Mobil versiya
Vətən uğrunda savaşın rəmzi olan “Dəmir yumruq”
Tarix: 26-09-2022 | Saat: 13:29
Bölmə:Siyasət | çapa göndər

Vətən uğrunda savaşın rəmzi olan “Dəmir yumruq”


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.

44 günlük II Qarabağ müharibəsinin başlandığı 27 sentyabr 2020–ci il tarixindən iki il ötür. Bugün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım günüdür. Prezident İlham Əliyevin 2 dekabr 2020–ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27–i Azərbaycanda “Anım günü” kimi qeyd edilir. Torpaqlarımızın mənfur düşmən tərəfindən işğalı 30 ilə yaxın davam etdi. 44 günlük Vətən müharibəsi xalqımızın son 200 illik tarixinin ən şanlı səhifəsini təşkil edir. Tarixə nəzər yetirəndə əvvəlki dövrlərdə də Azərbaycan mənfur ermənilər tərəfindən daim torpaq itkilərinə, soyqırımlara məruz qalmışdır.

1918–1920–ci illər xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırım siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998–ci il 26 mart tarixində imzaladığı fərman ilə 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı günü” elan edilmişdir. 1988–1994–cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%–ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis–Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992–ci il fevralın 26–da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.

2016–cı il aprel ayında Lələtəpə və 2020–ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını bir daha nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişlər.

2020–ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks–hücuma keçmək əmri vermişdir.

Azərbaycan Ordusunun sentyabrın 27–də Qarabağda başladığı uğurlu əks–hücum əməliyyatı nəticəsində noyabrın 9–dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25–də Kəlbəcər rayonu, dekabrın 1–də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022–ci avqustun 26–da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10–da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 7 nəfər itkin düşmüşdür.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olmuşdur.

Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV–ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur .

II Qarabağ müharibəsi xalqımızın qəhrəmanlıq səlnaməsinə yeni səhifələr yazdı. Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. 10 noyabr 2022–ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə Azərbaycanın hərbi–siyasi qələbəsi təsdiqləndi. Qalib Ordumuz düşmənə heç vaxt unutmayacağı dərsi verdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan daim bəyan edir ki, Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruğ”u unutmuasınlar. Hazırda tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycan qalib ölkə olaraq postmünaqişə dövrünün gündəliyini tərdtib edir. Bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşaraq yeni səhifənin açılması üçün ölkəmiz təcavüzkar dövlətə sülh müqaviləsinin imzalanmasının təklif edib. İki ilə yaxındır ki, Ermənistan konkret fikrini bildirmir, törətdiyi təxribatlarla sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir. Azərbaycan ərazi bütövlüyümüzə qarşı hər bir addımın qarşısını qətiyyətlə alır və alacaq. “Dəmir yumruq” əməliyyatından sonra Ermənistan silahlı qüvvələrinə verilən “Qisas” və ”Qətiyyətli cavab” dərsləri Azərbaycan ordusunun artan gücünün göstəricisidir. Dövlət baçısı İlham Əliyev sentyabrın 21–də Laçın rayonuna tarixi səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında səsləndirdiyi “Bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq–abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir” fikirləri dünənimizə baxış fonunda bugünümüzün və gələcəyimizin aydın mənzərəsini təqdim edir.

Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Azərbaycan bu gün xalqın maraqlarına, milli dövlətçiliyin mənafelərinə uyğun şəkildə idarə olunur. Bu isə beynəlxalq aləmdə “xalqın və dövlətin maraqlarını təmin edən idarəçilik nümunəsi” kimi qəbul edilir.



Cəmil Quliyev

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin

direktor köməkçisi, YAP Lənkəran rayon təşkilatının

4 saylı ərazi təşkilatının sədr müavini, tar.ü.f. d.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024