlüyünü təmin edən, erməni faşizminin başını əzən Azərbaycan həm də regionda yeni reallıqlar yaradıb. Ermənistanın isə bu reallıqları qəbul etməkdən başqa şansı və yolu yoxdur. Bu baxımdan dövlət və xalq olaraq qarşımızda duran əsas vəzifələrdən biri düşmənin baş qaldırmasına imkan verməməkdir. Sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım gününə həsr olunmuş xatirə lövhəsinin önündən bu barədə xalqımıza çağırış edən Prezident İlham Əliyev deyib: "Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır". Artıq işğala son qoyulub, düşmənin başı əzilib. Qalib dövlət, məğrur xalq kimi başımız uca, alnımız açıqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə indi Azərbaycan tarixinin yeni dövrünü yaşayır. Qarşıdakı illərdə Azərbaycan daha da inkişaf edəcək, həm hərbi, həm iqtisadi qüdrətini artıracaq. Ermənistan isə bir daha işğalçılıq niyyətinə düşə bilməyəcək. Güclü dövlətimizin qarşısında istənilən təhdid aciz qalacaq.

Qeyd edək ki, hazırda işğaldan azad edilmiş bütün rayonlarda kompleks bərpa və yenidənqurma işləri aparılır, düşmənin onilliklər boyu vurduğu yaralar tədricən sağalır. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün vəziyyətləri ilə yanaşı dövlətimizin gücünün təsdiqidir. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür. Quruculuğun əsas ünvanlarından biri də Şuşadır. Qeyd edk ki, düşmən Şuşanı 28 ildə nə qədər cəhd etsə də, erməniləşdirə bilmədi. Çünki bu şəhər Azərbaycan xalqının elə bir abidəsidir ki, onu dəyişmək, özününküləşdirmək, yadlaşdırmaq mümkün deyil. Şuşa heç vaxt yadları qəbul etmədi. Ona görə də ermənilər işğal dövründə bu şəhəri yalnız dağıtmış, talan etmiş, bulaqlarını qurutmuşdular. Bu gün isə Şuşa dirçəlir, bulaqları yenidən çağlayır. Füzulidən sonra Şuşaya da səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərdə inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Yuxarı Gövhər ağa məscidində, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Ən əsası, Şuşada aparılan bərpa və tikinti işləri göstərir ki, şəhərin yenidən qurulması genişmiqyaslı olmaqla, bütün istiqamətləri əhatə edir. Həm yaşayış məhəllələri salınır, həm yeni infrastrukturlar yaradılır, həm də şəhərin tarixi-mədəni abidələri bərpa olunur. İndiyədək şəhərdə bir sıra layihələrin icrası başa çatıb. Beləliklə, Şuşa sürətlə dirçəlir, yeni həyatına qədəm qoyur, Azərbaycanın ictimai və mədəni həyatında tədricən öz yerini tutmağa başlayır.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2022