AZ RU Mobil versiya
Əməkdar jurnalist: "Xilaskar olmaq lazımdır, müşahidəçi yox"
Tarix: 12-05-2022 | Saat: 16:14
Bölmə:Cəmiyyət | çapa göndər

Əməkdar jurnalist:

Bir neçə gündür baş verən intihar hadisələrinə artıq "son dövrlər" ifadəsini əlavə edə bilmirik. Çünki intiharlar cəmiyyətimiz üçün bir növ çıxış vasitəsinə çevrilib. Acınacaqlı tərəfi isə artıq bu informasiyalara sıradan hal kimi öyrəşməyimizdir.

İntihar edənlərin yaşları müxtəlif olduğu kimi səbəbləri də müxtəlifdir. Ancaq bizi nəticə olaraq, intihara qədər aparan yol cəmiyyətdən və əksər hallarda doğmalarımızdan keçir. O zaman cəmiyyət sayılan bizlər necə davranmalıyıq? Övladlarımızı, özümüzü bu bəladan necə sığortalayaq?

"Cəmiyyəti müşahidəçi missiyasından çıxarmaq lazımdır"- deyə bu günlərdə baş verən intihar hadisəsi ilə bağlı Olaylar.az-a açıqlamasında əməkdar jurnalist Mətanət Ağamirli bildirib.

Son 10-15 ildə intihar hadisələrinin artan xətt üzrə getdiyini və bu problemin öhdəsindən yalnız cəmiyyət olaraq gələ biləcəyimizi qeyd edən müsahibimiz intihara gətirən səbəblərdən danışıb: " Bir yandan ailədaxili atmosfer, valideynin, müəllimin laqeydliyi, təzyiqi, bir yandan da mənfi stereotipləri ilə həyatımıza daxil olan internet resursları gözə görünməyən şəkildə faciələrə yol açır. Yanılmıramsa Həzrət Əlinin belə bir kəlamı var: "Bir məmləktdə bir nəfər acından ölürsə bütün əhli-məmləkət qatildir". Bu kəlam günümüzlə səsləşir. Valideynlər, məktəblər, məktəblilər üçün çalışan psixoloqlar, müəllimlər hara baxırlar, nə iş görürlər?" - deyə sual ünvanlayıb. Ən böyük məsuliyyətin bağçaların, məktəblərin, müəllimlərin üzərində olduğunu vurğulayan Əməkdar jurnalist sadəcə müəllimləri qınamağın da tərəfdarı deyil: "Məktəblərdə olan təhsil mühiti, psixoloji aura nə qədər normaldır? Əgər normal deyilsə səbəblər nədir? Müəllimlərin problemləri, qayğıları nədir ki, şagirdlərlə yetərincə, hərtərəfli məşğul ola bilmirlər? Əgər müəllimlərin, məktəb psixoloqlarının savadı, biliyi, hazırlığı yetərincə deyilsə, ümumiyyətlə şagirdlərlə ciddi məşğul olmurlarsa, bunun məsuliyyətini kim daşıyır və s. Deməli, daha başqa səbəblər var. Bu səbəblər niyə araşdırılmır, niyə yoluna qoyulmur?"

Müsahibimizin fikrincə, yeniyetmə imtahanda zəif nəticə göstərdiyi üçün intihar edirsə, cəmiyyət ciddi düşünməlidir: "Çox təəssüf ki, intiharlar artıq çıxış yoluna çevrilir. Hesab edirəm ki, buna qarşı mübarizəyə bütün cəmiyyət səfərbər olmalıdır. Ölkəmizdə çoxlu sayda QHT-lər, saysız-hesabsız media vasitələri, ailə, uşaq məsələləri ilə bağlı qurumlar, institutlar, yerli icra orqanları, qanunvericilik orqanları, müxtəlif əlaqədar təşkilatlar fəaliyyət göstərir. Bu qədər təşkilatın düzənli, məqsədyönlü fəaliyyəti intihar probleminə son qoya bilməzmi? Əlbəttə edə bilər! Sadəcə məqsədyönlü və ümumi mənafedən birgə fəaliyyət göstərmək lazımdır.
Bir-iki ay fasilə ilə bir gəncimizin intihar etdiyi xəbərini oxuyuruq və görünən bu ki, unuduruq. Əgər bu hal təkrarlanırsa , deməli, biz sadəcə müşahidəçi qismindəyik.

Unuduruq ki, xilaskar olmaq lazımdır, müşahidəçi yox. Cəmiyyəti müşahidəçi missiyasından çıxarmaq lazımdır. Əslində cəmiyyət özü-özünü içindən yeniləməli, özünü saf-çürük etməlidir. Bu prosesdə özünü ziyalı sayan hər kəs öndə olmalıdır. Başqasından təklif, təşəbbüs gözləmək zamanı deyil. Hər bir insan özü ilə bərabər, yaxın ətrafını düşünməlidir. Dalai Lamanın sözü ilə desək, indi bu dünyanın daha uğurlu insandan çox, daha çox sevgi dolu insanlara ehtiyacı var. İnsanlığı, insanları sevməsək, cəmiyyət inkişaf etməyəcək, bu halda isə kimsə və ya heç bir qanun cəmiyyəti xilas edə bilməyəcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

597 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-05-2022