Mobil versiya
Türkiyə-Azərbaycan diplomatik əlaqələri yüksələn xətt üzərindədir
Tarix: 02-06-2022 | Saat: 17:40
Bölmə:Siyasət | çapa göndər

Türkiyə-Azərbaycan diplomatik əlaqələri yüksələn xətt üzərindədir


Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız dövlət müstəqilliyinin 104-cü ildönümünü həmrəylik və milli qürur ovqatında qarşıladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və onun rəhbərlik etdiyi böyük nümayəndə heyətinin Müstəqillik Günündə Azərbaycanda olmaları əsl qardaşlıq nümunəsini dünya birliyinə bir daha nümayiş etdirdi.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı isə dost ölkələrə və bədxahlarımıza göstərdi ki, türk dünyası ayaqdadır. Prezidentimizin vurğuladığı kimi, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paraddan, ardınca 2020-ci ilin Zəfər paradından və 2021-ci il iyunun 15-də – Milli Qurtuluş Günündə imzalanmış tarixi Şuşa Bəyannaməsindən sonra dünya mayın 28-də onu da gördü ki, Türkiyə-Azərbaycan birliyi müttəfiqlik zirvəsinə təsadüfən yüksəlməyib. Çünki bu münasibətlər etnik kök birliyi, dil və din eyniliyi, ortaq milli-mənəvi dəyərlərlə yanaşı, bütün müstəvilərdə, xüsusilə dövlət başçıları səviyyəsində səmimiyyətə, qarşılıqlı etimada və bərabərhüquqlu əməkdaşlığa söykənir. Lakin o da həqiqətdir ki, bəzən etnik və tarixi köklər də ayrı-ayrı dövlətləri qarşıdurmadan, münaqişə və müharibələrdən, qan tökülməsindən hifz edə bilmir. Təəssüf ki, yaxın coğrafiyada bu acı nümunəni də görürük.

Paytaxtımızda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Azərbaycan-Türkiyə qardaşlığının nə dərəcədə sarsılmaz və əbədi olduğunun dünyaya daha bir əyani nümayişi, qeyri-dost çevrələrə özlərini yığışdırmaq üçün növbəti ismarış oldu. Çünki bu sıradan bir olay, tədbir deyildi. Festivalda iki qardaş məmləkətin hərbi-siyasi rəhbərliklərinin ən yüksək səviyyədə təmsilçiliyi bunun bariz təsdiqi sayıla bilər. Prezidentimiz cənab İlham Əliyev və türkiyəli həmkarı Rəcib Tayyib Ərdoğanın tədbirə qatılması, iki liderin möhtəşəm çıxışları, Türk dünyasına, ümumən dünyaya ünvanlı mesajları, habelə qaliblərin təltif olunma mərasimində iştirakları festivala həm mühüm və bənzərsiz siyasi rəng qatdı, həm də silinməz möhürünü basdı. Beynəlxalq miqyasda, bizə yaxın bölgədə gedən mürəkkəb, təhlükəli proseslər fonunda bu, gerçəkdən də çox əhəmiyyətli, yerinə düşən, iki Türk dövlətinin yeni qlobal təhdid və çağırışlara qarşı ortaq birliyinin və sarsılmaz ittifaqının unikal örnəyi oldu.Bu mənada cənab İlham Əliyevin festivaldakı çıxışı tarixi hesab edilə bilər. Prezidentin iki qardaş ölkə arasında bütün sahələrdə – istər hərbi sahə olsun, istərsə də siyasi-diplomatik, iqtisadi-humanitar, yaxud mədəni-texnoloji sahələr – bütün sferalarda ikitərəfli əlaqələrin ən yüksək səviyyədə olduğunu xüsusi qabartması, “Türkiyənin artan gücü bizim gücümüz, bizim gücümüz Türkiyənin gücüdür” tezisinə diqqət çəkməsi əlbəttə ki, boşuna deyildi və təkcə daxili auditoriyaya ünvanlanmamışdı.Cənab prezidentimiz və Ərdoğanın məhz 28 Mayda – Azərbaycanın Müstəqillik Günündə, Bakıda bir araya gəlməsinin də özəl anlamı var idi. Azərbaycan liderinin vurğuladığı kimi, bu, “Bir millət – iki dövlət”in 104 il öncəki kimi şad gündə də, dar gündə də həmişə birgə olduğunun daha bir təzahürü idi.

Bu mötəbər tədbirdə ölkələrimizin qazandığı uğurlardan danışıldı, texniki nailiyyətlər nümayiş etdirildi. Vurğulandı ki, Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri əlaqələrimizin daha da möhkəmlənməsi işinə daha bir töhfə verəcəkdir. Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalı xüsusi önəm daşıyır və bu tədbiri yüksək səviyyədə olan əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirmək lazımdır. Əminik ki, iki dost və qardaş dövlət olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olan əməkdaşlıqlar bundan sonra da genişlənəcəkdir. Azərbaycan və Türkiyə qarşılarına qoyduqları bütün məqsədləri reallığa çevrilməsində öz sözlərini qətiyyətlə deyirlər. Bölgədə dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi fonunda sabitlik də möhkəmlənəcək, gələcək üçün yeni əməkdaşlıq formatlarının təməli də qoyulacaqdır.Biz buna əminik.

Torpaqlarımızın qorunması, ərazilərimizin bütöv olması yolunda canlarından keçmiş şəhidlərimizin keçdiyi döyüş yolu gənc nəsillərə örnəkdir. Bu döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Azərbaycan bu gün öz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü dövlətinə, sülh və təhlükəsizlik diyarına çevrilmişdir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024