Mobil versiya
Azərbaycanın iqtisadi yüksəlişi uğurlu daxili və xarici siyasətin nəticəsidir
Tarix: 19-07-2022 | Saat: 10:19
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycanın iqtisadi yüksəlişi uğurlu daxili və xarici siyasətin nəticəsidir

Birmənalı olaraq vurğulanmalıdır ki, bu gün Azərbaycanın iqtisadi inkişafı vətəndaşların rifah yüksəlişinə xidmət edən ən başlıca amil kimi çıxış edir. Qeyd etmək lazımdır ki, təkcə bu il ölkə üzrə orta əmək haqqı 14%, pensiyalar isə 10%-dən çox artıb. Bu artımların mənbəyi isə əlbəttə ki, dövlət büdcəsidir. Həm də bu büdcə sadəcə neftin qiymətinin artması hesabına böyüməyib. Burada sözsüz ki, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu islahatlar əsas rol oynayıb. Məhz bu islahatlar sayəsində iqtisadiyyatda, xüsusən də vergilər sahəsində şəffaflıq, dürüstlük yaradılıb. Bütün bunlar Azərbaycanın iqtisadiyyatını təmin edən edən amillərdir. Möhtərəm Prezidentimizin dediyi kimi, iqtisadi müstəqillik isə siyasi müstəqilliyi təmin edir. Buna görə də Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz, heç bir xarici qüvvə ölkəmizə, dövlətimizə öz iradəsini qəbul etdirə bilməz.
Artıq xəbər verildiyi kimi, iyul ayının 15-də Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə giriş nitqi ilə çıxış edən dövlət başçısı hər zaman olduğu kimi, bir çox məsələlər barədə, o cümlədən ötən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurları şərtləndirən əsas amillər və hazırda gedən proseslər haqda əhatəli təhlillər təqdim edib. İlk növbədə Azərbaycanın xarici siyasətində əldə olunan uğurlar qeyd olunaraq vurğulanıb ki, bu uğurların əsasında ölkəmizin bir çox mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşılığı durur. Həqiqətən də son illər ərzində, xüsusilə də Azərbaycan Vətən müharibəsinin möhtəşəm nəticəsi olaraq özünün ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. İlk növbədə Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurları göz qabağındadır. Ölkəmizin bu təşkilatın institusional inkişafına verdiyi böyük töhfələr, öz sözünə sadiq qalan ölkə olaraq beynəlxalq arenada oynadığı rol, hər zaman nümayiş etdirdiyi həmrəylik və ehtiyac içərisində olan ölkələrə göstərdiyi hərtərəfli dəstək və digər istiqamətlərdə atdığı praqmatik addımlar ona səbəb oldu ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi üzv ölkələrin yekdil qərarı ilə 2023-cü ilin sonuna qədər uzadıldı. Bundan başqa, hazırda biz Avropa İttifaqı-Azərbaycan əlaqələrinin sürətlə inkişaf etdiyini müşahidə edirik və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaxın günlərdə imzalanacaq enerji təhlükəsizliyi ilə bağlı sənəd bu əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq. Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərir və Türk dövlətləri ilə əlaqələrin inkişafı xarici siyasətin prioritet istiqamətlərindən biridir. Daha bir prioritet təbii ki, qonşu ölkələrlə əlaqələrin inkişafıdır. Bu baxımdan Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər əlaqələrin inkişafı üçün son dərəcə əlverişli zəmin yaradır. Lakin Azərbaycan bu gün artıq sadəcə regional aktor statusunu daşımır. Ölkəmizin birbaşa dünyada gedən proseslərə təsir imkanları getdikcə artır. O cümlədən son vaxtlar ABŞ-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Əlbəttə ki, bu əlaqələrin ölkəmiz üçün böyük önəmi vardır.
Həmçinin bu gün Azərbaycanda aparılan çoxşaxəli islahatlar arasında məxsusi olaraq hərbi sahədə aparılan islahatlar böyük əhəmiyyət kəsb edir. Öz çıxışında Prezident İlham Əliyevin dediyi kimi, bu ilin ilk altı ayı ərzində ölkəmizdə hərbi sahədə önəmli islahatlar həyata keçirilib. Bu islahatlar ilk növbədə struktur xarakterli olub. Həmçinin hərbi təhsil sahəsində zəruri islahatlar aparılıb. Təbii ki, yeni hərbi hissələrin açılması və Azərbaycan Ordusunun yeni, ən müasir silah və texnika ilə təchiz olunması istiqamətində atılan addımlar son dərəcə önəmlidir. Eyni zamanda Azərbaycan həbçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Cənab Ali Baş Komandanın qeyd etdiyi kimi, qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda hərbi şəhərciklər, bazalar yaradılır, hərbi təyinatlı yollar salınır, infrastruktur qurulur. Bütün bu işlərin fonunda isə əlbəttə ki, ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə diqqət və qayğı durmadan artır. Bu gün artıq müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər ən müasir protezlərlə təmin olunublar. Ölkədə çox sayda reabilitasiya mərkəzləri yaradılıb və onların hər biri ən müasir texnologiyalarla təchiz edilib. Postmüharibə dövründə bir çox şəhid ailələrinə və qazilərimizə dövlət tərəfindən mənzillər verilib. Konkret rəqəmlərə müraciət etsək, ümumilikdə bu günə qədər Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Bütün bunlar ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında məhz insan amilinin durduğunu bir daha təsdiq edir.


Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024