Mobil versiya
Brüssel Bakıya dediyini danır? - Avropa İttifaqı Rusiyanın “çəkmələrini” geyinsə...
Tarix: 08-06-2022 | Saat: 17:57
Bölmə:Siyasət | çapa göndər

Brüssel Bakıya dediyini danır? - Avropa İttifaqı Rusiyanın “çəkmələrini” geyinsə...

"Qarabağ ermənilərinin fikrini nəzərə almadan hərtərəfli nizamlanmaya nail olmaq mümkün deyil".
AİA.Az "Yeni Müsavat"a istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfəri ərəfəsində "Azatutyun" radiosuna (AzadlıqRadiosunun erməni bürosuna) müsahibəsində deyib.
Erməni jurnalistin "Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 22 may 2022-ci ildə Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdən sonra "ədalətli və davamlı sülh üçün bütün əsas məsələlər bütün maraqlı tərəflərin iştirakı ilə müzakirə edilməlidir" söyləyərkən Qarabağ ermənilərini də nəzərdə tutubmu" sualına Klaar belə cavab verib: "Hesab edirəm ki, yekunda Qarabağ erməniləri həll prosesinin bir hissəsi olmalıdır. Tamamilə aydındır ki, Qarabağda yaşayan insanlar hərtərəfli nizamlanmada əsaslı şəkildə maraqlıdırlar. Şəxsən mənə görə, bu adamların rəyi, baxış bucağı nəzərə alınmadan belə bir həllə necə nail olmaq olar?"
AB rəsmisi ardınca yenidən ikibaşlı danışıb: "Biz hamımız bilirik ki, münaqişə necə başlayıb. Onu qəti olaraq yoluna qoymaq lazımdır. Ş.Mişel öz bəyanatında çox şeyi qeyd etməyib. Həmin bəyanat çözülməli problemlərin hamısını əhatə etməyib. Amma biz həmişə münaqişənin hərtərəfli həllinin vacibliyini vurğulamışıq və bu istiqamətdə işləyirik".
Qəribədir deyilmi? "Qarabağ ermənilərinin fikrini nəzərə almadan hərtərəfli nizamlanmaya nail olmaq mümkün deyil". Klaarın bu fikrinin oxşarını az öncə Nikol Paşinyan dilə gətirmişdi - 6 aprel "üçlü" Brüssel görüşündən qayıdandan bir qədər sonra. Elə isə görəsən, bu cənab - Aİ Şurası Prezidenti Mişelin rəsmi nümayəndəsi hansı Qarabağ nizamlamasından dəm vurur, "danışıqlarda tərəf" olacaq hansı Qarabağ ermənilərindən danışır, əgər Mişelin özü yalnızca etnik erməni əhalisinin hüququndan söz açıbsa?
Toivo Klaar keçən həftə İrəvanda səfərdə olub. Bu ölkənin əsas rəsmi şəxslərinin hamısı ilə - baş nazir, prezident, XİN rəhbəri və spikerlə görüşüb. Az sonra Azərbaycana da gələcək Aİ rəsmisi, yumşaq desək, ikibaşlı, sülh prosesinə təhdid yaradan mövqeyinə aydınlıq gətirməlidir. Bakıya o, hansı mesajı gətirir? Doğrudanmı Klaar məsələdə öz rəhbəri Mişeldən fərqli baxışa malikdir, yoxsa növbəti dəfə ermənilərin rəsmi açıqlamaları təhrif eləməsi, təbliğati özfəaliyyəti var ortada? (hər halda, belə faktlar az olmayıb).
Bütün hallarda, Qarabağ erməniləri danışıqlarda tərəf olacaqsa, minlərlə şəhidi niyə vermişik? Bəli, Azərbaycan öz vətəndaşları olan Qarabağ erməniləri ilə nə vaxtsa danışıq apara bilər. Lakin əsla tərəf kimi yox, təkrar edirik, öz vətəndaşları kimi! Onlara heç bir siyasi status vəd olunmadan. Azərbaycan konstitusiyaya görə, unitar dövlətdir və burada hansısa etnik azlığa digər etnik azlıqlardan üstün imtiyazlar verilməsi mümkün deyil. Onda gərək konstitusiya dəyişə, ölkə üzrə referendum keçirilə. Xalqın mövqeyi isə çoxdan bəlli.
Qısası, bu məsələ qapanıb. Demək, "Qarabağ nizamlanması"ndan danışmaq da absurddur. Odur ki, Mişelin emissarı yaxşı olar ki, İrəvana, bütövlükdə erməni toplumuna gerçəklikdən uzaq vədlər verib radikal-revanşistlərin çörəyinə "yağ sürtmək"dənsə, erməni "dudka"sına oynayıb regiona yalnız fəlakətlər gətirən köhnə erməni gündəliyi formalaşdırmaqdansa, kapitulyant tərəfin xoşuna gəlsə də, gəlməsə də, başlayan real sülh prosesindən danışsın. Hər halda, Avropa İttifaqının vasitəçilik missiyası bildiyimiz qədər köhnə yox, yeni status-kvoya, gerçəyə əsaslanır.
Bir də ki, Klaar unutmasın, belə oyunları Rusiyanın timsalında biz çox görmüşük. O səbəbə, əgər Avropa İttifaqı Rusiyanın "çəkmələrini" geyinib onun yerişini yerimək istəyirsə, özünə əziyyət verməyə bilər. Çünki Azərbaycana qarşı oynayanlar mütləq uduzacaq! İndi zaman da, status-kvo da bambaşqadır. Regionda möhkəmlənən Türkiyə amili də öz yerində...
Məsələ də ondadır ki, erməni tərəfinə məhz qlobal güc mərkəzləri tərəfindən vaxtaşırı bu cür "konfetlər", "şirin saqqız" vəd olunmasının nəticəsidir ki, faktiki çöküş ərəfəsində olan bu izqoy və cırtdan ölkə, kapitulyant Ermənistan 44 günlük müharibədəki darmadağından sonra da ipə-sapa yatmır, qalib və güclü Azərbaycana heyrətamiz həyasızlıqla köhnə şərtləri və gündəmi sırımağa cəhd edir. Bu da ən "isti" fakt.
Toivo Klaarın müsahibəsindən bir gün sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sanki onun yuxarıdakı açıqlamasından "su içirmiş" kimi parlamentdəki çıxışında deyib: "Ermənistan Xarici İşlər Nazirliyi üçün ən mühüm prioritet Ermənistanın və "artsax"ın təhlükəsizliyi, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi və mandatı çərçivəsində həlli olunmasıdır".
Mirzoyanın sözlərinə görə, MQ-nin mandatı qalır və rəsmi İrəvan bu xüsusda ümidini itirməyib. "Demək olar, bir illik fasilədən sonra, 2021-ci ilin sentyabrında Nyu-Yorkda, daha sonra noyabrda Parisdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı və vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüşlər keçirilib. Bu görüşlər zamanı Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin ATƏT-in Minsk Qrupunun həmsədrləri formatında tam bərpası ilə bağlı mövqeyini vurğulayıb", - deyə o köhnə bayatını təzədən təkrarlayıb.
Aydın oldumu? Ritorikalar necə də bir-birinə oxşardır. Sadəcə, indi İrəvanın köhnə bayatısını Klaarın timsalında Azərbaycana təzə aranjemanda sırımaq istəyirlər. Keçməz...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024