Mobil versiya
Azər Badamov: Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq çoxşaxəlidir
Tarix: 06-09-2022 | Saat: 10:28
Bölmə:Siyasət | çapa göndər

Azər Badamov: Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq çoxşaxəlidir

Prezident İlham Əliyevin sentyabrın 1-2-də İtaliyaya işgüzar səfəri çox səmərəli və məhsuldar oldu. İtaliyada hökumət böhranı yaşandığı üçün xarici əlaqələr məhdudlaşdırılır, rəsmi qonaqlar qəbul edilmir. Amma dövlətimizin başçısının İtaliya Prezidenti və İtaliya Nazirlər Şurasının Sədri tərəfindən çox yüksək səviyyədə qəbul edilməsi, görüşlərdə səmərəli müzakirələrin aparılması İtaliyanın Azərbaycana verdiyi böyük dəyərdən irəli gəlir. Azərbaycanla strateji tərəfdaş olması və illər əvvəl neft-qaz layihələrimizə dəstək göstərməsi bu gün Avropa İttifaqını çətin günlərin gözlədiyi bir vaxtda İtaliyanı enerji təhlükəsizliyi təmin olunmuş ölkəyə çevirib. Enerji təhlükəsizliyinin təmin olunması milli təhlükəsizliyin təminatına bərabərdir. İtaliyanın neftlə təminatı 100 faiz Azərbaycan tərəfindən həyata keçirilir. Azərbaycan tərəfindən ildə bu ölkəyə 10 milyard kubmetr qaz ixrac edilir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat bildirib ki, ölkələrimiz arasında əməkdaşlıq çoxşaxəlidir və təkcə iqtisadi sahəni əhatə etmir. Ölkələrimiz arasında, həmçinin humanitar və mədəniyyət sahələrində də əməkdaşlıq imkanları reallaşır. Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” və 28 sənəd ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsində mühüm rol oynayıb. Dövlətimizin başçısının budəfəki səfəri zamanı İtaliyanın dövlət və hökumət başçıları ilə görüşlərdə 2020-ci ildə imzalanmış Birgə Bəyannamənin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlər müzakirə edildi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticəyönümlü növbəti addımların müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

“Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf edib. Təbii ki, Azərbaycan səfirliyinin yeni binasının açılması və səfirliyin nəzdində Mədəniyyət Mərkəzinin yaradılması ölkəmizin İtaliyada daha yaxından tanıdılmasına imkan verəcək. Hətta səfirliyin binasının açılışına dəvət olunmuş italiyalı qonaqlar Azərbaycan haqqında məlumatlara və mədəniyyət nümunələrinə baxdıqda heyranlıqlarını gizlətmir, tezliklə ölkəmizə səfər edəcəklərini bildirirdilər. Bakıda yaradılan İtaliya-Azərbaycan Universiteti ilə akademik əməkdaşlıq edəcək İtaliyanın beş aparıcı universiteti ilə sənədlərin mübadiləsi də tarixi hadisədir”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, İtaliyada işgüzar səfər çərçivəsində Prezident İlham Əliyevin “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən Çernobbio şəhərində hər il keçirilən beynəlxalq foruma əsas qonaq kimi dəvət olunması beynəlxalq arenada dövlətimizin başçısına verilən böyük dəyərin göstəricisidir. Çünki bu beyin mərkəzinin fəxri qonaqları aparıcı ölkələrin nüfuzlu dövlət başçıları olurlar. Forumda geniş nitqlə çıxış edən Prezident İlham Əliyev auditoriyanı Azərbaycanın gələcəyə baxışları ilə bağlı məlumatlandırmaqla yanaşı, moderatorun beynəlxalq gündəlik üçün əhəmiyyət daşıyan suallarını da əhatəli və diplomatik cavablandırmaqla dünya səviyyəli Lider olduğunu bir daha göstərdi.

“Rusiya-Ukrayna müharibəsi nəticəsində dünya düzənində yaranmış yeni reallıq ölkələrin beynəlxalq gündəliyinə də yenidən baxılmasını aktuallaşdırıb. Prezident İlham Əliyevin apardığı xarici siyasət Azərbaycanın milli maraqlarına tam cavab verməklə regionun böyük ölkələri ilə əməkdaşlığı dərinləşdirib və müstəqilliyimizin möhkəmlənməsinə yol açıb. Azərbaycanın geosiyasi baxışları və yerləşdiyi coğrafiyasının imkanlarını genişləndirərək beynəlxalq əməkdaşlığa təqdim olunması həm qonşularımız, həm də Asiya və Avropa ölkələri üçün əhəmiyyətimizi artırıb. Dövlətimizin başçısının balanslaşdırılmış müstəqil siyasəti heç bir ölkənin milli maraqlarına zidd olmamaqla yanaşı, Azərbaycanın beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə və siyasi müstəqilliyimizin əsasında dayanan iqtisadi müstəqilliyimizin güclənməsinə yol açır”, - deyə A.Badamov əlavə edib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev “İl Sole 24 Ore” qəzetinin müxbirinə müsahibəsində bu gün regionumuzun və Avropanın həyatı üçün böyük əhəmiyyət kəsb edən müxtəlif suallarını çox məntiqli və diplomatik cavablandırdı. Jurnalistin dövlətimizin başçısına ünvanladığı suallar Azərbaycanın xarici və daxili siyasəti ilə üst-üstə düşdü. Çünki Prezident İlham Əliyevin siyasi kursu sülhə və əməkdaşlığa əsaslanıb. Azərbaycan regionda sülh və əməkdaşlıq mühitinin güclənməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında iştirakını genişləndirmək siyasətini həyata keçirir. Dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycanın baxışları beynəlxalq hüquqa və ədalətə söykənib. Bu baxışlar həm də dünyada baş verən proseslər fonunda Azərbaycanın milli maraqlarının təmin olunmasına və ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024