Mobil versiya
Eltun Süleymanov: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirakı ölkəmizin daim artan nüfuzunun daha bir təzahürüdür”
Tarix: 06-09-2022 | Saat: 10:20
Bölmə:Siyasət | çapa göndər

Eltun Süleymanov: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirakı ölkəmizin daim artan nüfuzunun daha bir təzahürüdür”

“Bu gün Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi özünü bir çox strateji aspektlərdə, o cümlədən bizimlə əməkdaşlıq etmək istəyən Avropa ölkələrinin sayının getdikcə artmasında göstərməkdədir. Məlum olduğu kimi Avropa İttifaqı ölkələri arasında Azərbaycanla daha geniş və möhkəm əməkdaşlıq əlaqələrinə malik olan ölkə İtaliyadır. Hələ 2020-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına olan dövlət səfəri zamanı ölkələrimiz arasında 28 sənəd imzalanmışdı. Həmin sənədlər arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir. Məhz bu sənəd Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafında başlıca plan rolunu oynayır və özündə siyasi dialoq, ticari-iqtisadi münasibətlər, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət, humanitar, müdafiə sahələrində əlaqələrin inkişafına dair xeyli məsələləri ehtiva edir. Dövlət başçımızın cari ilin 31 avqust – 02 sentyabr tarixlərində İtaliya Respublikası Prezidentinin dəvəti ilə Romaya rəsmi səfəri çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması isə ölkələrimiz arasında əməkdaşlığın yeni bir səhifəsini açmış oldu.”

Bu sözləri AİA.Az sayıtına verdiyi açıqlamasında Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Avropanın enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın rolunun bundan sonra daha da artacağını qeyd edən E.Süleymanov bildirib ki, ölkəmizin ötən illər ərzində özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilməsi nüfuzlu beynəlxalq təsisatlar tərəfindən də yüksək qiymətləndirilir: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliyaya səfər çərçivəsində sentyabrın 2-də keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumuna dəvət alması və bu mötəbər tədbirdə əsas qonaq qismində iştirakı ölkəmizə artan marağın daha bir təzahürüdür. Məlumdur ki, “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın senarisi” mövzusuna həsr olunmuş bu Forum 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilib. Bu təsisat Mərkəz Avropada, eləcə də bu məkanın hüdudlarından kənarda əhatəli tərəfdaşlıq şəbəkəsinə malik olmaqla hazırda İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində 1 nömrəli beyin mərkəzi hesab olunur və Avropada ilk onluqda qərarlaşmaqla İtaliya və Avropa şirkətləri üçün əhəmiyyətli olan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif beynəlxalq tədbirlər təşkil edir. “The European House – Ambrosetti” təqdim etdiyi yüksək səviyyəli beynəlxalq müzakirə platformalarında ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirməklə Avropa İttifaqı üçün əlverişli potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə xidmət edir. Bu gün Avropa enerji sahəsində üzləşdiyi böhranla əlaqədar olaraq özünə alternativ enerji mənbələri axtarışını intensivləşdirmək məcburiyyətindədir. Təbii ki, belə bir vəziyyətdə Aİ ölkələrinin diqqəti daha çox etibarlı tərəfdaş olan Azərbaycana yönəlir. 48-ci Çernobbio Forumunda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, 1994-cü ildə, ölkəmiz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət etdi və tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Bu gün də Rusiya-Ukrayna müharibəsi səbəbilə daha da dərinləşən enerji böhranı fonunda, təbii qaz təchizatı məsələsinin avropalıların gündəliyində ən problemli məsələlərdən birinə çevrildiyi bir zamanda Azərbaycan yenidən etibarlı tərəfdaş olaraq diqqətləri cəlb edir. Bu problemin həlli ilə bağlı Avropa İttifaqı ölkələrinin nəzərləri indi Azərbaycana getdikcə daha çox yönəlir. Son dövrlərdə Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır və Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Təkcə son bir il yarım ərzində Azərbaycan artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Lakin Azərbaycan qazına olan tələbat durmadan artır. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu bütün ölkələr üçün böyük perspektivlər vəd edir.”

Azərbaycanın həmçinin bərpaolunan enerji sahəsində də nəhəng potensiala malik olduğunu qeyd edən Eltun Süleymanov vurğulayıb ki, ölkəmizin avropaya elektrik enerjisi ixracı məsələsi də bu gün intensiv müzakirə edilən mövzulardandır: “Çernobbio Forumunda etdiyi çıxışında möhtərəm dövlət başçımız xüsusi olaraq vurğuladı ki, hazırda Avropa İttifaqı və Azərbaycan arasında başlanmış enerji ilə bağlı dialoqa yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen də daxildir. Bu isə artıq Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsidir. Bu mərhələ məhz bərpaolunan enerji mənbələrinə sərmayə qoyuluşunu nəzərdə tutur ki, Azərbaycan artıq bir neçə il əvvəl bu prosesə başlamışdır. İlkin qiymətləndirmələrə görə Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. Azad edilmiş ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Beləliklə, Azərbaycan etibarlı tərəfdaş və böyük enerji ehtiyatlarına malik olan ölkə kimi, Avropanın enerji təhlükəsizliyində rolunu getdikcə artırır və bu zəmində beynəlxalq mövqelərini daha da möhkəmləndirir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024