Mobil versiya
Azərbaycan dövləti bütün vətəndaşlarının hüquqlarını eyni səviyyədə təmin edir
Tarix: 16-08-2022 | Saat: 16:40
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan dövləti bütün vətəndaşlarının hüquqlarını eyni səviyyədə təmin edir



Bu gün doğma Azərbaycanımızın bütün rayon və bölgələri özünün ən dinamik inkişaf dövrünü yaşayır. Son on səkkiz il ərzində uğurla həyata keçirilən Regionların iqtisadi inkişafına dair Dövlət Proqramlarının ardıcıl uğurlu icrası nəticəsində rayonların iqtisadi potensialının artması, müasir infrastruktur təminatı, yeni iş yerlərinin açılması və əhalinin rifahının daha da yaxşılaşması təmin edilir. Təbii ki, bütün bu proseslər birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilir ki, məhz bu amil də görülən işlərin effektivliyini və yüksək səmərəliliyini təmin edir. Möhtərəm Prezidentimizin davamlı olaraq rayon və bölgələrə etdiyi səfərlər zamanı görülən işlər, icra olunan layihələr barədə dövlət başçısına detallı məruzələr olunur, hesabatlar verilir. Həmçinin bu səfərlərin gedişində Ölkə Prezidentinin bilavasitə iştirak etdiyi açılış və təməlqoyma mərasimləri görülən işlərin miqyasının göstəricisi kimi çıxış edir.

Növbəti dəfə dövlət başçısının avqustun 12-də Ağsu və İsmayıllı rayonlarına etdiyi səfər də istisna olmadı. Bu səfər çərçivəsində dövlətimizin başçısı bir sıra yeni müəssisələrin açılışında iştirak etdi. İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ölkə Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, son illər həm Ağsuda, həm də İsmayıllıda mühüm infrastruktur layihələri icra edilib və bu proses indi də davam edir. İndiyədək hər iki rayonda qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük işlər görülüb. Xüsusilə yeni iş yerlərinin açılması ilə bağlı böyük layihələr icra edilib. Öz müsahibəsində bu məsələyə xüsusi olaraq toxunan dövlət başçısı bildirdi ki, yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki ölkə əhalisinin sayı durmadan artır və iş yerlərinə tələbat da buna uyğun olaraq artır. O cümlədən Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də bölgə iqtisadiyyatına mühüm töhfələr verir. Belə ki, bu müəssisədə 200-ə yaxın iş yeri açılıb. Səfər çərçivəsində Ölkə Prezidentinin açılışını etdiyi “Basqal Resort & Spa” otelində isə daha 300 nəfərlik yeni iş yeri yaradılır. Qeyd olunmalıdır ki, Azərbaycan dövləti hər zaman həm xüsusi proqram və layihələrin icrası ilə, həm də özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur.

Qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin bu dəfəki müsahibəsi də bir sıra önəmli siyasi məqamları özündə ehtiva etmiş oldu. İlk növbədə dövlət başçısı bildirdi ki, Ermənistanın hələ də 10 noyabr Üçtərəfli bəyanatında təsbit edilən öhdəliklərinin icrasından yayınması və eyni zamanda da Azərbaycana qarşı təxribatlar törətməsi yolverilməz haldır və Azərbaycan hökuməti bu kimi halların qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək. Ölkə Prezidenti bunu da qeyd etdi ki, avqust ayının 3-də Azərbaycan Ordusu tərəfindən keçirilmiş və cəmi bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi və əgər yenə də buna oxşar təxribat törədilərsə, Azərbaycan təbii ki, adekvat cavab tədbirləri gcörəcək. Erməni silahlı birləşmələri Qarabağı dərhal tərk etməlidirlər və bunun heç bir alternativi ola bilməz.

Dövlət başçısı daha bir maraqlı məqama toxunaraq bildirdi ki, son vaxtlar gedən proseslərin məntiqi nəticəsi olaraq Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə təsir imkanlarını getdikcə daha çox itirməkdədir. Çünki, Qarabağda yaşayan ermənilər özləri də artıq dərk edirlər ki, Ermənistan hakimiyyəti onların heç bir problemlərini həll etmək iqtidarında deyil. Azərbaycan hakimiyyəti isə Qarabağda yaşayan ermənilərə məhz öz vətəndaşları kimi münasibət göstərir və Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib ki, bu insanların təhlükəsizliyini də, hüquqlarını da Azərbaycan dövləti digər vətəndaşlarla eyni səviyyədə təmin edəcək. Buna görə də Qarabağda yaşayan ermənilər bu gün düzgün seçim etməli və düzgün addım atmalıdırlar. Bu insanlar birmənalı olaraq anlamalıdırlar ki, onların gələcəyi və rifahı yalnız Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.


Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024