Mobil versiya
Əli Həsənov: "Azərbaycan dünyada sülhün bərqərar olmasına dəstək verir"
Tarix: 25-05-2016 | Saat: 20:38
Bölmə:Siyasət | çapa göndər

Əli Həsənov: "Azərbaycan dünyada sülhün bərqərar olmasına dəstək verir"




Mayın 25-də Bakıda Prezident Administrasiyasının və "The Business Year" jurnalının təşkilatçılığı ilə nəşrin "Azerbaijan-2016" xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.

aia.az-ın Trend-ə istinadən məlumatına görə, təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə "The Business Year: Azerbaijan-2016" nəşrinə həsr olunan videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, baş ofisi Londonda yerləşən "The Business Year" dünyanın müxtəlif bölgələrini - Latın Amerikası, Asiya, Afrika qitələrini əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və işıqlandıran, ətraflı təhlillərlə çıxış edən nüfuzlu şirkətdir. "The Business Year" ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes dairələri tərəfindən maraqla qarşılanır, işgüzar əlaqələrin inkişafına xidmət edir və birgə iqtisadi layihələrin reallaşdırılmasına töhfə verir.

Tədbirdə çıxış edən jurnalın direktoru xanım Betül Çakaloğlu "The Business Year: Azerbaijan-2016" xüsusi buraxılışı haqqında ətraflı məlumat verib. Bildirilib ki, "The Business Year" şirkəti 2011-ci ildən Azərbaycanla əməkdaşlığa başlayıb və ölkəmiz haqqında altı xüsusi buraxılış hazırlayıb və yayıb. Nəşrin builki buraxılışında Azərbaycan Prezidenti İlham Əliyevin "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Bakı Qlobal Forumunun rəsmi açılışındakı nitqi, ayrı-ayrı dövlət və hökumət başçıları ilə müsahibələr, bu il Bakıda təşkil olunacaq "Formula-1" Avropa Qran-prisinin və Dünya Şahmat Olimpiadasının hazırlıq mərhələlərinə həsr olunmuş materiallar, habelə Azərbaycanın dövlət qurumlarının, yerli və ölkəmizdə fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin müsahibələri əksini tapıb.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, "The Business Year" jurnalı Azərbaycanın müxtəlif sahələrinin tarixi inkişafının yazılı salnaməsini tərtib edir: "Siyasətçilərin işi tarixi yaratmaqdır. Jurnalistlərin işi bunu dünyaya çatdırmaqdır. Bu istiqamətdə "The Business Year" jurnalı bu işi layiqincə yetirir. Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın təməlini qoyanda, onun müasir inkişafının konsepsiyasını, strategiyasını və inkişaf yollarını müəyyən edəndə, əlbəttə ki, bu günü görürdü. O bilirdi ki, zaman gələcək, dünyanın aparıcı iqtisadiyyat jurnalı olan "The Business Year" jurnalı Azərbaycana 6 nömrə həsr edəcək".

O əlavə edib ki, jurnalın hər bir nömrəsində həmin ilin bütün sahələri əhatə edən inkişaf salnaməsi yaradılıb: "2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev "Dünyada ilin prezidenti" seçilmişdi və "The Business Year" jurnalı tərəfindən bu mükafat təqdim edilmişdi".

Ə.Həsənov qeyd edib ki, Azərbaycan dünyada sülhün bərqərar olmasına dəstək verir, beynəlxalq hüquq normalarının həyata keçirilməsində mühüm addımlar atır: "Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə dəstək göstərir".

PA rəsmisi Azərbaycanın qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində də əhəmiyyətli rol oynadığını vurğulayıb.

O qeyd edib ki, Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir: "Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib".

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan bir sıra transmilli layihələrə dəstək verir, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin həyata keçirilməsində aktivlik göstərir: "Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Biz bu və ya digər istiqamətlərdə fəaliyyətimizi davam etdirmək əzmindəyik".

Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycanda görülən işlərdən danışıblar.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, "The Business Year" şirkəti Prezident İlham Əliyevi 2015-ci ildə "Dünyada ilin adamı" seçib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024