Mobil versiya
Vəsilə Möhsümova: Azərbaycanın mədəniyyət siyasəti Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqdir
Tarix: 09-06-2022 | Saat: 12:41
Bölmə:Ölkə | çapa göndər

Vəsilə Möhsümova: Azərbaycanın mədəniyyət siyasəti Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqdir

XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir.

Ümummilli ider deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Heydər Əliyevi hər şeydən öncə ədəbiyyatın yüksək borcu və amalı düşündürürdü. Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində ən yüksək fəxri adlara layiq görülmüşlər. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Ulu Öndərin mədəniyyət məsələləri ilə bağlı hər çıxışı həmin sahənin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya döndülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Heydər Əliyev bu kadrların hazırlanmasında ona görə maraqlı idi ki, gələcək müstəqil Azərbaycanımız üçün onlar gərəkli mütəxəssis olacaqdılar. Necə ki, oldular da. Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və ulu öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidinə çevrildik.


Müstəqilliyimizin ilk illərində bir tərəfdən Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən Azərbaycan digər tərəfdən vətəndaş müharibəsi, separatçılıq meyilləri, eləcə də bütün sahələrdə dərin tənəzzüllə üzləşmişdi. Müstəqilliyin əvvəllərindən etibarən intensiv və açıq mərhələyə keçən erməni təcavüzü, respublikaya bir-birinin ardınca naşı, zəif, bəsirətsiz rəhbər şəxslərin təyin olunması Azərbaycan xalqını dərin sosial-iqtisadi tənəzzül, torpaqlarımızın və müstəqilliyimizin itirilməsi təhlükəsiz ilə üz-üzə qoymuşdu. Ən dəhşətlisi isə o idi ki, səriştəsizlik, başıpozuqluq, səbatsızlıq ordu quruculuğu sahəsində özünü daha qabarıq şəkildə göstərirdi. Hərbi işdə heç bir biliyi və səriştəsi olmayan, milli dövlətçilik mənafeyindən uzaq adamlar Silahlı Qüvvələrdə yüksək vəzifələrə təyin edilir, orduda şəxsi mənafelər önə çəkilir, cəbhədəki uğursuzluqlardan şəxsi mənfəətlər və karyera hesabları naminə istifadə olunurdu. Peşəkar zabit kadrların çatışmaması və ya ordudan kənarda saxlanması cəbhədə ciddi itkilər və torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Get-gedə azğınlaşan erməni işğalçıları respublikada mərkəzi hakimiyyətin bacarıqsızlığından, ordunun başıpozuqluğundan istifadə edərək işğalın miqyasını durmadan genişləndirirdilər.

Belə bir acınacaqlı və ümidsiz vəziyyətlə üzləşən, ölkə rəhbərliyinə inamını tamamilə itirmiş xalqımız nicat yolunu dar gündə daim xalqının yanında olan Heydər Əliyevə üz tutmaqda görürdü. Bu ağır durumda xalqının çağırışına səs verən dahi şəxsiyyətin ölkəmizdə hakimiyyətə qayıtdığı gün – iyunun 15-i xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Əbədiyaşar liderinin xilaskarlıq missiyasını daim minnətdarlıqla xatırlayan xalqımız bu günü ən yüksək səviyyədə qeyd edir.



Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox mədəniyyət müəssisələri təmir olundu, filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasəti kursu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən sonra da Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. Möhtərəm Prezidentimizin Azərbaycan mədəniyyətinə verdiyi ən böyük töhfələrdən biri də sözssüz ki, işğaldan azad edilmiş qədim şəhərimiz olan Şuşanın ölkənin mədəniyyət paytaxtı elan edilməsi oldu. İşğaldan azad olunmasından az bir vaxt sonra Şuşada Yuxarı Gövhərağa məscidinin təmir edilib və orada bayram namazının qılınması, yeni möhtəşəm məscidin bünövrəsinin qoyulması və eyni zamanda da işğaldan azad edilmiş bütün ərazilərimizdə erməni vandalizminin qurbanı olmuş bütün xristian məbədlərinin, tarixi mədəni abidələrin bərpasına başlanması Azərbaycanda mövcud olan tolerantlığın və multikulturalizmin daha bir göstəricisidir. 30 illik fasilədən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi. Bütün bunlar qədim Azərbaycan mədəniyyətinin növbəti, daha yüksək inkişaf mərhələsinə keçidinin bariz təzahürləridir.

Vəsilə Möhsümova,
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024