Mobil versiya
Müxtəlif təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.
Tarix: 26-09-2022 | Saat: 11:24
Bölmə:Seçki 2024 | çapa göndər

Müxtəlif təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.

30 illik həsrətə son qoymaq üçün Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Noyabrın 10-da Ermənistan məcburiyyət qarşısında kapitulyasiya aktına imza atıb. Kapitulyasiya aktına görə, bir güllə atmadan noyabrın 20-si Ağdam , 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident cənab İlham Əliyev 27 sentyabr Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

44 günlük müharibə 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələri və hərbi mövqelərimiz atəşə tutuldu. Bu təxribat Azərbaycanın səbr kasasını daşdıran son damla oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

Müharibə günlərində bəşəriyyətə qarşı cinayətlər törədən, Azərbaycanın dinc şəhər və kəndlərini raket bombardmanlarına məruz qoyan Ermənistana qarşı tək bir qınaq belə səslənməmişdir. Söhbət yalnız döyüş zonasına yaxın yox, həm də ondan xeyli uzaq məsafələrdə yerləşən yaşayış məntəqələrindən gedir. Ermənistan məqsədli şəkildə və qəsdən Gəncə, Bərdə, Tərtər, Naftalan, Mingəçevir, Ağcabədi kimi Azərbaycanın şəhərlərinin dinc əhalisinə və mülki infrastrukturuna zərbələr endirmişdir. Bu Birinci Qarabağ müharibəsi dövründə erməni tərəfinin törətdiyi müharibə cinayətlərinə bənzər bir qorxutma və terror taktikası idi. Sadəcə bu dəfə Azərbaycanın mülki əhalisinin qətliamı üçün beynəlxalq konvensiyalarla qadağan edilmiş böyük dağıdıcı gücə malik müasir silah növlərindən və raketlərdən istifadə edildi.

Vətən müharibəsinin getdiyi hər gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları televizor qarşısında nəfəsini tutaraq Ali Baş Komandanın müraciətlərini, sosial şəbəkədə paylaşdığı qələbə tvitlərini gözləyirdilər. Həmin günlərdə bütün Azərbaycan xalqı misilsiz həmrəylik nümayiş etdirmiş, Ali Baş Komandanın və Ordumuzun ətrafında sıx birləşərək vahid ideya-doğma torpaqların işğaldan azad olunması ideyası ətrafında birləşmişdi. Həmrəyliyin bu sarsılmaz gücü əsgər və zabitlərimizi ruhlandırır, düşməndə isə sözlə ifadə edilməyəcək dəhşətə səbəb olurdu.
Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Hazırda işğaldan azad olunmuş torpaqlarda işlər gedir, burada quruculuq işləri sürətlə davam etdirilir. Prezident cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpasını ən vacib məsələ hesab edərək, hər rayona, şəhərə, kəndə şəxsən baş çəkir, tapşırıqlarını verir və onların icrasını yoxlayır. Bu gün qalib olan xalqımız öz doğma torpaqlarına qayıdıb, qurur və yaradır, buna nəinki maddi resurslarını, həm də ruhunu qoyur ki, tezliklə burada həyat yenidən canlansın.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur.
44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

Fəxrəddin Vəliyev
Yeni Azərbaycan Partiyası Şəmkir Rayon Təşkilatının Sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024