Mobil versiya
Deputat: Dünya Azərbaycanlılarının V Qurultayı milli həmrəylik və birlik ideyasının reallaşdırılması işinə də öz töhfəsini verəcək
Tarix: 19-04-2022 | Saat: 16:13
Bölmə:Siyasət | çapa göndər

Deputat: Dünya Azərbaycanlılarının V Qurultayı milli həmrəylik və birlik ideyasının reallaşdırılması işinə də öz töhfəsini verəcək

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla mütləq görüşürdü. Bu, adətən onun səfər proqramının tərkib hissəsini təşkil edirdi. Vətəndən uzaqda yaşayan azərbaycanlılarla görüşərkən Ulu Öndər onların problemləri ilə maraqlanır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində onlara tapşırıq və tövsiyələrini verirdi.

Ümummilli Lider 2001-ci il mayın 23-də “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncamın imzalanması dünya azərbaycanlılarının təşkilatlanması işinə çox mühüm töhfə oldu. Sərəncama əsasən, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Həmin qurultayda 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak etdi. Ulu Öndər qurultayda geniş nitq söyləyərək dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsinin, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsinin, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsinin zəruriliyi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi barədə dəyərli fikirlərini bildirdi. I Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası (103 nəfərdən ibarət) yaradıldı, İdarə Heyəti (23 nəfər) seçildi, həmçinin 5 mühüm sənəd qəbul edildi. Bütün bunlar sübut edir ki, dünya azərbaycanlılarının təşkilatlanması və diaspor quruculuğu məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.

C.Osmanov diqqətə çatdırıb ki, diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin etmək məqsədilə 2002-ci il iyulun 5-də verilən Fərmanla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədəki mövcud problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində cəmləşdirməyə imkan verdi.

Deputat vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hər bir sahədə siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin bu istiqamətdə xidmətləri danılmazdır. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən, dünya azərbaycanlılarının 2006-cı il martın 16-da II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə lV qurultayları keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev qurultayların hər birində geniş nitqlə çıxış edərək, dünya azərbaycanlılarının davamlı olaraq təşkilatlanması və diaspor fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması ilə əlaqədar mühüm tapşırıq və tövsiyələrini verib.

“Dünya azərbaycanlılarının qurultaylarında Azərbaycan həqiqətlərini özündə əks etdirən bir çox mühüm qərar və müraciətlər qəbul olunub, Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün bir sıra vəzifələr müəyyənləşdirilib. Həyata keçiriləcək tədbirlər və görüləcək işlər isə dövlətimizin başçısının Sərəncamı ilə 2008-ci il noyabrın 19-da adı dəyişdirilərək fəaliyyəti təkmilləşdirilən Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən koordinasiya olunub. 2018-ci ildə yeni Strateji Yol Xəritəsinin işlənib hazırlanması və icrası nəticəsində bu sahədə bir çox uğurlara imza atılıb. Yol xəritəsinə uyğun olaraq diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişafı əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası və 12 ölkədə 18 Azərbaycan Evi yaradılıb ki, bu da həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir”, - deyə C.Osmanov qeyd edib.

“Dünyada yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor fəaliyyətinin genişləndirilməsi işinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da çox mühüm töhfələr verir”, - deyən deputat bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olunub və hazırda həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq həmin məktəblərdə ana dilində təhsil alır.

Onun sözlərinə görə, dünya azərbaycanlıların təşkilatlanması və diaspor fəaliyyətinin dövlət tərəfindən davamlı olaraq nəzarətdə saxlanılması, bu istiqamətdə lazımi işlərin həyata keçirilməsi Vətən müharibəsi dövründə uğurlu nəticəsini verib. Belə ki, Vətən müharibəsi dövründə diaspor təşkilatları dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirib, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak ediblər. Bundan əlavə, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı tərəfindən müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərilib.

“Dünya Azərbaycanlılarının V Qurultayı artıq ərazi bütövlüyü təmin edilmiş Azərbaycanda, özü də ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçiriləcək. Bu tədbirin Şuşada keçirilməsinin çox böyük tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Dünya azərbaycanlıları V Qurultayda bütün dünyaya bir daha nümayiş etdirəcəklər ki, haqq-ədalət öz yerini tapıb və Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu reallığı isə Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti mümkün edib. Şuşa şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı, həmçinin xaricdə yaşayan soydaşlarımızın, mövcud təşkilatların fəaliyyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılması işinə də öz gələcək töhfəsini verəcək”, - deyə Cavid Osmanov fikirlərini yekunlaşdırıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024