Mobil versiya
Xəzər dənizi üzərindən yükdaşımaların həcmi getdikcə artır
Tarix: 22-07-2022 | Saat: 14:31
Bölmə:Ölkə | çapa göndər

Xəzər dənizi üzərindən yükdaşımaların həcmi getdikcə artır

Bu gün Azərbaycanın hərtərəfli sürətli inkişafını təmin edən əsas amillərdən biri də ölkəmizin xarici əlaqələrinin məhz milli maraq və mənafelərimizə uyğun şəkildə formalaşmasıdır ki, bu da birmənalı olaraq Ölkə Prezidenti cənab İlham Əliyevin artıq uzun illərdir ki, həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Məhz bu siyasətin nəticələrindən biri kimi, Azərbaycanın son illər Qoşulmama Hərəkatında qazandığı yüksək nüfuzu göstərmək olar. Məlum olduğu kimi, ölkəmiz 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olub. Prezident cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilən düşünülmüş və praqmatik xarici siyasət qısa müddət ərzində Azərbaycana bu təşkilatda olduqca böyük nüfuz və etimad qazandırıb. Nəticədə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının yekdil qərarı ilə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə qəbul olunmuşdu. Hərəkata sədrlik etdiyi dövrdə Azərbaycan bir sıra mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib və bu təşəbbüslərin hər biri üzv ölkələrin maraqlarını təmin etməklə yanaşı təşkilatın dünyada nüfuzunun artmasına xidmət edib. Məhz elə bu səbəbdən də Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə Azərbaycanın Təşkilata sədrlik müddəti 2023-cü ilin sonunadək uzadılıb.
Əlbəttə ki, bu gün Azərbaycanda gedən mütərəqqi proseslərdən danışarkən ilk növbədə ölkəmizin işğaldan azad edilmiş ərazilərdə apardığı möhtəşəm quruculuq işləri qeyd olunmalıdır. Bu baxımda iyulun 15-də Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə möhtərəm dövlət başçımızın öz çıxışında qeyd etdiyi məqamlar xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Azərbaycan hal-hazırda Qarabağda və Şərqi Zəngəzurda bütün yenidənqurma işlərini öz gücünə, öz vəsaitləri hesabına həyata keçirir. Həmin ərazilərdə bütün işlər plan üzrə gedir və artıq yaşayış binalarının inşasına başlanılıb, ilk pilot layihə olan Ağalı kəndi istifadəyə verilib. Bundan başqa beş şəhərin Baş planı təsdiqlənib. Ölkə Prezidentinin dediyi kimi, bərpa və yenidənqurma işləri başa çatdıqdan sonra bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq.
Son dövrlərdə əldə olunan uğur və nailiyyətlər sırasında təbii ki, Azərbaycanın getdikcə daha əhəmiyyətli nəqliyyat-logistika mərkəzinə çevrilməsi xüsusi yer tutur. Dövlət başçısı öz çıxışında bu məsələyə də toxunaraq bildirdi ki, Azərbaycanın coğrafi yerləşməsi və yaradılmış infrastruktur imkan verir ki, ölkəmiz çox önəmli tranzit mərkəzinə çevrilsin. Bu gün Xəzər dənizi üzərindən yükdaşımaların həcminin artması artıq reallıqdır. Lakin bu artım yaxın gələcəkdə Azərbaycan limanlarının imkanlarını üstələyə də bilər. Məhz buna görə Ölkə Prezidenti öz çıxışında Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlamğın zəruriliyini vurğuladı, limanın genişləndirilməsi işlərinin, yeni gəmilərin inşasının, bütün nəqliyyat qurumlarının vahid mexanizm kimi işləməsinin vacibliyini qeyd etdi. Bu məqsədlə gəmiqayırma zavodunun tam gücü ilə işləməsi təmin olunmalıdır, gəmi, tanker, bərə istehsal həcmi maksimuma çatdırılmalıdır. Bütün bunlar dövlət başçısının çıxışında ətraflı təhlil olunaraq aidiyyatı qurumlara müvafiq tapşırıqlar formasında təqdim olundu.
Əlbəttə ki, Ölkə Prezidentinin çıxışında bu gün bütün dünyanı narahat edən ən ümdə qlobal problemlərdən biri kimi, ərzaq təhlükəsizliyi məsələsi də xüsusi yer almışdır. Dövlətimizin başçısı bu problemi vacib məsələlərdən biri kimi qeyd etmişdir. Qeyd olunmuşdur ki, hal-hazırda bu problemlə artıq bütün dünya üzləşib. Belə ki, son vaxtlar dünya mətbuatında ilk növbədə taxılın qıtlığı ilə bağlı həyəcan dolu məlumatlar yayımlanmaqdadır. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan da taxılın idxalından böyük dərəcədə asılı olan ölkələrdən biridir. Lakin artıq bu asılılığın aradan qaldırılması məqsədilə xüsusi dövlət proqramı hazırlanıb. Əlbəttə ki, bu proqramda işğaldan azad edilmiş ərazilərimizin də potensialı xüsusi olaraq nəzərə alınacaq. Həmin ərazilərimizin hesabına ölkədə dənli bitkilərin əkin sahələri artacaq. Dövlətimizin başçısı bu sahədə son məlumatları açıqlayaraq bildirdi ki, bu il ölkəmizdə indiyədək heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bununla da Azərbaycanın ərzaq təhlükəsizliyi daha etibarlı şəkildə təmin olunacaq.


Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Aia.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024