Mobil versiya
İqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var
Tarix: 21-07-2022 | Saat: 11:25
Bölmə:Seçki 2024 | çapa göndər

İqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var


Prezident cənab İlham Əliyev cari ilin 15 iyul tarixində 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə çıxış etmişdir. Çıxışda qeyd olundu ki, cari ilin ilk altı ayı onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələr icra edilir. Cənab Prezidentimiz çıxışında iqtisadiyyatın idarə edilməsinin bütün sistemlərinin yenidən qurulması, çevik və səmərəli nəzarət üsullarının yaradılması, idarəetməyə müasir yanaşmanın tətbiq edilməsi, ölkəmizə müasir texnologiyaların və investisiyaların cəlb edilməsi məsələlərinə toxundu.
Ölkə başçısı müşavirədə ölkə iqtisadiyyatına və beynəlxalq münasibətlərdən danışdı. Bildirildi ki, iqtisadi müstəqillik siyasi müstəqilliyi təmin edir. Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz.
İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal reyslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir - uçot, nəzarət və kadrların yerləşdirilməsi. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır. Kadr hazırlığı çox vacib məsələdir. Xarici aparıcı ali məktəblərdə Azərbaycan gənclərinin dövlət xətti ilə təhsil alması proqramı yenidən işə salınıb.
Ona görə də əminliklə deyə bilərik ki, büdcənin böyüməsi dürüstləşmə, eyni zamanda, aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Bunun nəticəsidir ki, bu il orta əməkhaqqı 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir.
Həmçinin, Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır. Bu sahədə də işlər planlı şəkildə aparılır. Uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına. Ulu Öndərin yorulmaz səyləri nəticəsində Azərbaycana milyardlarla dollar investisiya cəlb olunmuşdur. Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Azad edilmiş ərazilərdə böyük su anbarları və su kanallarının tikintisi, habelə içməli su təchizatı da nəzərdə tutulur. Suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcək. İçməli suyun Azərbaycanın Aran bölgəsinə qədər gətirib çatdırması layihəsi də var.
Sevindirici haldır ki, Avropa tərəfindən Azərbaycana yeni layihə təqdim edildi. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və Azərbaycan bu layihəyə maraq göstərir. Bu sahədə çox böyük perspektivlər var. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur ki, bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir.
Paralel olaraq, perspektivli yataqlardan çıxarılacaq qaz həm daxili tələbatı ödəmək üçün, həm ixrac üçün də nəzərdə tutulub. Hələ ki, bizim ixrac resurs bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir.
Nəqliyyat sahəsinə toxunan dövlət başçısı bildirdi ki, tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir. Eyni zamanda Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. Gəmiqayırma zavodu tam gücü ilə işləməlidir. Zavod lazımi qədər gəmi, tanker, bərə istehsal etməlidir. İldə 6 tanker - bərə, yük gəmisi istehsal oluna bilər. Bizim iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda, tranzit potensialı artacaq, iş yerləri yaradılacaq və biz - açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik.
Bu gün işğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə və uğurla aparılır. Artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Bütün tender prosedurları keçir, şəffaflıq tam təmin olunur, heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək.
Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərlə yanaşı ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki ölkəmiz, artıq bütün dünya üzləşib. Əfsuslar olsun ki, Azərbaycan da taxılın idxalından böyük dərəcədə asılı olan ölkədir. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq. Bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir.
Altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Cari il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb.
Həmçinin, hərbçilərin sosial müdafiəsi məsələləri Azərbaycanda yüksək səviyyədə təmin edilir. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur və s.
Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır.
Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi. Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.
Cənab Prezident öz çıxışında ölkəmizin beynəlxalq nüfuzuna da toxundu. Nəticələr arasında Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycanın sədrliyi 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır.
Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır.
Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu böyük dərəcədə artırmışdır.
Türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır - həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır.
Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər əlaqələrin inkişafı üçün zəmin yaradır. Eyni zamanda Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir.
Ölkə başçısı qeyd etdi ki, cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir.
Delimitasiya üzrə işçi qruplarının birinci görüşü keçirilmişdir. Biz bunu müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışır. Ermənistan tərəfi buna o qədər də meylli deyil. Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib.
10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı idi, ancaq bu günə qədər bu imkan yaradılmadı. Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz bu öhdəliyi əməl edir. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün imkan yoxdur. Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülmür.
Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu da verilməyib.
Son vaxtlar Ermənistan rəhbəri yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir. Həmçinin, 28 il heç bir nəticə hasil etməyən qrupa da ehtiyac yoxdur. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub.
Bütün bu qeyd olunan faktlar bir daha onu təsdiq edir ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir.

Fəxrəddin Vəliyev
Yeni Azərbaycan Partiyası Şəmkir Rayon Təşkilatının Sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024