Mobil versiya
Əziz Məmmədov:Türk dünyasının birliyinə, həmrəyliyinə növbəti töhfə
Tarix: 29-08-2022 | Saat: 10:28
Bölmə:Siyasət | çapa göndər

Əziz Məmmədov:Türk dünyasının birliyinə, həmrəyliyinə növbəti töhfə


Qədim tarixə malik olan Azərbaycan-Qazaxıstan münasibətləri hazırda yüksələn xətlə inkişaf etməkdədir. Eyni kökə, mədəniyyətə, dilə, dostluq və qardaşlıq ənənələrinə malik olan Azərbaycanın və Qazaxıstanın münasibətlərinin müstəqillik illərində daha da möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin və Nursultan Nazarbayevin xüsusi rolu olmuşdur. Hər iki xalq müstəqillik yolunda inamla irəliləyərək böyük uğurlara, inkişafa nail olmuşdur. Azərbaycan və Qazaxıstan dövlət başçılarının yürütdüyü siyasət türkdilli xalqların milli mənafelərinə tamamilə uyğundur.

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü tarixi və yaddaqalan hadisələrlə zəngin olmuşdur. Qürurverici haldır ki, dövlət başçımız cənab İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif edilmişdir. Bu özü xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, hər iki ölkənin hərtərəfli münasibətlərinin möhkəmləndirilməsi üçün görülən işlərə verilən yüksək qiymətdir.

“Azərbaycan Respublikasının Şuşa şəhəri və Qazaxıstan Respublikasının Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” və ayrı – ayrı sahələr üzrə sənədlərin imzalanması iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsinə böyük töhfə verəcəkdir.
Görüş zamanı “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022 – 2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ın, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin, eyni zamanda 20-dən artıq sənədin imzalanması hər iki ölkənin dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. İndiyədək hər iki ölkə iştirak etdikləri aparıcı beynəlxalq təşkilatlarda geniş və əhatəli məsələlər üzrə fəal əməkdaşlıq etmiş, hər zaman bir-birini dəstəkləmişlər. İki qardaş ölkənin əməkdaşlıq etdikləri çoxsaylı beynəlxalq təşkilatlarda Qazaxıstan və Azərbaycan nümayəndələri sıx qarşılıqlı fəaliyyətdə olmuşlar.

Görüşdə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev cənabları bildirmişdir ki, nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Böyük perspektivə malik olan Orta Dəhliz layihəsinin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühim rolu var. Prezidentimiz əmin olduğunu bildirmişdir ki, iqtisadi-ticari münasibətlər də sürətlə inkişaf edəcəkdir. Əmtəə dövrüyəsinin artırılması üçün hələ böyük ehtiyatlar vardır. Azərbaycan və Qazaxıstan Prezidentlərinin görüşü zamanı həm də gələcək iqtisadi – ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi aparıldı, qarşılıqlı tədarüklərin artırılması konkretləşdirildi. Qeyd olundu ki, həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Bu istiqamətdə səyləri birləşdirməyin artıq vaxtı yetişib.
Görüş zamanı yaddaqalan hadisələrdən ən önəmlisi Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsü oldu. Həmin mərkəzin təqdimatı keçirildi və bu bir daha sübut etdi ki, Qazaxıstan dövləti keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması probleminə səmimi münasibət bəsləyir. Dostluğun, qardaşlığın həmrəyliyin təzahürü olan qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də gələcəkdə Qazaxıstan – Azərbaycan dostluğu mərkəzi kimi fəaliyyət göstərəcəkdir. Bu da bir daha onu sübut edir ki, Qazaxıstan və Azərbaycan Respublikaları bir – birinə çox yaxın, dost və qardaş ölkələrdir.


Əziz Məmmədov
Qazax – Tovuz Regional Təhsil İdarəsinin
Qazax rayon üzrə təhsil sektorunun baş məsləhətçisi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024