Mobil versiya
Elbay Qasımzadə : “Ermənistanın faşizmi təbliğ edən hərbi-siyasi rejimi iki il öncə özünün ən dəhşətli kabusu ilə rastlaşdı”
Tarix: 05-09-2022 | Saat: 10:30
Bölmə:Siyasət | çapa göndər

Elbay Qasımzadə : “Ermənistanın faşizmi təbliğ edən hərbi-siyasi rejimi iki il öncə özünün ən dəhşətli kabusu ilə rastlaşdı”

“Bu gün Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin ikinci ildönümünü böyük təntənə ilə qeyd edir. Azərbaycan Ordusu istər 2016-cı ilin aprel ayında Lələtəpə, istərsə də 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı ölkəmizin erməni işğalına öz gücünə son qoymaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirmişdi. Lakin Ermənistan bu döyüşlərdən nəticə çıxarmadı. Azərbaycana qarşı təxribatlar davam etdirildi və 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bu ölkənin faşizmi təbliğ edən hərbi-siyasi rejimi son 30 il ərzində davamlı olaraq təkrarlandığı kimi, bu dəfə də öz himayədarlarının səyləri ilə cəzasız qalacaqlarına əmin idilər. Lakin Azərbaycanın səbr kasası artıq dolmuşdu. Bu dəfə düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu.”

Bu sözləri saytımıza verdiyi açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

Müsahibimiz xüsusi olaraq vurğulayıb ki, bu gün Cənubi Qafqazda sülhün və inkişafın davamlı olması üçün Azərbaycan Ordusu öz döyüş hazırlığını daim ən yüksək səviyyədə saxlamalıdır: “Məlumdur ki, 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o zamandan ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi son 18 il ərzində böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Məhz bu məqsədlərlə ötən 19 il ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlərin, Silahlı Qüvvələrdə aparılan islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə olaraq irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə ən güclü ordular sırasında olduğunu bir daha təsdiq etdi. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş antiterror əməliyyatlarına başlanılması barədə qərar 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır. Yeri gəlmişkən, avqustun 3-də baş vermiş hadisələr də bu deyilənlərin növbəti sübutu oldu. Məlum olduğu kimi, həmin gün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti dəfə terror-təxribatı törətdmişdilər. Bunun nəticəsində bir nəfər əsgərimiz şəhid olub. Lakin Azərbaycan artıq bu kimi cinayətləri cəzasız qoyacaq bir durumda deyil. Şanlı ordumuzun həmin qanunsuz silahlı dəstələrə qarşı keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa yüksəkliklər nəzarətə götürüldü. Bununla da Azərbaycan Ordusu öz qətiyyətini və gücünü bir daha nümayiş etdirmiş oldu.”

Elbay Qasımzadə həmçinin bu gün Azərbaycanda hər bir şəhid ailəsinə, hər bir müharibə qazisinə və iştirakçısına göstərilən dövlət qayğısından da bəhs edərək bildirmişdir ki, bu gün ölkəmizdə həm dövlət, həm də cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən vətəndaşların müharibədən sonrakı mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti son dərəcə önəmli bir faktor olaraq xüsusi diqqət mərkəzindədir: “Bu istiqamətdə ortaya çıxan bütün problemlərin öhdəsindən operativ şəkildə və yüksək effektivliklə gəlinməsi onu göstərir ki, Azərbaycan həqiqətən də bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil kimi məhz vətəndaş məmnunluğu prinsipini tutan dövlətdir. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Ölkə Prezidenti İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin bir təzahürüdür. “Mən hər zaman qazilərin yanında olacağam” – deyən Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş olmuşdur. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025