Mobil versiya
Azərbaycan dili həyatımızın bütün sahələrində müfəssəl şəkildə tətbiq olunur
Tarix: 27-07-2022 | Saat: 11:05
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan dili həyatımızın bütün sahələrində müfəssəl şəkildə tətbiq olunur

Zəngin imkanlara malik olan Azərbaycan dilinin bu gün dünya dilləri sırasında özünəməxsus yeri var. Son dərəcə səlis fonetikaya, sabit qrammatik quruluşa, yüksək yazı mədəniyyətinə və zəngin söz ehtiyatına sahib olan müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-texniki, mədəni və hərbi sahələrdə əhatəli şəkildə və ən əsası rahatlıqla işlənir. Əlbəttə ki, tarixin müxtəlif dövrlərində, ölkəmizin ayrı-ayrı imperiyaların tərkibində olduğu dönəmlərdə ana dilimiz də müxtəlif sıxışdırmalara, təsirlərə məruz qoyulmuşdur. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz doğma dilini qoruyub saxlamış, inkişaf etdirmiş və bugünkü səviyyəsinə gətirib çıxarmışdır. Ana dilimizə hər zaman böyük sevgi bəsləyən, dil mədəniyyətimizin zənginləşməsinə daim xüsusi diqqət və qayğı göstərən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində demişdir: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”.

Məlum olduğu kimi, ana dilimizin ən çox sıxışdırıldığı tarixi mərhələlərdən biri də Azərbaycanın sovet imperiyasının tərkibində mövcud olduğu illərə təsadüf edir. Məhz həmin dönəmdə SSRİ rəhbərliyi tərəfindən təbliğ olunan vahid xalq-vahid dil siyasi-ideoloji konsepsiyası bütün müttəfiq respublikalarda milli dillərin, o cümlədən də Azərbaycan dilinin tədricən öz nüfuzunu itirməsinə, ictimai-siyasi həyatın bütün sahələrində sıxışdırılaraq tənəzzül etməsinə və son nəticədə dövlət dili kimi mövcud olmaq imkanlarının tamamilə itirilməsinə hesablanmışdı. 70 il ərzində Kremlin bütün müttəfiq respublikalarda həyata keçirdiyi yalançı beynəlmiləlçilik siyasi-ideoloji konsepsiyası əslində SSRİ-nin tərkibində olan xalqların milli varlıqlarını, özünəməxsusluğunu yox etməyə hesablanmışdı. Təbii ki, hər bir xalqın milli varlığına olunan hücumlar ilk növbədə həmin xalqın dilinə və mədəni irsinə vurulan zərbələrlə ifadə edilir. Məhz bu baxımdan Azərbaycan respublikasına rəhbərliyə 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin gəlməsi SSRİ rəhbərliyinin milli-mədəni irsimizin, doğma dilimizin məhvini nəzərdə tutan bütün planlarını alt-üst edən bir tarixi hadisə oldu. Ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində fəal və ardıcıl şəkildə həyata keçirdiyi və ana dilimizin qorunmasına, inkişafına, statusunun yüksəlməsinə hesablanmış siyasəti qısa bir zamanda öz məqsədlərinə nail oldu, Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Məhz həmin illərdə Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilinə çevrildi və özünün dinamik inkişaf tarixi fazasına qədəm qoydu. Ulu Öndər Azərbaycan dilinin respublikanın ictimai-siyasi həyatında bütün sahələrdə tam hüquqlu tətbiqi istiqamətində qətiyyətli addımlar atdı. Xüsusi olaraq dilçi alimlərimizin fəaliyyətini stimullaşdırmaq məqsədilə müvafiq qərarlar qəbul edildi. Azərbaycan dilində təhsilin inkişafı, yeni ədəbiyyat nümunələrinin yaradılması və bütün digər istiqamətlərdə əhatəli işlər görüldü. Ümummilli lider Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox cəsarətlə, qətiyyətlə bildirib. Ulu öndər Heydər Əliyev bu barədə demişdir: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”. Nəhayət, 1978-ci ildə ümummilli lider Heydər Əliyev bu istiqamətdə daha bir cəsarətli və bəlkə də həlledici addım ataraq Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunması təşəbbüsünü irəli sürdü. Ulu Öndərin gərgin səyləri nəticəsində bu təşəbbüs həyata keçdi və Azərbaycan dili respublikada dövlət dili statusuna sahib oldu. Ana dilimizin inkişafı baxımından son dərəcə böyük əhəmiyyət kəsb edən bu hadisə Ümummilli Liderimizin Azərbaycan xalqı qarşısında olan müstəsna xidmətlərindən biri kimi tarixə düşdü.

Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, ana dilimizin qorunması məsələsində də Heydər Əliyev siyasi kursuna sadiqlik özünü tam dolğunluğu ilə göstərməkdədir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsinə hər zaman böyük həssaslıqla yanaşan Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.” Bu baxımdan möhtərəm dövlət başçımız tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam xüsusi əhəmiyyət kəsb edən sənədlərdən biridir. Bu sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Yenə də 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi reallaşıb. Təbii ki, bu mövzuda danışarkəm Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirləri də qeyd etmək lazımdır. Çünki dilin inkişafı müasir dünyada elektron informasiya məkanlarında həmin dilin tətbiqi olmadan mümkün deyil. Buna görə də Ölkə Prezidenti cənab İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi xüsusunda olduqca önəmli rol oynayır.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam
orta məktəbin direktoru,YAP Goranboy rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024