Mobil versiya
Novruzəli Aslanov: “Bu gün müzəffər Azərbaycan xalqı yeni bir tarix yazır”
Tarix: 28-05-2022 | Saat: 11:18
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Bu gün müzəffər Azərbaycan xalqı yeni bir tarix yazır”


“Müstəqillik, öz taleyinin sahibi olmaq hər bir xalq üçün ən böyük sərvətdir. Hər bir xalqın ən ümdə, həyati vəzifəsi isə bu müstəqilliyi qorumaq, əbədi yaşatmaqdır.
104 il bundan əvvəl Azərbaycan Rusiya imperiyasının müstəməlkə asılılığından çıxaraq öz müstəqilliyini elan etmiş, milli dövlətçilik yolunda ilk addımlarını atmışdır. Lakin o dövrün reallıqları Azərbaycan Xalq Cümhuriyyətinin uzun müddət yaşamasına imkan vermədi. Cəmi iki il mövcudluğu dövründə AXC imperialist qüvvələrin və bolşevik-daşnak təcavüzkarlarının Azərbaycana qarşı apardığı siyasət nəticəsində süquta uğradı. Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışı zamanı qeyd etdiyi kimi “Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Bu faktı unutmaq olmaz. Bizim qədim diyarımız bizdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi”.

AXC-nin süqutundan sonra da ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək üçün müxtəlif hiylələrə əl atır, zaman-zaman müxtəlif bəhanələrlə və təbii ki, imperiya rəhbərliyindəki havadarlarının əli ilə buna nail olurdular. Bunun nəticəsi olaraq Naxçıvan ölkənin əsas hissəsindən aralı düşmüş oldu.

İkinci dəfə-1991-ci ildə yenidən müstəqilliyini qazanan Azərbaycan yenidən eyni aqibətlə üzləşmiş oldu”.
Bunları mətbuata açıqlamasında millət vəkili Novruzəli Aslanov söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “müstəqilliyin ilk illərində iqtisadiyyat böhrana uğramış, vətəndaşların güzəranı kəskin pisləşmiş, siyasi sistem iflic olmuşdur.

Hakimiyyətə yaxın qanunsuz silahlı dəstələr arasında mübarizə daha da kəskinləşmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdır. Digər tərəfdən, Ermənistan ölkəmizdə mövcud olan siyasi və hakimiyyət böhranından, idarəsizlik və qarmaqarışıqlıqdan istifadə edərək, Azərbaycan torpaqlarının işğalını genişləndirmiş, bir milyondan çox soydaşımız qaçqın və köçkün vəziyyətinə salınmışdır. Beləliklə, müstəqil Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasının ikinci ilində faktiki olaraq əsrin əvvəllərində Xalq Cümhuriyyətinin yaşadığı taleyi yaşamaq təhlükəsi ilə qarşılaşmışdır.1993-cü ildə Azərbaycan dövlətçiliyi ən ağır sınaqlarla qarşı-qarşıya qalanda yenə də xilaskarlıq missiyası Heydər Əliyevin üzərinə düşmüşdür. Heydər Əliyev kimi bütün mənalı ömrünü öz xalqına həsr edən nəhəng dövlət xadimi Azərbaycan xalqının çağırışına və təkidli tələbinə, ölkəmizin üzləşdiyi ağır vəziyyətə laqeyd qala bilməzdi. O, Vətənin ağır günündə yenə də məsuliyyəti öz üzərinə götürmüş, müqəddəs xilaskarlıq missiyasını böyük məharətlə yerinə yetirmişdir. 15 İyunun Azərbaycan dövlətçilik tarixində Qurtuluş günü kimi öz yerini alması məhz bu gerçəkliklərdən irəli gəlir. Ulu Öndər Heydər Əliyev xalqını xilas etmiş, dövlətini xaos, anarxiya, böhrandan inkişaf relsləri üzərinə çıxarmışdır.
2003-cü ildə ali kürsüdə fəaliyyətə başlayarkən "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir" deyərək, ölkəmizin gələcək inkişaf yolunu aydın ifadə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Heydər Əliyevin yaratdığı möhkəm təməllər üzərində, Ulu Öndərin müəyyənləşdirdiyi yolla uğurla inkişaf edir.
Bu inkişafın və tərəqqinin nəticəsi olaraq Azərbaycan 44 günlük müharibədə qalib gələrək öz ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Bir daha sübut olundu ki, ermənilərdən fərqli olaraq biz dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik. İndi gündəliyi Azərbaycan diktə edir. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür.
Daim işğalçılıq, qisasçılıq mövqeyində olan, qonşu dövlətlərlə münaqişəni həyat idealına çevirən və imperialist qüvvələrin əlində oyuncaq olan Ermənistanın acınacaqlı vəziyyəti göz qabağındadır, bu vəziyyət onların işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz.

Zəngilanın Ağalı kəndində çıxışında cənab Prezident qeyd etdi ki, “Əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır.

Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir. İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Ancaq Azərbaycan tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur”.

Millət vəkili əlavə etmişdir ki, “beynəlxalq hüququn işləmədiyi indiki dövrdə güc amilinin önə çıxması, güc amilinin hökmranlıq etməsi bizi güc toplamağa, hərbi qüdrətimizi artırmağa məcbur edir. Təbiidir ki, bu proses uzunmüddətli olacaqdır. İndiki şəraitdə görünən odur ki, Azərbaycan öz müdrik, diplomatik gedişləri ilə hamını təəccübləndirən rəhbərinin apardığı siyasət sayəsində bu məsələni də müsbət yöndə həll edəcəkdir. Buna bizim iqtisadi potensialımız və siyasi iradəmiz yetəcəkdir.
Artıq bütün dünya görür və bilir Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır. Qarabağda aparılan bərpa və quruculuq işləri, həyata keçirilən yeni layihələr, siyasi müstəvidə qazanılan uğurlar, millətin birliyi bu yolun dönməzliyini sübut edir.

Bu gün Qarabağa- doğma ev-eşiyə “Böyük qayıdış” başlayıb. Bərpa-quruculuq işləri surətlə davam edir. Zəngilanın Ağalı kəndində icra edilən birinci pilot layihə nəticəsində 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.

Bütün bunlar Qarabağın əsil sahiblərinin kim olduğunu bir daha təsdiqləyir”.

Millət vəkli daha sonra qeyd etmişdir ki, “indi qarşımızda bir sıra məsələlər dayanır. İlk öncə Zəngəzur dəhlizinin açılması, sərhədlərin demilitasiyası və demarkasiyası önəmli məsələdir. Bu məsələlər artıq öz həllini tapmaq üzrədir. Cənab Prezidentin çıxışında deyildiyi kimi“. Sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir”.
104 il bundan əvvəl Şərqdə ilk Cümhuriyyət bayrağı qaldıranların arzuları vətəni azad, dövləti qüdrətli görmək, yurdun hər qarışına sahib olmaq, bütöv görmək idi... Bu gün şəhid qanı ilə suvarılmış Qarabağda Azərbaycan bayrağı daha əzəmətlə, daha qürurla dalğalanır.

Azərbaycan bu gün öz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü dövlətinə, sülh və təhlükəsizlik diyarına çevrilmişdir.

44 gün ərzində həm ərazi bütövlüyünü bərpa edən, həm ədaləti bərpa edən, həm də milli ləyaqətini bərpa edən müzəffər Azərbaycan xalqı yeni bir tarix yazır”.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024