Mobil versiya
Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir
Tarix: 30-06-2022 | Saat: 11:41
Bölmə:Seçki 2024 | çapa göndər

Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir

Bu gün xalqların qarşısında duran ən müqəddəs vəzifə müstəqilliyə nail olmaq və onu qoruyub saxlamaqdır. Xalqımız illərlə azadlığımız, müstəqilliyimiz yolunda mübarizə aparıb və oğullarımız bu yolda canlarından keçməyi bacarıb. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir.

Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev bununla bağlı deyib: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir.

Dövlət başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparmaqdadır. Azərbaycan 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu prosesini dayandırmayıb. Əksinə, postmüharibə dövründə ordunun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib. Hərbi quruculuq, bütün qoşun növlərinin texnika və silah-sursatla təchizatının modernləşdirilməsi, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün hərbi sahəyə ayrılan xərclər artırılıb. Müharibədən sonra imzalanmış yeni müqavilələr əsasında Azərbaycana ən müasir hərbi texnikalar, silahlar gətirilib.

Respublikamız həmçinin, yalnız yeni silah və texnikaların alınması ilə kifayətlənməyib. İşğaldan azad edilmiş ərazilərimizdə hərbi infrastrukturun qurulması, sərhəd mühafizə zolaqlarının yaradılması əsas vəzifələrdən biri olduğundan bu istiqamət üzrə də bir çox işlər görülüb. 2021-ci ilin dekabrında işğaldan azad edilmiş Xocavənd rayonunda yeni hərbi hissənin istifadəyə verilməsi hərbi infrastukturun yaradılması istiqamətində görülən ən mühüm işlərdən biri sayıla bilər. Belə ki, Azərbaycan Ordusunun öz peşəkarlığını daha da artırması üçün ötən il ərzində ilk dəfə yeni hərbi birləşmə - Komando Qüvvələri yaradılıb ki, bu da dövlətin hərbi sahədə apardığı islahatlardan biridir. İstənilən hərbi vəzifəni icra etməyə hazır, çevik, çox böyük imkanlara malik olan Komando briqadalarının sayının artırılması prioritet hədəflər sırasındadır. 26 İyun Silahlı Qüvvələr Günündə Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Kəlbəcərdə Komando yeni hərbi hissəsinin açılışı dövlətimizn öz müdafiə və təhlükəsizliyinin təmininə verdiyi önəmi bir daha göstərir. Yaradılmış komando qüvvələrinin hərbi hissələrinin yaradılması onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Azərbaycan hərbi gücünün artmasına Prezident, Ali Baş Komandan İlham Əliyevin əzmkar fəaliyyəti, bu sahədə yürütdüyü qətiyyətli siyasəti nəticəsində nail olub. Hərbi quruculuğu prioritet istiqamət sayan dövlət başçısının bu sahənin inkişafına böyük əhəmiyyət verməsi, dünya hərb sahəsindəki bütün yeniliklərin Azərbaycana gətirilməsi üçün göstərdiyi səylər ordumuzun güclənməsinə, ölkəmizin müdafiə qabiliyyətinin artmasına təkan verir. Vətən müharibəsi Zəfəri ordu quruculuğunu yeni mərhələyə yüksəldib. Bütün bunlar Azərbaycanın qarşıdakı illərdə daha da güclənməsinə, onun qüdrətli ölkəyə çevrilməsinə imkan yaradır.



Famil Məlikov,
Salyan şəhər sakini, Vətən müharibəsi iştirakçısı,
“Azərbaycan Bayrağı” ordenli
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024