Mobil versiya
Yeni Azərbaycan Partiyası Heydər Əliyev müdrikliyinin, gücünün, şəxsiyyətinin məhsuludur
Tarix: 11-05-2022 | Saat: 13:29
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyası Heydər Əliyev müdrikliyinin, gücünün, şəxsiyyətinin məhsuludur



Ölkəmizin hər yerində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə silsilə tədbirlər keçirildi. Mətbuatda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə Ulu Öndərimizin zəngin həyat və fəaliyyətindən, misilsiz xidmətlərindən geniş bəhs edildi. Dünya şöhrətli siyasi xadimin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində dövlət quruculuğunda əldə olunan uğurlar, qazanılan nailiyyətlər bir daha geniş təhlil edildi. Onun illərlə toplanmış böyük dövlətçilik təcrübəsi, siyasi müdrikliyi, qətiyyətli iradəsi, ölkəmizin hərtərəfli inkişafını əhatə eləyən ideya – siyasi baxışlarına dair elmi – praktik konfranslar keçirildi. Çoxsaylı tədbirlər bir daha təsdiqlədi ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bütün zamanlar üçün aktuallıq kəsb edir.

Ulu Öndərimizin tarixi xidmətlərindən biri də Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, azad vətəndaş cəmiyyəti qurmaq məqsədilə ölkə vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirmək üçün Yeni Azərbaycan Partiyasını yaratmaq oldu. Partiyamız yarandığı gündən insanları müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birləşdirməyə nail oldu. Xalqımızın Heydər Əliyevə olan dərin inamı və etimadı nəticəsində Partiyanın sıraları genişlənərək qısa bir müddət ərzində ümumxalq partiyasına çevrildi. 30 il ərzində ən çətin sınaqlardan qələbələrlə çıxmış Heydər Əliyev Partiyası olan Yeni Azərbaycan Partiyasının tarixi əslində müstəqil Azərbaycan dövlətinin tarixini əks etdirir. Yeni Azərbaycan
Partiyasının yaranması isə Heydər Əliyev fenomeninin bütün xalq tərəfindən birmənalı və qətiyyətli etirafıdır. Partiyamızın yaranması bir tərəfdən tarixi zərurət idisə, digər tərəfdən Heydər Əliyev müdrikliyinin, gücünün, şəxsiyyətinin məhsuludur.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan siyasilərin səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın Dağlıq Qarabağda apardığı işğal siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Belə bir zamanda cəmiyyətin sağlam nəzərləri Naxçıvana dikilmişdi. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, Onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün qruplarını əhatə edirdi. Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını və bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Ümummilli lider Heydər Əliyev onlara 24 oktyabr 1992ci il tarixli cavab mək-tubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Ziyalılar Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu bildirirdilər: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ziyalıların müraciətinə cavabında isə Ulu öndər vurğulayırdı: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

1992-ci ildə partiyanın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilmədi. Bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu partiyanın xilaskar bir missiya üçün yarandığını duyur və Yeni Azərbay-can Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin dövrü Ulu öndər belə xatırlayırdı: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir...Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

Xalqın Ulu Öndər Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də Yeni Azərbaycan Partiyasının öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.

Ötən müddət ərzində bu partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edib.

Memarı Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində bütün sınaqlardan şərəflə çıxmış, böyük siyasi qüvvəyə çevrilmişdir. Ölkəmiz kimi Partiyamız da bu gün Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edir, bir – birindən əhəmiyyətli uğurlara imza atır. İnanırıq ki, müstəqil Azərbaycanımızın xoş, firavan gələcəyi naminə hələ Yeni Azərbaycan Partiyası daha yüksək zirvələr fəth edəcək, müstəqil respublikamızın qüdrətlənməsi naminə öz töhvəsini verəcəkdir.

Şəhadət Abbasov
YAP Qazax rayon təşkilatının partiya fəalı
aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024