Mobil versiya
Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və yaşatmağa qadirdir.
Tarix: 30-05-2022 | Saat: 12:42
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik  ənənələrini bərpa etməyə və yaşatmağa qadirdir.

XIX əsrin əvvəllərində itirilmiş dövlət müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan Azərbaycan xalqı yüz il sonra tarixi fürsətdən məharətlə yararlandı. 1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik respublika qurmaqla Azərbaycan xalqı öz dövlətçilik ənənələrini yenidən bərpa etdi. Heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın müstəqilliyə qovuşması baxımından mühüm tarixi hadisə idi.

Belə ki, 1918-ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Tiflisdə keçirilən həmin iclasda 6 maddədən ibarət İstiqlal Bəyannaməsi (Əqdnamə) qəbul edildi. Milli Şuranın 44 üzvündən 26-sının imzaladığı Dövlət müstəqilliyi haqqında Bəyannamə ilə türk-müsəlman dünyasında ilk parlamentli respublikanın əsası qoyuldu və Fətəli xan Xoyskinin sədrliyi ilə müvəqqəti hökumət formalaşdırıldı.
Məlum olduğu kimi, müstəqilliyin ilk aylarında Azərbaycan hökuməti Gəncədə yerləşmişdi. Çünki həmin dövrdə ölkənin mərkəzi başda olmaqla, ölkənin bir çox strateji məntəqələri işğal altında idi. Müstəqilliyin elanından sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun birgə hərbi əməliyyatları sayəsində cəbhəboyu erməni-bolşevik ordusu darmadağın edildi və 1918-ci il sentyabrın 15-də Bakı daşnak-bolşevik işğalından azad olundu. İki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. F.Xoyskinin müraciətinə əsasən, noyabrın 16-da Milli Şura yenidən fəaliyyətə başladı. Milli Şuranın noyabrın 19-da keçirilən iclasında Azərbaycan parlamentində ölkədə yaşayan bütün nümayəndələri təmsil olunması və qanunverici orqanın 120 nəfərdən ibarət olması qərara alındı.

1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bütün müsəlman Şərqində demokratik prinsiplər əsasında formalaşdırılmış ilk parlamentin sədri o dövrdə bütün Rusiya müsəlmanlarının lideri hesab olunan Əlimərdan bəy Topçubaşov seçildi.

Sözsüz ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə dövlətçilik tariximizdə yeni səhifə açıldı. Cümhuriyyət hökuməti və parlamenti mövcud olduqları müddətdə fəaliyyətlərini daha çox sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin ərazi bütövlüyünü təmin etməyə, vətəndaşların hüquqlarını qorumağa, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirməyə, Cümhuriyyətin dünya dövlətləri tərəfindən tanınmasına nail olmağa, xarici ölkələrlə siyasi, iqtisadi və ticarət əlaqələri yaratmağa yönəltmişdi.

Buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başlıca məqsədi onun müstəqilliyinin tanınmasına nail olmaqdan ibarət idi. Ə.M.Topçubaşovun rəhbərlik etdiyi Parisdəki Azərbaycan nümayəndə heyəti bu məqsədlə çoxtərəfli görüşlər keçirdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Bu əlamətdar hadisə ilə bağlı yanvarın 14-də bütün Azərbaycan ərazisində bayram şənlikləri və Azərbaycan parlamentinin xüsusi iclası keçirildi. Ə.M.Topçubaşov parlamentin süqutunadək Azərbaycana qayıda bilməsə də, qiyabi olaraq axıradək parlamentin sədri vəzifəsini daşıdı.

1920-ci il aprelin 8-də keçirilən parlament iclasında Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropa dövlətləri və Amerikada diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında qanun layihəsi müzakirə olundu. Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveçrə, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklərin açılması haqqında qanun qəbul edildi. Həmin dövrdə Bakıda 20-dən çox ölkənin diplomatik missiyaları fəaliyyət göstərirdi.

Lakin həmin vaxt Rusiya qoşunları Azərbaycanın şimal sərhədlərində cəmləşmiş, xarici təhlükə ilə yanaşı, aprel ayının əvvəllərindən başlanan hökumət böhranı Azərbaycanda siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb olmuşdu. Buna görə də Azərbaycan parlamenti 1920-ci il aprelin 27-də keçirilən sonuncu iclasında Rusiyanın hərbi müdaxiləsi nəticəsində fakt qarşısında qalaraq hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə qərar çıxardı. 28 aprel 1920-ci ildə süqut etsə də, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz buraxdı.

Sevindirici haldır ki, XX əsrin sonunda Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda Azərbaycan xalqı ölkənin müstəqilliyinə və suverenliyinə səs verərək, bir daha müstəqillik ideyalarına sadiqliyini göstərib.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra xalqın milli müstəqillik ideyalarının reallaşdırılması istiqamətində məqsədyönlü addımlar atılıb, Azərbaycanın dövlətçilik ənənələri bərpa edilib.

Lakin 1991-1994-cü illərdə Ermənistan havadarlarının hərbi-siyasi dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal etməsi ölkənin əsas problemi olaraq qalırdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün sürən İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi, işğalçı Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa edərək dünyaya öz qüdrətini göstərdi.

Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması zərurəti meydana çıxdı. Ona görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 oktyabr 2021-ci ildə “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nu imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə dövlət müstəqilliyimizin bərpa olunduğu nəzərə alınaraq mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, milli dövlətçilik tariximizdə silinməz izlər qoymaqla, sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və yaşatmağa qadirdir.

Müstəqilliyə 104 il əvvəl qovuşmuş Azərbaycan Respublikası bu gün dünyanın inkişaf etmiş dövlətlərindəndir. Bunu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərlik etdiyi, bu günki Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzu, gücü və qüdrəti təsdiq edir.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-03-2025