Mobil versiya
Pərviz Bayramov: Azərbaycan dilini sevməyi Heydər Əliyevdən öyrənmişik
Tarix: 22-04-2022 | Saat: 15:25
Bölmə:Ölkə | çapa göndər

Pərviz Bayramov: Azərbaycan dilini sevməyi Heydər Əliyevdən öyrənmişik

 Tez-tez işlətdiyimiz «ana dili milli sərvətimiz, kimliyimizin daşıyıcısı, varlığımızın təsdiqidir» deyirik. Çünki dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Çünki xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Hər bir xalqın mövcudluğu onun dili ilə ölçülür. K.Uşinski demişdir: “Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar”

Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də verdi. Bunlarla kifayətlənməyən Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi.

Məhz onun təkidli tələbi ilə Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddə daxil edilmişdir. Moskvadan göstərilən təzyiqlərə baxmayaraq o zaman Azərbaycan dili üzrə ali məktəb dərsliyinə Respublika Dövlət Mükafatının verilməsi də Ulu Öndərin ana dilimizə tükənməz sevgisinin, ehtiramının və diqqətinin möhtəşəm ifadəsi kimi böyük dəyərə malikdir.
Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr-11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə digər çoxsaylı tədbirlər həyata keçirdi. Ulu Öndərin 18 iyun 2001-ci ildə imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də ulu öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı "Azərbaycan Respublikasının dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün   lazımi şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.
Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Ölkə rəhbərinin hələ 18 il öncə, 2004-cü il yanvarın 12-də "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamı əlifba ilə bağlı problemləri aradan qaldırdı. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

Ulu Öndərin Azərbaycan dilinə sevgisi və sayğısı bütöv nəsillər üçün örnək olaraq min illər boyu dilimzin inkişafında mühüm rol oynayacaqdır. Biz bu dilə sevgini ondan öyrəndik və onun ideallarını da yaşatmaq bizim borcumuzdur.

Pərviz Bayramov,
YAP Gədəbəy Rayon Təşkilatı
Mədəniyyət Ərazi Partiya Təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024