AZ RU Mobil versiya
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır
Tarix: 21-09-2022 | Saat: 12:08
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır

Məlum olduğu kimi, Prezident İlham Əliyev bu günlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənd Sammitində fəxri qonaq qismində iştirak edib. Qeyd edək ki, Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə ciddi münasibətlərə 2015-ci ildə başlayıb. 9–10 iyul 2015-ci ildə Rusiyanın Ufa şəhərində keçirilmiş təşkilatın zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən, Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib. Azərbaycan hazırda ŞƏT-in üzvü olmasa da, dialoq tərəfdaşı statusuna sahibdir.
Prezident İlham Əliyevin Səmərqənddə keçirilən sammitə qatılması ölkəmizlə təşkilat arasında qarşılıqlı dialoqun yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Özbəkistan Prezidentinin dövlətimizin başçısına sammitdə fəxri qonaq qismində iştirak etmək üçün dəvət göndərməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin getdikcə daha da möhkəmlənməsini sübut edir. Eyni zamanda Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun ifadəsidir.

Onu da qeyd edək ki, 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Bu təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın təşkilatda müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Orada təmsil olunan ölkələr də Azərbaycanı öz aralarında görmək niyyətlərini açıq şəkildə bəyan edirlər. Həmin ölkələrlə əməkdaşlıq çərçivəsində Azərbaycan özünün nəqliyyat-logistika imkanlarını daha da artıracaq.

Onu da qeyd etmək vacibdir ki, Sammit çərçivəsində dövlət başçısı bir sıra vacib görüşlər də keçirib. Həmin görüşlərdə də siyasi, iqtisadi və digər mühüm məsələlər müzakirə olunub. Bu da onu sübut edib ki, Azərbaycan həm regionda, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıqda böyük əhəmiyyət daşıyan ölkələrdəndir.

ŞƏT Sammitinin Azərbaycanın sərhədlərinə qarşı Ermənistan silahlı qüvvələrinin növbəti təxribatından sonraya təsadüf etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizin haqq səsini dünyaya çatdırılması baxımından da önəmlidir. Təxribata Azərbaycan Ordusunun cavbabından çıxılmaz vəziyyətə düşən Ermənistanın baş nazirinin ŞƏT-in Səmərqənd Sammitində iştirak etməməsi də ölkəmizin lehinə oldu. Hərçənd ki, belə tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz, qətiyyətli və sərt arqumentləri qarşısında gülünc vəziyyətə düşən Ermənistanın baş naziri Sammitdə iştirakdan itmina etməsi özünün ziyanına oldu.

Ümumiyyətlə, ölkəmizin bu Sammitdə təmsil olunması, Prezident İlham Əliyevin Səmərqənddəki tarixi çıxışı mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışında mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolundan danışıb. Prezident deyib ki, Zəngəzur dəhlizinin açılması da ŞƏT üçün nəqliyyat-logistika sferasında əlavə üstünlüklər yaradacaq: “Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq”. Dövlət başçısı çıxışı zamanı Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların normallaşdırma prosesinə böyük zərbə vurduğunu da həmkarlarının diqqətinə çatdırıb.

Sonda onu da vurğulamaq yerinə düşər ki, Sammit çərçivəsində keçirilən ikitərəfli görüşlərdə də Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Əməkdaşlıq etdiyimiz ölkələrin həm siyasi, həm də iqtisadi baxımdan dəstək göstərməsi region ölkələri ilə əməkdaşlığın çox əhəmiyyətli olduğunu bir daha təsdiqləyir. Bu baxımdan, dövlət başçımızın sammitdə iştirakı göstərdi ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5968 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə