Mobil versiya
Vüqar Səlimov: “Ermənistanın revanşist qüvvələri öz xalqlarını yeni fəlakətə sürükləməkdədirlər ”
Tarix: 29-08-2022 | Saat: 10:42
Bölmə:Gündəm | çapa göndər

Vüqar Səlimov: “Ermənistanın revanşist qüvvələri öz xalqlarını yeni fəlakətə sürükləməkdədirlər ”

“İki il bundan öncə, 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri il şanlı Azərbaycan Ordusu erməni təxribatlarına birdəfəlik son qoymaq və işğal altında olan Vətən torpaqlarını azad etmək üçün irimiqyaslı hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Bu tarixi Qələbə ilə ölkəmizin ərazi bütövlüyü təmin edildi, tarixi ədalət bərpa olundu.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov deyib.

Müsahibimiz Azərbaycan Ordusunun yeni döyüş taktikasının müəllifi olduğunu da vurğulayaraq bunları deyib: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. O cümlədən ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Həqiqətən də bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Əbəs yerə deyil ki, bir çox aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.”

Həmçinin müsahibimiz Ermənistanın törətdiyi hərbi cinayətlərdən danışaraq bildirib ki, artıq bütün dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə gördülər və bundan sonra heç kim onları bu həqiqətlərin əksinə inandıra bilməz: “Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev etdiyi çıxışlarında son dərəcə dəqiq vurğulayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatdırılmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır.”

Vüqar Səlimov Azərbaycan Ordusunun bundan sonra da hər zaman Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin edilməsi missiyasını şərəflə yerinə yetirmək iqtidarında olduğunu vurğulayaraq bunları deyib: “Təəssüflər olsun ki, bu gün Ermənistanda cərəyan edən hadisələri müşahidə etməklə bu qənaətə gəlmək olur ki, bəzi revanşist əhval-ruhiyəli qüvvələr indiyədək II Qarabağ savaşının nəticələrindən hələ də doğru nəticə çıxarmayıblar. Bu qüvvələr öz xalqlarını yeni fəlakətə sürükləməkdədirlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün çıxışlarında həmin qüvvələrə səslənərək öz xəbərdarlıq mesajlarını verir. Dəmir yumruq yerindədir və bu yumruq istənilən an ölkəmizə qarşı təxribat törədənlərin başını əzməyə hazırdır. Elə bu ayın əvvələrində şanlı Azərbaycan Ordusunun keçirdiyi əməliyyat da bunu bir daha isbatladı. Məlum olduğu kimi, avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusu bölmələrinə qarşı törətdiyi terror-təxribatı nəticəsində ordumuzun bir əsgəri şəhid olmuşdu. Azərbaycan Ordusunun həmin qanunsuz silahlı dəstələrə qarşı keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa yüksəkliklər nəzarətə götürüldü. Bu, bir daha göstərdi ki, Azərbaycan Ordusu bundan sonra da hər zaman Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin edilməsi missiyasını şərəflə yerinə yetirmək iqtidarındadır.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025