Mobil versiya
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi şanlı Qələbəmizin təntənəsidir
Tarix: 20-04-2022 | Saat: 09:57
Bölmə:Siyasət | çapa göndər

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi şanlı Qələbəmizin təntənəsidir

Dünya ictimaiyyətinin diqqəti yenidən Qarabağın tacı hesab edilən Şuşaya yönəlib. Bu dəfə dünya azərbaycanlılarının nümayəndələri Şuşaya toplaşacaq və V qurultaylarını Azərbaycanın bu qədim şəhərində keçirəcəklər. Bu möhtəşəm tədbir “Şuşa ili” ilə bağlı Tədbirlər Planının növbəti mərhələsidir. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Xatırladım ki, tədbirlər planında, həm də yerli və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Konsert, festival və media-turlarin təşkili ilə yanaşı, Şuşanın daha yaxşı tanıdılması üçün filmlərin çəkilməsi, beynəlxalq əhəmiyyətli tədbirlər planda öz əksini tapıb. “Xarıbülbül” beynəlxalq musiqi festivalının, Vaqif Poeziya Günlərinin, eləcə də, digər tədbirlərin təşkili böyük maraqla izlənilib.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Hüquq müdafiəçisi Şuşada beynəlxalq miqyaslı tədbirlərin keçirilməsini yüksək qiymətləndirib və deyib ki, belə tədbirlərin iştirakçıları ermənilərin törətdikləri vəhşiliklər, eləcə də, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, bərpa-quruculuq işləri ilə yaxından tanış olurlar. Ç.Qənizadə bu il martın 18-də Şuşa şəhərində keçirilən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantını xatırladıb. O, vurğulayıb ki, tədbirdə respublikamızın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, o cümlədən təşkilatın Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər: “Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etmək olub. Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır”.

Ç.Qənizadə qeyd edib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, hazırda bölgənin bərpa-quruculuq, tərəqqi, qələbə simvoludur. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Dünya Azərbaycanlarının V Qurultayının Şuşada keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini yenidən Azərbaycanın bu qədim diyarına yönəltdi.

Hüquq müdafiəçisi bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük tarixi hadisədir. İki il əvvələ qədər biz bunu yalnız arzulaya və xəyal edə bilərdik. Bu gün isə bu, xəyal yox, reallıqdır. Bu hadisə hər bir azərbaycanlıda qürur hissi yaradıb. Otuz ilə yaxın müddətdə Qarabağın tacına-Şuşaya həsrətlə baxırdıq. Ancaq hər birimizin qəlbində torpaqlarımızın işğaldan azad olunacağına inam var idi.

Komitə sədri deyib ki, ölkəmizin dünya birliyində getdikcə artan reytinqi, ordu quruculuğunun inkişafına verilən xüsusi önəm və uğurlu xarici siyasət bu inamı gerçəkliyə doğru addım-addım yaxınlaşdırırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız, o cümlədən Şuşa işğaldan azad edildi. Bu sevinci xalqımıza yaşatdığı üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza, şəhidlərimizə və qazilərimizə hər zaman minnətdar olacağıq.

Ç.Qənizadə vurğulayıb ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub, 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı olacaq. Şuşa, həm də beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir: “Azərbaycan yenidən böyük bir tədbir qarşısındadır. İşğaldan azad olunmuş Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçiriləcək. Artıq bu böyük tədbirin təşkili ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir. Diasporla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək. Dünya ölkələrində Azərbaycan diasporunun formalaşması prosesində, dünya azərbaycanlılarının təşkilatlanmasında, ümumiyyətlə, diaspor quruculuğunda ümummilli lider Heydər Əliyev böyük rol oynayıb”.

Hüquq müdafiəçisi diaspor quruculuğunun daim Prezident İlham Əliyevin də diqqət mərkəzində saxlanıldığını bildirib. Deyib ki, dövlət başçımız çıxışlarında, eləcə də Dünya Azərbaycanlılarının qurultaylarında diaspor təşkilatları, onların fəaliyyətinin əsas istiqamətləri ilə bağlı baxışlarını ifadə edib. Diaspor təşkilatlarımızın Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində müsbət addımlarını vurğulayan komitə sədri deyib ki, Vətən müharibəsi dövründə bu təşkilatlar dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçirib. Aksiyalarda, ümumilikdə, 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak ediblər. Bununla yanaşı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olunub. Bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır.

Ç. Qənizadə Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin böyük tarixi əhəmiyyət və rəmzi məna daşıdığını bildirib. O, qeyd edib ki, bu tarixi fürsəti bizə, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, uzaqğörən siyasəti və milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi nəsib edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024