Mobil versiya
Ermənistanın qeyri-konstruktiv yanaşması azərbaycanlıların Qərbi Zəngəzurda özləri üçün status tələb etməsi məsələsini gündəmə gətirə bilər
Tarix: 21-06-2022 | Saat: 09:19
Bölmə:Ölkə | çapa göndər

Ermənistanın qeyri-konstruktiv yanaşması azərbaycanlıların Qərbi Zəngəzurda özləri üçün status tələb etməsi məsələsini gündəmə gətirə bilər

Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuraraq özünün ərazi bütövlüyünü təmin etdi və bununla da Qarabağ münaqişəsi başa çatdı. Bununla da Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün tarixi bir fürsət yarandı. Bu gün qalib Azərbaycan həmin fürsəti dəyərləndirərək Ermənistanla münasibətləri normallaşdırmaq üçün kifayət qədər səy göstərir. Lakin bu səyləri məğlub tərəf olan Ermənistan da göstərməlidir ki, müsbət nəticə əldə olunsun. İyun ayının 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi ki, sülh danışıqlarına başlamaq üçün Ermənistan ilk növbədə 2020-ci il 10 noyabr tarixində Moskvada imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. O cümlədən həmin Bəyanatla nəzərdə tutulmuş kommunikasiyaların və xüsusilə Zəngəzur dəhlizinin açılması gələcək regional sülhün fundamental elementlərindən biridir. Ermənistan isə Zəngəzur dəhlizinin açılışını ləngitməklə regional sülhə yeni təhdidlər yaradır. II Qarabağ müharibəsi bu strategiyanın nə ilə nəticələnə biləcəyini artıq açıq-aşkar nümayiş etdirib. Buna görə də Ermənistan müvafiq nəticələr çıxarmalı və sülh danışıqlarına başlanması üçün səylərini artırmalıdır. Əks halda Azərbaycan adekvat tədbirlər görmək məcburiyyətində qala bilər və bu, Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxarar. Dövlət başçımızın dediyi kimi, əgər Zəngəzur dəhlizi açılmayacaqsa, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Azərbaycanın bunu tələb etməyə haqqı var.

Bakı Forumunun açılış mərasimində söylədiyi nitqində Azərbaycan Prezidentinin diqqət mərkəzinə çəkdiyi məsələlərdən biri də Azərbaycanda yaşayan ermənilərlə bağlı oldu. Dövlət başçısı bir daha xatırlatdı ki, Azərbaycan Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri Paşinyanın Brüsseldə baş tutmuş üçtərəfli görüşlərinin nəticələrinə dair cənab Şarl Mişel tərəfindən yayılmış bəyanatda da aydın şəkildə deyilir ki, Qarabağda yaşayan erməni əhalisinin də hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Azərbaycan bunu tam şəkildə dəstəkləyirik. Qeyd etmək lazımdır ki, əslində ölkəmizə dair belə bir maddənin xüsusi olaraq vurğulanmasına heç bir ehtiyac yoxdur. Çünki mono-etnik Ermənistandan fərqli olaraq, çoxmillətli Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi ölkəmizin Konstitusiyası ilə təmin edilir. Azərbaycan Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdirlər. O cümlədən illər boyu ermənilər Azərbaycanda heç bir təqib və ya sıxışdırmaya məruz qoyulmadan yaşayıblar. Bu günün özündə də Azərbaycanda ermənilər təkcə Qarabağda deyil, başqa bölgələrdə də yaşamağa davam edirlər və onların hüquqları digər vətəndaşlarla eyni səviyyədə tam təmin edilir. O cümlədən Qarabağda da hüquqlar və təhlükəsizlik məsələləri Azərbaycan tərəfindən təmin ediləcək.

Lakin, bütün bunlara baxmayaraq, Ermənistan hökuməti mövcud olmayan “Dağlıq Qarabağ”ın statusu ilə bağlı hələ də hansısa cəfəng fikirlər səsləndirməkdədir. Bu isə tamamilə səmərəsiz və qətiyyən yolverilməzdir. Belə bir yanaşma həm də ilk növbədə Ermənistanın özü üçün son dərəcə təhlükəlidir. Məsələ bundadır ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Artıq Azərbaycan ərazisində belə bir inzibati ərazi vahidi mövcud deyil. Buna görə də, dırnaqarası statusla bağlı istənilən iddialar regional sülhə və təhlükəsizliyə birbaşa təhdid kimi qiymətləndirilməlidir. Çünki bu çağırışların yeganə mümkün sonluğu yalnız yeni qarşıdurma ola bilər. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan hökuməti bunu dərk etməlidir və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir. Azərbaycan Vətən müharibəsini qalib ölkə kimi başa vurmaqla yeni regional reallıqlar yaratdı və tarix yazdı. Xüsusilə diqqəti çəkən bir məqam da budur ki, əslində status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq da vəldə olunub. Lakin üzərinə götürdüyü öhdəliklərin arxasında durmağa vərdiş etməmiş Ermənistan hökuməti bu dəfə də öz “prinsipləri”nə sadiq qalaraq, yenidən bu absurd mövzunu, status məsələsini gündəmə çıxarmağa çalışır. Əlbəttə ki, bunun çox ciddi nəticələri ola bilər. Əgər məğlub Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, bu zaman qalib Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Möhtərəm dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, Azərbaycanın tarixi nöqteyi-nəzərdən də bunu etməyə hüququ var. Çünki ötən əsrin tarixi sənədlərində də təsdiq olunur ki, tarixi Azərbaycan torpaqları olan Zəngəzurun Ermənistana birləşdirilməsi yalnız 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti tərəfindən həyata keçirilib. Buna görə də, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etmək cəhdlərinə davam edəcəksə, bu zaman azərbaycanlıların da Qərbi Zəngəzurda özləri üçün status tələb etməsi məsələsi dərhal gündəmə gələ bilər.

Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə