Mobil versiya
Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan parlamentarizminin yaradıcısıdır
Tarix: 23-06-2022 | Saat: 12:52
Bölmə:Ölkə | çapa göndər

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan parlamentarizminin yaradıcısıdır

1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan növbəti iki il ərzində həmin vaxt hakimiyyətdə olan qüvvələrin bacarıqsızlığı və antimilli siyasəti səbəbindən son dərəcə ağır bir duruma düşmüşdü. Faktiki olaraq, 1993-cü ilin birinci yarısında Azərbaycan artıq dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginlik pik həddinə çatmışdı. Ölkədə vətəndaş müharibəsi demək olar ki, başlamışdı. Torpaqlarımız itirilir, hərc-mərclik, özbaşınalıq tüğyan edirdi. Belə bir vaxtda xalqımızın ulu öndər Heydər Əliyevə üz tutması yeganə doğru addım idi. Çünki ölkədəki anarxiyanın, itaətsizliyin, hərc-mərcliyin, siyasi çəkişmələrin, Gəncədə başlanmış hərbi itaətsizlik fonunda qardaş qırğınının, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını yalnız Ümummilli Liderin müdrik siyasəti ala bilərdi.

Ən ağır yol olan müstəqillik yolunu keçmək üçün hər bir xalqa müdrik rəhbər, uzaqgörən lider gərəkdir. 1993-cü ildə vəziyyəti düzgün qiymətləndirən xalq ulu öndər Heydər Əliyevin Bakıya - ölkə rəhbərliyinə gəlməsini istəyirdi. O zaman hakimiyyətdə olan, əslində isə hakimiyyət rıçaqlarını səriştəsizlikləri üzündən itirən cəbhəçilər belə bu reallıqla barışmağa məcbur idilər. Onlar da vəziyyətdən çıxış yolunu xalqın istəyi ilə razılaşıb ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməkdə görürdülər. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək dedi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.

Ulu Öndərin Ali Sovetin sədri seçilməsindən sonra ilk gündən parlamentarizm ənənələrinə sadiqlik özünü göstərdi. Hər bir qərarın qəbulunda aşkarlıq prinsipinə üstünlük verildi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət xalqa olduğu kimi çatdırıldı. İctimai-siyasi həyatdakı gərginlik tədricən aradan qaldırıldı. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.

Bununla belə Azərbaycanı azad və suveren görmək istəməyən qüvvələr hələ də ölkəmizdə sabitliyin pozulması üçün cidd-cəhdlə çalışmaqda, separatizm meyillərini körükləməkdə idilər. Beləcə, Gəncədə baş verən hadisələrin yenicə sakitləşdiyi bir zamanda, avqustun 7-də cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olundu. Lakin separatizmin dəstəkçiləri yanılmışdılar. Artıq zaman o zaman deyildi. İndi Azərbaycanın uzaqgörən, hadisələrə çevik reaksiya verən müdrik rəhbəri vardı. Ulu öndər Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Xalq bu siyasi qiyməti və siyasi iradəni dərhal qiymətləndirdi və tezliklə əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu.

Cəmi 4 ay Milli Məclisin sədri vəzifəsində olan Ulu Öndər bu müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Ümummilli lider Heydər Əliyevin iclas aparmaq tərzi, hər bir məsələyə reaksiyası, fikirləri ümumiləşdirmək və dəyərləndirmək bacarığı yeni bir məktəbin - parlamentarizm məktəbinin əsasını qoydu. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirdi, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu. Bu da tez bir zamanda öz bəhrəsini verdi. Qısa müddətdə ölkəyə investisiya axını başladı və bu da həm əhalinin güzəranında, həm də ölkənin iqtisadi cəhətdən möhkəmlənməsində özünü göstərdi. Demokratik düşüncə və dəyərlərə hər zaman öz sadiqliyini nümayiş etdirən Ulu Öndər “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” tezisini irəli sürərək bu yolda öz mübarizəsini davam etdirdi. Qısa müddətdə dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu.

Bu gün Heydər Əliyev siyasi kursunu ölkəmizdə uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda əsaslı islahatlar həyata keçirilir. Digər tərəfdən isə Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbə və ölkənin ərazi bütövlüyünün təmin edilməsilə Cənubi Qafqazda yaranmış yeni reallıqlar Azərbaycanın qarşısında tamamilə yeni, daha geniş iqtisadi inkişaf perspektivləri açır.

Ceyhun Cahangirov
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam
orta məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024