Mobil versiya
Tarixi Qələbənin əldə olunmasında ən vacib amillərdən biri ölkəmizdə uğurla həyata keçirilən ordu quruculuğu işi idi
Tarix: 22-09-2022 | Saat: 11:04
Bölmə:Ölkə | çapa göndər

Tarixi Qələbənin əldə olunmasında ən vacib amillərdən biri ölkəmizdə uğurla həyata keçirilən ordu quruculuğu işi idi

Ölkəmizin tarixi Zəfərlə sona çatdırdığı 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən Vətən müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Əlbəttə ki, tarixi Qələbənin əldə olunmasında ən vacib amil ölkəmizdə uğurla həyata keçirilən ordu quruculuğu işi idi. 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o zamandan ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi son 19 il ərzində böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. II Qarabağ savaşının başladığı günə qədər ötən dövr ərzində möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Məhz bu məqsədlərlə ötən 19 il ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlərin, Silahlı Qüvvələrdə aparılan islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə olaraq irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə ən güclü ordular sırasında olduğunu bir daha təsdiq etdi.

Məlumdur ki, erməni lobbisi dünyada hər zaman kifayət qədər təsir imkanlarına malik təşkilat olub. Əlbəttə, onlar bu imkanlara sadəcə öz güclərinə sahib olmayıblar. Bu imkanları onlara verən, onları maliyyələşdirən, yönəldən və təbii ki, onlardan istufadə edən qüvvələr var. Burada xüsusi diqqət yetirməli olduğumuz məqam bu və ya digər məsələdə lobbinin və onu yönəldənlərin maraqlarının nə dərəcədə üst-üstə düşməsi ilə bağlıdır. Bilirsiniz ki, ermənilərdə sədaqət anlayışı tamamilə amorf haldadır. İstənilən an, istənilən müttəfiqə, dosta xəyanətə hazır olmaq onların tarix boyu siyasətlərinin əsasında durub. Bu gün də belədir. Bununla belə, bəlkə də məhz elə buna görə bəzi müstəmləkə əhval-ruhiyəli dünya gücləri Cənubi Qafqazda öz maraqlarından irəli gələrək bu regionda müstəqil siyasət yürüdən güclü Azərbaycanı deyil, hər zaman alınıb-satılmağa hazır olan marionet Ermənistanı aparıcı mövqelərdə görmək istərdilər. Ən azından bu rejimin daim regionun digər ölkələrinə, xüsusilə də Azərbaycana qarşı təhdid və təsir vasitəsi kimi əldə saxlanması həmin ölkələr üçün böyük önəm kəsb edir. Lakin Azərbaycanın hərbi əməliyyatların başlandığı ilk gündən düşmənə ağır zərbələr endirməsi şanlı ordumuzun zəfər yürüşünə çıxdığına və bu yürüşü tam qələbəyə qədər davam etmək iqtidarında olduğuna dair heç kimdə şübhə qoymadı. Təbii ki, belə olan halda Azərbaycanın hərbi əməliyyatları dayandırmasına dair təkidli çağırışların səslənməsi gözlənilən idi. Həm də bu çağırışlar ölkəmizin haqq işinə kölgə salmaq, Azərbaycanın məhz öz torpaqlarını işğaldan azad etmək üçün, öz ərazilərində və beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə savaşdığına dair dünya ictimaiyyətində şübhələr yaratmaq cəhdləri fonunda səsləndirilirdi. 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı demək olar hər gün Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələri hamımız yaxşı xatırlayırıq. Biz xatırlayırıq ki, həmin müsahibələri alan bir çox qərb jurnalistləri necə qərəzli mövqelərdən çıxış edir, hətta Azərbaycanı ittiham etməyə belə çalışırdılar. Lakin Ali Baş Komandan özünün əsaslı və məntiqli cavabları ilə belə cəhdlərin qarşısını dərhal və qətiyyətlə alır, dünya ictimaiyyəti üçün Qarabağ münaqişəsinin tarixi ilə bağlı qaranlıq qala biləcək bir çox məqamları aşkar dəlillərlə təqdim edirdi. Amma bütün bunlara baxmayaraq, Azərbaycan yenə də özünün xoş məramını müharibənin gedişi zamanı bir neçə dəfə ortaya qoydu. Ordumuzun irəliləməsinə və aşkar üstünlüyünə rəğmən üçüncü ölkələrin, o cümlədən Rusiyanın vasitəçiliyi ilə Azərbaycan hərbi əməliyyatların gedişində bir neçə dəfə atəşkəs rejiminə razılıq vermişdi. Lakin hər dəfə də atəşkəsi pozan tərəf yenə də Ermənistan idi. Bütün bunlar bir daha onu göstərir ki, özlərini dünyada sülhün və demokratiyanın daşıyıcıları kimi təqdin etməyə çalışan bir çox qərb dövlətlərinin yürütdükləri siyasət ikili standartlara əsaslanır və əksər hallarda məhz güc amili ətrafında formalaşır.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş antiterror əməliyyatlarına başlanılması barədə qərar 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 02 dekabr 2020-ci il tarixli Sərəncamla 27 sentyabr Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunacaq. Əlbəttə ki, bu Sərəncam da şəhid ruhlarına, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın bariz təzahürüdür.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024