Mobil versiya
Malik Mirzəyev: “Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə münasibəti onun yaradıcısı olduğu azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir”
Tarix: 10-05-2022 | Saat: 13:45
Bölmə:Siyasət | çapa göndər

Malik Mirzəyev: “Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə münasibəti onun yaradıcısı olduğu azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir”

Birmənalı olaraq demək lazımdır ki, ötən əsrin son otuz ili Azərbaycan tarixində xüsusi yer tutan, fərqli bir dövrdür. Bu dövrü fərqləndirən mühüm cəhətlərdən biri Azərbaycanda Heydər Əliyev kimi dünya şöhrətli dövlət başçısı və siyasi xadimin siyasi arenaya çıxması və respublikaya rəhbərlik etməsi ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin həyat yolu olduqca zəngin, mənalı və bacarıqlı siyasi lider, qüdrətli tarixi şəxsiyyət kimi yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunə məktəbidir. Heydər Əliyevi rəhbər kimi başqalarından fərqləndirən mühüm bir keyfiyyət ondan ibarətdir ki, o, iki siyasi sistemdə Azərbaycana rəhbərlik etmiş və hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun olaraq özünün bütün fəaliyyətini Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi-mədəni inkişafına həsr etmişdir. Heydər Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixidir. Onun həyat və fəaliyyətinin xronologiyası böyük bir tarixi dövrün parlaq səhifəsini təşkil edir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi inkişafında yüksəliş, tərəqqi meylləri ilə fərqlənir. Ulu öndər Azərbaycan tarixində yeganə rəhbərdir ki, keçmiş SSRİ kimi super dövlətin siyasi rəhbərlik zirvəsinə yüksəlmiş və dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında öz layiqli yerini tutmuşdur.

Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində fundamental səciyyəli tədbirlər görməyə başladı. Sənayenin inkişafı, ona qədər qeyri-qənaətbəxş səviyyədə və vəziyyətdə olan iqtisadiyyatın yenidən dirçəldilməsi yönündə, məhz ulu öndərin rəhbərliyi altında mühüm addımlar atılmaqla digər sahələrin inkişafına geniş şərait yaradıldı. Bu tədbirlərin fonunda isə ümummilli inkişafın təmin edilməsi naminə strateji quruculuq prosesinə başlanıldı. Heç şübhəsiz, bu proses çərçivəsində milli ideologiyanın yüksəlişi və s. bu kimi təməl xarakterli məsələlər xüsusi diqqət mərkəzində dururdu. Ümummilli lider Heydər Əliyevin sistematik səyləri və yorulmaz fəaliyyəti nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin sovet Azərbaycanında dövlət dili statusu təsbit olundu. Bundan sonra milli dəyərlərimizin təbliği və ideoloji əsasların gücləndirilməsi yönündə atılan addımlar ardıcıllıqla davam etdirildi.

Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində müstəqillikdən sonra da dövlət quruculuğu sahəsində fundamental addımlar atıldı. Lakin bundan öncə ümummilli lider yeni əldə olunmuş müstəqilliyimizi qorudu, dövlətimizi yox olmaq təhlükəsindən qurtardı.

1993-cü ilin yayında ölkədə faktiki olaraq vətəndaş müharibəsi başlamışdı. Eyni zamanda da ölkədə xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi, ümummilli lider Heydər Əliyevin ətrafında toplaşırdı. Xalqın nümayəndələri, qabaqcıl ziyalılar dəfələrlə Naxçıvana gedib ulu öndərin yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.Bu arada isə respublikanın səriştəsiz siyasi rəhbərliyi ölkəni parçalanmaq həddinə çatdırmışdı. Bu təhlükəli məqamda ulu öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün siyasi manevrlər etdi. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. Xalq öz dahi rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşməyə başladı. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir daha nümayiş etdirdi.


Mürəkkəb siyasi problemlər məngənəsində olan ölkəmizdə ulu öndərin praqmatik və rasional strateji siyasi kursu sayəsində sabitlik əldə edildi. İmperialist qüvvələrin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən daxildəki avantürist subyektlərin bölücü fəaliyyəti neytrallaşdırıldı və ölkədaxili stabillik təmin edildi.

Ulu öndər iqtisadiyyatın dirçəldilməsini başlıca prinsiplərdən biri kimi müəyyənləşdirdi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” - deyən ümummilli lider dəfələrlə vurğulayıb ki, hər bir dövlətin siyasi, hərbi gücünün əsasında möhkəm təməl üzərində qurulan iqtisadiyyat dayanır. Məhz ulu öndərin əsasını qoyduğu müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyası ilə ölkəmiz firavan gələcəyə doğru aparan yola qədəm qoydu. Ümummilli liderin həyata keçirdiyi iqtisadi tədbirlər yenicə müstəqillik əldə etmiş və müharibə şəraitində yaşayan bir ölkə olan Azərbaycana beynəlxalq aləmdə etibar qazandırdı. Həyata keçirilən məqsədyönlü siyasət əksər iri beynəlxalq şirkətlərin, xarici investorların diqqətini ölkəmizə yönəltdi. Ulu öndərin gərgin əməyinin və möhkəm iradəsinin bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın bir müstəqil dövlət kimi beynəlxalq arenadakı mövqeyini möhkəmləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması gələcəyə hesablanmış uzaqgörən siyasətin nəticəsi oldu.

Beləliklə, dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri quran Azərbaycan iqtisadiyyatı sürətlə dünya iqtisadiyyatına inteqrasiya olmağa başladı. Ulu öndərin imzaladığı çoxsaylı fərman və sərəncamlarla ölkə daxilində fundamental iqtisadi islahatlar həyata keçirildi. Məhz bu dövrdə reallaşdırılan geniş iqtisadi layihələr, qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində iqtisadi tənəzzülün qarşısı alındı, qısa müddətdən sonra isə inkişaf göstəriciləri qeydə alındı. Azad bazar iqtisadiyyatına uğurlu keçid sayəsində ölkədə orta və kiçik sahibkarlıq sürətlə inkişaf etməyə başladı. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyası Azərbaycanın bir dövlət kimi öz ayaqları üzərində sərbəst inkişafını təmin etdi və artıq bir müddət sonra Azərbaycan regionun lider dövlətinə çevrildi.

Heydər Əliyev siyasi kursunun Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq uğurla davam etdirilməsi sayəsində bu gün Azərbaycan artıq bütün Avrasiya məkanında nüfuzlu, etibarlı və əhəmiyyətli tərəfdaşa çevrilib. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin ən əhəmiyyətli tranzit nöqtəsidir. Həmçinin ölkəmiz hazırda Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından böyük rol oynayır. Lakin ən önəmlisi budur ki, Azərbaycan Ali Baş Komandan cənab İlham Əlitevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi sayəsində 30 ilə yaxın müddət davam edən işğala son qoydu və özünün ərazi bütövlüyünü təmin etdi. Məhz bu şanlı Qələbə müasir dövrdə Heydər Əliyev siyasi kursunun ən böyük təntənəsi kimi qeyd olunmalıdır.

Malik Mirzəyev,
Xocavənd Rayon Suvarma Sistemləri İdarəsinin rəisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024