Mobil versiya
Arif Fərzəliyev: “Azərbaycan regional enerji təhlükəsizliyinin əsas təminatçısı rolunu oynamaqdadır”
Tarix: 03-06-2022 | Saat: 13:57
Bölmə:Siyasət | çapa göndər

Arif Fərzəliyev: “Azərbaycan regional enerji təhlükəsizliyinin əsas təminatçısı rolunu oynamaqdadır”

Son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri fonunda Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Bu baxımdan regionun əsas neft və qaz ölkələrindən biri kimi Azərbaycana diqqətin artması təbiidir. Avropa Birliyi gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini yüksək qiymətləndirir. Azərbaycan həmçinin bölgənin enerji təhlükəsizliyinin əsas təminatçısı rolunu oynamaqdadır. Belə ki, Cənubi Qafqazda enerji məsələsi getdikcə daha aktual problem kimi qarşıya çıxır. Azərbaycan qazı və neftinin dünyaya çıxarılması məsələsi isə özlüyündə bir neçə dövlətin bu işdə iştirakını nəzərdə tutur. O dövlətlərin hər birinin enerji təhlükəsizliyi bu aspektdə Azərbaycanın enerji strategiyasından asılıdır. Maraqlıdır ki, bu asılılıq getdikcə artır. Dünyanın hətta aparıcı dövlətləri Azərbaycanın enerji ehtiyatlarından müəyyən bəhrə götürməyə çalışırlar. Bunun bir səbəbi vardır – Azərbaycan etibarlı tərəfdaşdır və onun daxili durumu stabildir. Dünya səviyyəsində böhran yarandığı halda belə, Azərbaycanda vəziyyət sabit olaraq qalır.

İyun ayının 1-də açılışı olmuş 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində ifadə olunan fikirlər də bunu deməyə əsas verir ki, hazırda dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının, 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istismara verilməsi Azərbaycan qazının, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmasına imkan verdi. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar.

Prezident İlham Əliyevi dediyi kimi, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artmışdır. Bütövlükdə, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfədir.

Hazırda Azərbaycan həm də bərpa olunan enerji növlərinin istehsalı sahəsində dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Məlumdur ki, Xəzər dənizinin Azərbaycan sektorunun enerji potensialı 150 min meqavat təşkil edir. Bundan başqa, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Qeyd edə bilərik ki, hazırda neft və qaz sahəsində strateji tərəfdaş olan SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edirlər.

Bu gün regional və beynəlxalq təhlükəsizlik məsələlərinə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və yüksək qiymətləndirilir. Bu onun nəticəsidir ki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Etiraf olunmalıdır ki, Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Prezident İlham Əliyevin inamla həyata keçirdiyi milli maraqlara uyğun praqmatik siyasət nəticəsində Azərbaycan qlobal əhəmiyyət kəsb edən ən mühüm transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış edir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024