Mobil versiya
Deputat: Azərbaycan Prezidenti müasir beynəlxalq münasibətlər sistemindəki vəziyyətə kifayət qədər realist yanaşır
Tarix: 03-06-2022 | Saat: 12:46
Bölmə:Siyasət | çapa göndər

Deputat: Azərbaycan Prezidenti müasir beynəlxalq münasibətlər sistemindəki vəziyyətə kifayət qədər realist yanaşır

Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışında son dərəcə mühüm məqamlara toxundu. Dövlətimizin başçısı müasir beynəlxalq münasibətlər sistemindəki vəziyyəti kifayət qədər realist səciyyələndirdi. Mesaj verildi ki, güc amili həlledicidir və belə də qalacaq.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu söyləyib.

“Həqiqətən də hazırkı mərhələdə hüququn gücü yox, gücün hüququ var. Ermənistan Azərbaycan torpaqlarını uzun illər işğal altında saxladı, torpaqlarımızda ən qəddar vandalizm aktları həyata keçirdi. Bütün dünya bunu bilsə də, susdu. Dünyanın aparıcı siyasi dairələri Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün heç bir addım atmadılar. Halbuki Ermənistan özünün işğalçılıq və təcavüzkar siyasəti ilə təkcə Cənubi Qafqazın deyil, daha geniş mənada təhlükəsizliyə təhdid yaradırdı. Azərbaycan özünün siyasi və hərbi gücü sayəsində torpaqlarını işğaldan azad etdi. Bununla güclü dövlətin həm də sülhsevər obrazını növbəti dəfə dünyaya nümayiş etdirdi. Yəni, torpaqlarımızı işğaldan hərbi yolla azad etmək imkanımız hər zaman olub. Lakin regionda qan tökülməməsi, sülh və təhlükəsizlik naminə münaqişənin dinc vasitələrlə tənzimləmək yolunu dəstəkləmişik”, - deyə E.Mirbəşiroğlu diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti ən yüksək tribunalardan bəyan edirdi ki, nəticəsiz danışıqları sonsuza qədər davam etdirməyəcəyik. Belə də oldu və biz torpaqlarımızı hərbi yolla işğaldan azad etdik. Məhz buna görə dövlətimizin başçısı güc amilinin vacibliyini hər zaman vurğulayır. Vətən müharibəsi Azərbaycanın gücünü nümayiş etdirdi. Müharibədən sonra da hərbi gücün artırılması diqqət mərkəzindədir. Prezident İlham Əliyev çox doğru olaraq vurğuladı ki, müstəqil və güclü olmasaydıq, torpaqlarımızı azad edə bilməzdik. Azərbaycan dövlətinin gücü, xalqın həmrəyliyi məqsədimizə çatmağa imkan verdi.

“Postmünaqişə mərhələsində prosesləri Azərbaycan idarə edir”, - deyən deputat bildirib ki, indi Azərbaycanın irəli sürdüyü təkliflər, şərtlər qəbul olunur. Dünya qəbul edir ki, Qarabağ Azərbaycan torpağıdır. Həm Avropada, həm də Ermənistanda sərhədlərin müəyyənləşdirilməsinin vacibliyi, sülh üçün ilkin şərt olması dərk və qəbul edilirsə, bu, Azərbaycanın Qələbəsinin davamıdır. Biz Vətən müharibəsindən sonra həmişə qeyd edirik ki, Qələbəmiz bizə növbəti uğurları qazandıracaq.

Sərhədlərin müəyyənləşdirilməsinin Ermənistanın ölkəmizə olan əsassız ərazi iddialarına da son qoyacağını qeyd edən E.Mirbəşiroğlu deyib: “Belə vəziyyətin yaranmasını məhz Azərbaycan dövlətinin gücü, Prezident İlham Əliyevin iradəsi şərtləndirdi. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyaların ilk iclasının artıq baş tutması Azərbaycanın həyata keçirdiyi strategiyanın uğuruna dəlalət edir. Belə ki, Ermənistanın hər vasitə ilə sərhədlərin müəyyənləşməsindən, bununla da yekun sülh sazişini imzalamaqdan yayınması aydın müşahidə olunurdu. Lakin Azərbaycanın Ermənistanı sülhə məcburetmə strategiyası öz nəticəsini verməyə başladı. Bizim irəli sürdüyümüz beş prinsip sülhün əsası kimi qəbul olunmaqdadır. Yekun sülh müqaviləsinin bağlanması artıq ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması əsasında baş verəcək”.

Deputat proseslərin məhz bu istiqamətdə getməkdə olduğunu bildirib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasının vacibliyinin Brüsseldə bir daha vurğulanması da Azərbaycanın mühüm strateji qələbəsidir. Bildiyimiz kimi, 2020-ci ilin payızında imzalanmış birgə Bəyanatın 9-cu maddəsinə əsasən, bu dəhlizin açılmasına Ermənistan təminat verməlidir. Lakin Azərbaycan Prezidentinin vurğuladığı kimi, Ermənistan dəhlizin açılmasına hər cür maneə törətməyə çalışırdı. Azərbaycanın atdığı addımlar dəhliz məsələsini yenidən aktuallaşdırdı.

“Azərbaycan Ermənistana və dünyaya nümayiş etdirdi ki, onun hər zaman alternativləri var. İranla Azərbaycan arasında İran ərazisindən keçməklə, Naxçıvanla qərb rayonlarımız arasında nəqliyyat əlaqəsinin təmin olunması haqqında razılaşma Ermənistanın şantaj alətini əlindən çıxardı. Göründüyü kimi, Prezident İlham Əliyevin preventiv addımları, strateji baxışları hədəflərimizə dəqiq çatmağa imkan verir. Dövlətimizin başçısının vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı daha böyük qələbələr əldə edəcək, daha böyük hədəflərə çatacaqdır”, - deyə Elşad Mirbəşiroğlu əminliklə bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024