Mobil versiya
Azərbaycan - Türkiyə əlaqələri təkcə bölgəyə deyil, bütün dünyaya nümunədir
Tarix: 02-06-2022 | Saat: 17:39
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan - Türkiyə əlaqələri təkcə bölgəyə deyil, bütün dünyaya nümunədir



Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalına son qoyduqdan sonra ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsi ənənəsinə sadiqliyini daha çox nümayiş etdirir. Bu gün işğaldan azad edilmiş Şuşa, Cıdır düzü beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilib. Bu, tarixi Qələbəmizin xalqımıza bəxş etdiyi növbəti sevincin təntənəsidir. Respublikamız daha bir əhəmiyyətli, necə deyərlər, səsli-sədalı tədbirə – “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına da ev sa­hibliyi etdi. Bakıda ilk dəfə keçirilən bu festival dünyanın diqqət mərkəzində idi. Çünki Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğanın festivalın keçirildiyi məkana gəlmələri tədbirin əhəmiyyətini daha da artırırdı. Bu, Türkiyə – Azərbaycan dost­luğunun dünyaya daha bir nümunəsi idi ki, dünya bir daha türkün gücünü görsün, yerini bilsin.

Qürurla qeyd etmək olar ki, iki dost və qardaş ölkənin kədəri də, sevinci də birdir. Biz sözdə deyil, əməldə də qardaş olan iki dövlət və iki xalqıq. Festivalda çıxış edən prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkənin dostluq və qardaşlığını əks etdirən əhəmiyyətli mesajlar səsləndirdilər. Bu tədbirin Türkiyə–Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubileyi ərəfəsində keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Möhtərəm Prezidentimiz müstəqilliyimizin bərpasının 30 illik tarixi ərzində Türkiyənin daim Azərbaycanın yanında olduğunu bildirdi: “Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə–Azərbaycan yenə də bir yerdədir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”.

Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsi zama­nı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında qətiyyətlə dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” – xəbərdarlığı ölkəmizə güc, ruh və inam verdi. Düşmən üzərindəki şanlı Qələbəmizdən sonra da dünya Azərbaycan –Türkiyə birliyinin şahidi oldu. 2021-ci ilin de­kabrında Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında bunun bir daha şahidi olduq. Həmin paradda qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçımızla çiyin-çiyinə dayanmışdı. Orada, eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirdilər. Bu, bir daha bizim birliyimi­zi, dostluğumuzu və qardaşlığımızın təntənəsi idi.

Ən əsası, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də Türkiyə Azərbaycanın yanında olduğunu açıq şəkildə nüma­yiş etdirdi. Qardaş ölkə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında, Şuşada və Cıdır düzündə keçirilən tədbirlərdə iştirakı, həmçinin müstəqillik tariximizin yaddaşına əbədi həkk olunmuş tarixi Şuşa Bəyannaməsini imzalayaraq, iki ölkənin bundan sonra da yüksələn xətlə ancaq irəliyə gedəcəyinin əyani təzahürüdür.

Prezident Rəcəb Tayyib Ərdoğan da çıxışında önəmli mesajlar verdi. Dost ölkənin başçısı Şuşa Bəyannaməsinin qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdığını vurğuladı. İki ölkə arasında enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdı: “Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq”.


Seymur Əsgərov,
YAP Göygöl rayon təşkilatı üzrə Təhsil şöbəsi ərazi partiya təşkilatının fəal üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024