AZ RU Mobil versiya
Azərbaycan-Litva münasibətləri dinamik inkişaf edir
Tarix: 24-05-2022 | Saat: 16:54
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycan-Litva  münasibətləri dinamik inkişaf  edir

Azərbaycanın ikitərəfli münasibətlərinin dinamik inkişaf etdiyi ölkələr sırasında Litva hər zaman xüsusi yer tutub. Qeyd edək ki, hələ Xalq Cümhuriyyəti dövründə Bakıda konsul Vintsas Kreve-Mitskəviçyus rəhbərlik etdiyi Litva nümayəndəliyi fəaliyyət göstərib. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olan Litva ilə respublikamız arasında diplomatik münasibətlər 1995-ci il noyabr ayının 27-də qurulub, 2007-ci ildə isə hər iki ölkədə səfirliklər açılıb. Ötən müddətdə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında imzalanan bir sıra mühüm sənədlər əlaqələrin dinamikliyini şərtləndirib.

Yeri gəlmişkən, mayın 18-də iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq üzrə Bəyannamə isə mövcud əməkdaşlığın bundan sonrakı inkişaf mərhələsində mühüm rol oynayacağına əminlik yaradıb. Azərbaycanda rəsmi səfərdə olan Litva lideri Gitanas Nauseda Prezident İlham Əliyevlə həmin gün ikitərəfli əlaqələri və qarşılıqlı əməkdaşlığı özündə əks etdirən Azərbaycan–Litva biznes forumunda çıxışı zamanı ölkəsinin uzun illər respublikamızla uğurla həyata keçirilən strateji tərəfdaşlığı yüksək dəyərləndirib və gələcəkdə də bu istiqamətin diqqət mərkəzində saxlanılacağını xüsusi vurğulayıb. Gitanas Nauseda daha sonra adları çəkilən dövlətlərin mövcud iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensiala malik olduqlarını bildirib. Məhz elə bunun bariz nümunəsidir ki, biznes-forumu zamanı Azərbaycan və Litvanın dövlət və özəl sektoru nümayəndələri tərəfindən ticarət, texnologiya, rəqəmsallaşma, nəqliyyat və logistika, innovasiyalar, kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığın genişləndirilməsinə dair 7 memorandum imzalanıb.

Onu da qeyd edək ki, bu gün dünya bazarında Azərbaycanın Avropa ilə Asiya arasında ən mühüm həlqələrdən biri kimi rolu getdikcə güclənir və bu, xüsusi əhəmiyyət daşıyır. Dövlətimiz bu qüdrəti ilə Litva üçün cəlbedici ticarət tərəfdaşına çevirilir və hər iki tərəfin biznes sisteminin inkişafı üçün geniş imkanlar yaradır. Yeddi azad iqtisadi zonaya, Avropanın ən inkişaf etmiş rəqəmsal infrastrukturlarından birinə, qabaqcıl nəqliyyat və logistika, həmçinin iri və şaxələndirilmiş kənd təsərrüfatı sektorlarına sahib Litva Azərbaycan ilə enerji sahəsində də qarşılıqlı önəm daşıyan əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş kimi gördüklərini, bu səbəbdən əməkdaşlığın səmərəliliyinin artırılmasında maraqlı olduqlarını bildirən Litva Prezidenti ölkəmizin təkcə Cənubi Qafqazda deyil, Avropada da güclü nufuza sahib olduğunu bildirib. Çünki Azərbaycan sülhün təmin olunmasında, təhlükəsizliyin və sabitliyin qorunub-saxlanmasında hər zaman əhəmiyyətli rol oynayıb. Azərbaycanın, həmçinin beynəlxalq logistikaya verdiyi töhfələr kontekstində mühüm nəqliyyat layihələrini reallaşdırması, regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyini gücləndirməsi Litva üçün qarşılıqlı əməkdaşlıq baxımından yeni imkanlar açır. Elə bu səbəbdəndir ki, Litva Asiyadan Avropaya mövcud marşrutlara alternativ ola biləcək Avropa-Qafqaz-Asiya dəmiryolu nəqliyyat dəhlizi layihəsinə xüsusi diqqət yetirir.

Ən əsası, bütün bunlar Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin inkişafının diqqət mərkəzində saxlanıdığını göstərir. Hər iki ölkə sıx əlaqələrin inkişafında maraqlı olduqlarını daim nümayiş etdirir. Son illərdə Azərbaycan – Litva siyasi, iqtisadi və mədəni əməkdaşlığı uğurla gerçəkləşir və bu, özünü nəzərəçarpacaq dərəcədə büruzə verir.

Ceyhun Qasımov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl şəhər İcra
nümayəndəliyi ərazi partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi

7270 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-06-2022