Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan-Qazaxıstan strateji əməkdaşlığı bütün Türk dünyasının inkişafına mühüm töhfələr verəcək”
Tarix: 26-08-2022 | Saat: 11:03
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan-Qazaxıstan strateji əməkdaşlığı bütün Türk dünyasının inkişafına mühüm töhfələr verəcək”

“Bu gün Azərbaycanın qarşılıqlı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də Qazaxıstan Respublikasıdır. Məlum olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında münasibətlər dərin tarixi köklərə malikdir. Bu münasibətlərin formalaşmasına təsir edən əsas amillərdən biri də azərbaycan və qazax xalqlarının türkdilli xalqlar olmasıdır. Məhz buna görə də biz hər iki xalqın etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxın olduqlarını deyə bilirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir. Həmçinin öz çıxışlarında dövlətimizin başçısı bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini də hər dəfə xüsusi olaraq qeyd edib. Məhz bu baxımdan da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana etdiyi səfər həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan deputat bildirib ki, bu münasibətlərin mövcud formata keçidinin əsası hələ 2004-2005-ci illərdə ölkələrimiz arasında məlum tarixi sənədlərin imzalanması ilə qoyulub: “Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri 2004-cü ilin mart ayında Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci ilin mayında Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib. Demək olar ki, məhz bu iki tarixi sənədin imzalanması ilə Azərbaycan və Qazaxıstan arasında münasibətlərin yeni, strateji müttəfiqlik mərhələsinə keçidi üçün möhkəm zəmin yaradılıb. Bu zəmin əsasında ötən illər ərzində ölkələrimiz arasında münasibətlər həqiqətən də xeyli inkişaf edib və hazırda mövcud olan səviyyəyə çatıb. Avqustun 24-də hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə isə artıq iki dost ölkənin həm də müttəfiq olduqlarını deməyə əsas verir. Sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan-Qazaxstan münasibətlərinin daha geniş hüquqi bazası yaradıldı. İmzalanmış Bəyannamə və digər sənədlər isə gələcək fəaliyyət üçün çox ciddi baza kimi xidmət edəcək”, - deyə N.Aslanov bildirib.

Daha sonra millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” ali ordeni ilə təltif edilməsi də Qazaxıstan dövlətinin və qazax xalqının Azərbaycana olan səmimi münasibətlərinin daha bir təsdiqidir: “Öz çıxışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xüsusi olaraq vurğuladı ki, bu ölkədə Azərbaycan Prezidenti cənab İlham Əliyevə çox böyük hörmət bəsləyirlər. Möhətərəm dövlət başçımıza Qazaxıstanın ali mükafatı olan “Altın kıran” ordeninin təqdin edilməsi də bu hörmətin daha bir təsdiqidir. Həmçinin mötəbər qonaq öz çıxışında Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsini də mühüm tarixi əhəmiyyət kəsb edən hadisə kimi qeyd edib və bildirib ki, Qazaxıstan Azərbaycana münasibətdə dövlətlərin ərazi bütövlüyü prinsipini həmişə dəstəkləyib. Ölkələrimiz arasında bu prinsipial məsələyə eyni mövqe, eyni yanaşmalar, ortaq baxışların olması da gələcəkdə əməkdaşlığın inkişafı üçün yaxşı əsas olacaq. Həmçinin daha bir diqqətəlayiq məqam bundan ibarətdir ki, Qazaxısatan Prezidentinin ölkəmizə səfəri çərçivəsində Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı keçirildi. Əlbəttə ki, bu da dost ölkənin bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, Qarabağın bərpası işinə töhfəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin öz çıxışında dediyi kimi, Azərbaycan və Qazaxıstan iştirak etdikləri aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, daim bir-birilərini dəstəkləyirlər. Ölkələrimizin əməkdaşlıq etdikləri beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və bütün bu təşkilatlarda Qazaxıstan və Azərbaycan nümayəndələri sıx qarşılıqlı fəaliyyətdədirlər. Birmənalı olaraq demək olar ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və bu əməkdaşlıq formatı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Xəzəryanı ölkələrin və Türk dünyasının inkişafına mühüm töhfələr verəcək”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024